Məhkəmə qərarları › İş №2-1(112)-3191/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3191/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3191/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılması üçün sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət edərkən Cavabdeh xx.xx.1993-cü il tarixli, 024/24 №-li sərəncamı ilə ona hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil Fondundan Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil ayrılmışdır. Bu barədə ona Cavabdeh tərəfindən 003355 №-li, xx.xx.1993-cü il tarixli daimi order verilmişdir. Həmin order əsasında o və onun bütün ailə üzvləri yuxarıda göstərilən ünvanda xx.xx.1993-cü il tarixdən yaşayırlar və pasport qeydiyyatındadırlar. Yuxarıda göstərilən yaşayış sahəsi üzrə onunla kirayə müqaviləsi bağlanılmamışdır. Həmin yaşayış sahəsi üzrə onunla kirayə müqaviləsi bağlanılması üçün o, xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2022-ci il tarixli, M-139/a-068/t11 №-li məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsinə dair onunla daimi kirayə müqaviləsinin bağlanılması üçün sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materialında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh 003355 nömrəli xx.xx.1993-cü il tarixli orderinin surətindən görünür ki, mübahisə predmeti mənzil iddiaçının istifadəsinə verilmişdir. Ailə tərkibi: 1. İddiaçıN, 2. Məmmədova G.Ş, 3. Məmmədov R.E, 4. Məmmədova V.E, 5. Məmmədov G.E; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 2 saylı ev Birliyinin balansında və tabeliklərində olan 123 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Lakin həmin binada yerləşən 45 saylı xidməti mənzil xüsusi təyinatlı mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4E, 45 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, …Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir; Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavininin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E, mənzil 45 Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansında və 123 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Lakin həmin binada yerləşən 45 saylı xidməti mənzil xüsusi təyinatlı mənzil fonduna aid olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Bakı şəhəri Cavabdehnə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Cavabdeh 003355 nömrəli xx.xx.1993-cü il tarixli xidməti orderi ilə mübahisə predmeti mənzil iddiaçıya verilmişdir. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması tələbini Bakı şəhəri Cavabdehnə qarşı irəli sürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə araşdırması zamanı mübahisə predmeti mənzilin Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti mənzil olduğu və cavabdehin balansında olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Bakı şəhəri Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqan deyil. Bununla belə, iddiaçının tələbi ilə əlaqədar olaraq, Məhkəmə xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələri ilə bağlı, həmçinin yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı aşağıdakı qanunvericilik normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi haqqında Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi, hazırda sözügedən mənzil xüsusi təyinatlı mənzil fonduna aid edilmiş xidməti mənzildir. Məhkəmə isə izah edir ki, yuxarıda qeyd edilən Qaydalardan da aydın olduğu kimi xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzilin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılması müvafiq prosedur qaydada həyata keçirilməlidir. Hazırki halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, balans saxlayıcı Müdafiə Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilməli, daha sonra müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilməlidir. Yəni ki, hazırkı halda mənzilin yerləşdiyi ərazi üzrə icra hakimiyyətinin balansına daxil edilməlidir. Lakin işin hallarından aydın olduğu kimi, sözügedən mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında saxlanılmış, yerləşdiyi yer üzrə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin balansına daxil edilməmişdir. Məhkəmə hüquqi yardım göstərək izah edir ki, iddiaçı ilk öncə sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməli, mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı qərar qəbul edilməli, müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının balansına daxil edilməklə sosial təyinatlı yaşayış fonduna aid edilməlidir. Bundan sonra isə iddiaçı hazırki tələblə müraciət etmək hüququna malikdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddinın mümkün sayılmaması nəticəsinə gəlindiyindən məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar