Məhkəmə qərarları › İş №2-1(112)-3197/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3197/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3197/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-ci ildən 2019-cu ilə kimi olan dövr üçün məcburi dövlət sığorta haqqının Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun pensiyasının yenidən hesablanıb, ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etməklə, onun 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün məcburi dövlət sığorta haqqının Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, əmək fəaliyyətinə 1974-cü ildən başlamışdır. 1987-ci ildən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeli müxtəlif qurumlarında, sonuncu dəfə isə 81 saylı mənzil istismar sahəsində işləmiş, 2016-ci ildə pensiyaya çıxmış və 01.04.2019-cu ildə işdən azad olunmuşdur. Lakin 45 illik stajına baxmayaraq, pensiyası az hesablanmışdır. Bununla bağlı DSMF-yə müraciət etdikdə, ona cavab olaraq sosial arayış verilmiş və bildirilmişdir ki, işlədiyi qurum tərəfindən 2006-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində ona aid sığorta haqqı ödənilməmişdir. Bununla bağlı o, 07.07.2021-ci il tarixdə həm Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə, həm də AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi ona qeyri-müəyyən cavab vermiş, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu isə ümumiyyətlə müraciətinə cavab verməmişdir. Hesab edir ki, sığorta haqqının ödənilməməsi qurumun səhlənkarlığı ucbatından baş verib. O, sığorta haqqının ödənilməməsini bilsə, belə onun ödənilməsini təmin etmək üçün əlində heç bir səlahiyyət olmamışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Sabunçu RPİ tərəfindən 02.09.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Şəki şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli **********8 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 259.78 manat (iki yüz əlli doqquz manat 78 qəpik) əmək pensiyası alır. Pensiyanın iş nömrəsi -114000; Təyinatın başlanma tarixi-26.11.2015-ci il; Təyinatın bitmə tarixi müddətsiz. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 02.02.2022-ci il tarixli 4/3 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş 02.02.2022-ci il tarixli 01 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Bakı şəhər, Sabunçu rayon İcra Hakimiyyəti-Mənzil Kommunal Təsərrüfatı Birliyinin 81 saylı Mənzil-Kommunal istismar şöbəsində 15.01.2001-ci il tarixindən 01.05.2009-cu il tarixinədək və 05.04.2010-cu il tarixindən 01.04.2019-cu il tarixədək hesabdar vəzifəsində işləmişdir. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 02.02.2022-ci il tarixli 02 nömrəli arayışda qeyd olunmuşdur ki, 81 saylı MKİS-də mühasib vəzifəsində işləmiş İddiaçı 15.01.2001-ci il tarixindən 01.05.2009-cu il tarixinədək və 04.04.2010-cu il tarixindən 01.04.2019-cu il tarixinədək əmək haqqları tam ödənilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 05.03.2022-ci il tarixli 20/7 №-li sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 81 saylı mənzil-kommunal istismar sahəsində mühasib vəzifəsində işləmiş İddiaçı işlədiyi dövr üçün hesablanmış əmək haqqı tam olaraq ödənilmişdir. Onun işlədiyi dövr üçün əmək haqlarından tutulan məcburi sığorta məbləği ümumilikdə 1.381.38 manat təşkil etmişdir ki, həmin məbləğdən 321.99 manat DSMF-yə ödənilmişdir. İddiaçı əmək haqlarından tutulmuş lakin DSMF-yə ödənilməmiş qalıq məbləğ olan 1.059.39 manatla bağlı yaranmış vəziyyətlə bağlı bildirilmişdir ki, hal-hazırda müəssisə sosial sığorta ayırmalarını (həm müəssisə tərəfindən ödənilən 22 faiz və müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərin əmək haqqından tutulan 3 faiz) DSMF-yə ödəyərkən köçürülmüş məbləğ ümumi sistem tərəfindən tənzimləndiyindən hər hansı bir məbləğin konkret olaraq bu və ya digər şəxsin fərdi hesabına köçürülməsi (sifariş edilməsi) praktiki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı əmək haqlarından tutulmuş lakin DSMF-yə ödənilməmiş qalıq məbləğ olan 1059.39 manatın köçürülməsi mümkün olmamışdır. Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi öz növbəsində bu kimi halların aradan qaldırılması üçün "əmək müqaviləsi əsasında müəssisədə işləmiş hər hansı bir işçinin işlədiyi dövr ərzində onun əmək haqlarından hesablanaraq tutulmuş, habelə müəssisə tərəfindən ödənilməli olan məcburi sosial sığorta məbləğinin məhz konkret olaraq bir şəxsin fərdi şəxsi hesabına köçürülməsi” proseduru ilə bağlı izahatın veriməsi üçün məktubla Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 22 iyul 2021-ci il tarixli 5/8 №-li cavab məktubunda qeyd olunmuşdur ki, MKTB-də işlədiyi dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş məcburi dövlət sosial sığorta haqqının onun fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı Birlik əməli tədbirlər görməkdədir. Məlumdur ki, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmışdır. Bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur. Ödəniləcək məbləğin məhz onun fərdi şəxsi hesabına oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat vedikdən sonra ərizədə göstərdiyi məbləğ ödəniləcəkdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi onun pensiyasının yenidən hesablanması üçün 2006-cı ildən 2019-cu ilə kimi olan dövr üçün məcburi dövlət sığorta haqqının əvvəllər əmək münasibətlərində olduğu Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına (DSMF-yə) ödənilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304.2-ci maddəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Göründüyü kimi iddiaçının hazırki tələbi inzibati orqana qarşı yönəlmiş olsa da, lakin həmin tələb publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, tərəflər arasında əvvəllər mövcud olmuş əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsi Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar