Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3190/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Məmmədov Rizvan Əli oğlunun (Bakı şəhərihndə qeydiyyatdadır, ixtisası hərbçi, Müdafiə Sənayesi Nazirliyində işləyir) iştirakı ilə, iddiaçı Məmmədov Rizvan Əli oğlunun cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzil üçün ödənilməmiş kirayə haqqının hesablanaraq ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov Rizvan Əli oğlu cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış M-394-068 nömrəli, 29.10.2020-ci il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, onun pozulmuş hüquqlarının bərpa olunaraq Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona 2020-ci ilin may ayından qətnamə qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədov Rizvan Əli oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən Azərbaycan ordusunda hərbi xidmət etmiş və 2006-cı ildə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən evi olmadığı üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona dörd nəfər ailə üzvü nəzərə alınmaqla hər ay 450 manat müvəqqəti mənzil üçün kirayə haqqı təyin olunmuşdur. 2020-ci ilin may-iyun aylarında 450 manat kirayə haqqından hər ay 150 manat kəsirlə ona verilmiş, iyul, avqust, sentyabr, oktyabr ayları ona verilən kirayə haqqı tam kəsilmişdir. Bununla əlaqədar cavabdehə müraciət etmiş və oradan iki qızı nikaha daxil olduğuna görə kirayə haqqının verilməsinin dayandırılması bildirilmişdir.Halbuki qanunvericilikdə kirayə haqqının belə əsasla dayandırılması nəzədə tutulmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən 22.05.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-ə daxil olmuş 20.08.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən iddiaçının iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı Rizvan Məmmədov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respubikasının vətəndaşıdır, 017482 nömrəli vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır. "xxxx" ASC-nin verdiyi ödəniş kartı üzrə çıxarışa əsasən iddiaçının kartına 2020-ci il ərzində daxil olmuş vəsaitlər əks olunmuşdur. İddiaçının hərbi biletinə əsasən iddiaçı 2006-cı ildə ordu sıralarından tərxis olunmuşdur. Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1208 nömrəli, 02.11.2020-ci il tarixli arayışına əsasən iddiaçı arvadı, oğlu və iki qızı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində qeydiyyatdadır. Cavabdehin iddiaçıya ünvanlanmış 394-068 nömrəli, 29.10.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bidirilmişdir ki, RİHB-nin 236 nömrəli, 22.05.2007-ci il tarixli sərəncamına əsasən 22.05.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.04.2019-cu il tarixli,183 nömrəli qərarına əsasən 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat idarəsindən RİH-ə daxil olmuş 20.08.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 236 nömrəli, 22.05.2007-ci il tarixli sərəncamına əsasən iddiaçının 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. Cavabdehin hüquq şöbəsi tərəfindən tərtib edilmiş arayışa əsasən Suraxanı RHİB-nin 22.05.2007-ci il tarixli, 236 saylı sərəncamına əsasən vətəndaş İddiaçı Əli oğlu 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) ehtiyatda olan hərbçi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş və onlara ailə üzvlərinin hər birinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.04.2019-cu il tarixli,183 saylı qərarına əsasən mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsinin 20.08.2020-ci il tarixli məktubuna əsasən iddiaçının iki qızının ailə qurduğu müəyyən edilmişdir.Arayışda nikaha daxil olmaqla ailə qurmuş şəxslərə hərbçi ailəsinin üzvü kimi ödənilən kirfayə haqqının dayandırılması il bağlı RİHBA-nın mühasibatlığına göstəriş verilməsi Suraxanı rayon İH başçısından xahiş edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin 20.08.2020-ci il tarixli Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış məkubuna əsasən Kərimli Elmar Məmməd oğlunun 27.01.2016-cı il tarixdə Culfa rayon Yayçı icra nümayəndəliyində Əlibəyli (Kərimli) Səbuhə Rizvan qızı ilə, X2 10.09.2012-ci il tarixdə Culfa rayon Camaldin icra nümayəndəliyində Əlibəyi (Əkbər) Səburə Rizvan qızı ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət və Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 03.05.2021-ci il tarixli, 413 nömrəli arayışına əsasən iddiaçı 06.12.1985-ci ildən 13.11.1987-ci il tarixədək SSRİ SQdə müddətli həqiqi hərbi xidmət keçmişdir, 02.12.1987-ci ildən avqust 1988-ci ilə qədər SSRİ SQ-də və noyabr 1992-ci ildən 28.07.2006-cı ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmişdir, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı mad. “e” bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 21.06.2006-cı il tarixli, 093 GM saylı əmri ilə ehtiyata buraxılmışdır. 31.07.2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi”nə (kirayə müqaviləsinə) əsasən ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı Əli oğluna aylıq 450 manat kirayə müəyən edilməklə 31.07.2021-ci ildən bir il müddətinə kirayə verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 06.12.1985-ci ildən 13.11.1987-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir, 02.12.1987-ci ildən avqust 1988-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində və noyabr 1992-ci ildən 28.07.2006-cı ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra cavabdehin 22.05.2007-ci il tarixli, 236 saylı sərəncamına əsasən vətəndaş İddiaçı Əli oğlu 5 nəfər ailə tərkibi ilə ehtiyatda olan hərbçi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.04.2019-cu il tarixli,183 saylı qərarına əsasən mənzil kirayəsi haqqı ödənilmişdir.Lakin sonradan iddiaçının iki qız övladının nikaha daxil olaraq ailə qurması əsası ilə iddiaçıya mənzil kirayəsi haqqının ödənilməsi cavabdeh tərəfindən dayandırılmışdır. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar....Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 12-ci maddəsinin 10-cu hissəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir:Bakı şəhərində - 150 manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat , başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat.Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Qeyd edilən qərarın 3-cü bəndinə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılmışdır: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; Göründüyü kimi hazırda iddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən kirayə haqqının məbləği müəyyən edilərkən əsas meyar onlarla birgə yaşayan ailə üzvlərinin siyahısıdır ki, iddiaçının təqdim etdiyi arayışa əsasən iddiaçının onunla birlikdə yaşayan ailə üzvlərinin sayında dəyişiklik olmamışdır və o, hazırda 5 nəfər ailə üzvü (özü, arvadı, oğlu və iki qızı) ilə birlikdə kirayə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində yaşayır. İddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən mənzil kirayəsi pulunun onunla yaşayan ailə üzvlərinin nikaha daxil olması əsası ilə dayandırılması və ya azaldılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Məmmədov Rizvan Əli oğlunun iddiası əsaslı olduğu üçün cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış M-394-068 nömrəli, 29.10.2020-ci il tarixli cavab məktubu qanunsuz hesab edilməklə onun pozulmuş hüquqlarının bərpa olunaraq 2020-ci ilin may ayından qətnamə qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış M-394-068 nömrəli, 29.10.2020-ci il tarixli cavab məktubu qanunsuz hesab edilməklə iddiaçı İddiaçı Əli oğlunun pozulmuş hüquqlarının bərpa olunaraq 2020-ci ilin may ayından hazırki qərar qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3190/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3190/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver