Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3190/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı (üçüncü şəxs X9 cəlb olunmaqla) “sərəncamın və aktın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5 1200 kv.m. torpaq sahəsinin ayrılması haqqında Şüvəlan Bələdiyyəsi sədrinin 28 noyabr 2005-ci il tarixli 22 saylı Sərəncamının, eləcə də həmin sərəncamın hüquqi nəticəsi olan torpaqların alqı-satqısına dair aktın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şüvəlan qəsəbəsi ərazisində sənədsiz evdə oğlu, gəlini və nəvələrilə birlikdə yaşayır. 2022-ci ilin sentyabr ayında oğlu ona yaşadıqları evin sökülməsi haqqında Xəzər Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş olması barədə məlumat vermişdir. Oğlu bildirmişdir ki, Səidov Rövşən adlı şəxs Xəzər Rayon Məhkəməsinə müraciət edərək, evin sökülməsini və yaşayanların çıxarılmasını tələb etmiş, bu zaman evdə yaşayanlardan yalnız gəlini Zöhrabova Nuriyyəni cavabdeh kimi göstərmişdir. Gəlini məhkəməyə getməmiş, onun iştirakı olmadan məhkəmə qətnamə qəbul etmişdir. Lakin oğlu onu da bildirmişdir ki, artıq qətnamədən apellyasiya şikayəti vermişlər və şikayətə apellyasiya məhkəməsində baxılacaq. İddiaçı ailə tərkibi haqda arayış alaraq, Bakı Apellyasiya Məhkəməsinə həmin mülki iş üzrə 3-cü şəxs kimi qoşulma xahişi ilə vəsatət vermişdir. Paralel olaraq iş materialları ilə tanış olmaq istəsələr də, hakimin məzuniyyətdə olması səbəbindən iş materialları ilə tanış olmanın mümkün olmayacağı bildirilmişdir, belə ki, hələ 3-cü şəxs kimi cəlb edilmə haqqında vəsatətlə hakim tanış deyil və onun yerinə texniki işçilər qərar verə bilməz. Bundan sonra mütəmadi məhkəmə ilə əlaqə saxlayaraq, yekunda sənədlərlə tanış olma icazəsi almışlar. 13 oktyabr 2022-ci il tarixdə iş materialları ilə tanış olduqda iddiaçı və ailə üzvlərinə məlum olmuşdur ki, X2 Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı Sərəncamı ilə torpaq sahəsinin ona satıldığını əsas gətirməklə torpağın ona məxsus olduğunu iddia etmiş, bu əsasla mülki işə baxan məhkəmə tərəfindən Səidov Rövşənin torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi haqqında iddia tələbləri təmin edilmişdir. Mülki işi gedişatı zamanı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza rəyinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil, dövlət torpaqlarına aid olduğu, mübahisələndirilən sahənin Mədəniyyət Nazirliyinin bağçılıq yoldaşlığına ayrılmış əraziyə aid olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, belə olan halda mübahisəli torpaq sahəsinin Şüvəlan bələdiyyəsi tərəfindən X1 dair Sərəncam verilməsi qanunsuzdur və faktiki sahibliyində olan torpaq sahəsinə dair Şüvəlan bələdiyyəsi tərəfindən verilmiş sərəncamın ləğv edilməsi barədə iddia tələbləri ilə çıxış etməkdə haqlıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin (nümayəndəsinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaçı və ailə üzvlərinin mübahisələndirilən torpaq sahəsinə dair heç bir sənədinin olmadığını, özünün həmin torpaq sahəsini 2005-ci ildən əldə etdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən sərəncam iddiaçının faktiki yaşadığı evin ərazisini əhatə etdiyi üçün onun ləğvini tələb edir. İddiaçının evə dair istifadə hüququ vardır, bu səbəbdən də, hazırkı mübahisə inzibati orqanla iddiaçı arasında yaranmış inzibati mübahisə olduğu üçün iddiaya mahiyyəti üzrə qiymət verilməsini və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Bakı şəhəri Şüvəlan bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli, 22 №-li sərəncamının surətindən görünür ki, X5 Şüvəlan qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. -Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Şüvəlan bələdiyyəsi ərazisində 1200 kv.m. torpaq sahəsi X5 haqqı ödənilməklə satılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında iddiaçı X5 ayrılmış 0.12 ha topaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, iddiaçı və ailə üzvlərinin istifadəsində olan dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-96/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, X10, X6 və X3 Bakı şəhəri Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün X5 Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin X4 istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikilinin onların hesabına sökülməsi qərara alınmışdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, İddiaçı iş üzrə üçüncü şəxs X5 1200 kv.m torpaq sahəsi ayrılması haqqında Şüvəlan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamının və onun hüquqi nəticələrinin ləğvini tələb edir. Lakin iddiaçı üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə inzibati aktı və digər əlaqəli sənədləri mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçıya həmin ərazidə torpaq sahəsi ayrılmaması işin mübahisələndirilməyən tərəfini təşkil edir və iddiaçı Şüvəlan bələdiyyəsinin sözügedən sərəncamının faktiki yaşadığı evin ərazisini əhatə etməsi faktından çıxış edərək məhkəmə qaydasında ləğvini tələb edir ki, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3190/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3190/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver