Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3198/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1ir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pandemiya dövründə işsizlərə ödənilən 190 manat müavinətin iddiaçıya verilməməsini qanunsuz hesab edilməsi və 190 manat vəsaitin tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 26.01.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 15.03.2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 24.04.2020-ci il tarixində işsiz kimi ƏƏSMNin portalından qeydiyyatdan keçmiş, pandemiya ilə əlaqədar işsizlərə verilən 190 manatı 2 ay almışdır. 20 iyun 2020-ci il tarixindən işə düzəldiyi üçün sistemdən avtomatik çıxarılmışdır. Lakin, 23 iyul 2020-ci il tarixdə işdən azad edilmişdir. İşsiz kimi yenidən 190 manat vəsaitin verilməsi ilə əlaqədar, iddiaçı yenidən işsiz kimi qeydiyyatdan keçə bilməmiş, çünki qeydiyyat dayandırılmışdır. Hazırkı tələblə cavabdehə müraciət etsə də, ona cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 25.04.2020-ci il tarixində işsiz kimi qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq aprel və may ayları üçün cəmi 380 manat məbləğində birdəfəlik ödəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı 20.06.2020-ci il tarixində “xxxx" MMC ilə xxxxxxx000200 nömrəli əmək müqaviləsi bağlamışdır. “Məşğulluq haqqında” Qanunun 5.11-ci maddəsinə əsasən şəxs “məşğul şəxs” hesab edildikdə onun işsiz kimi qeydiyyatı ləğv edildiyi üçün iddiaçının da işsiz kimi qeydiyyatı qanunumüvafiq surətdə ləğv edilmişdir. Sonradan, 28.07.2020-ci il tarixində sözügedən əmək müqaviləsinə xitam verilmiş və iddiaçi “Məşğulluq haqqında” Qanununa müvafiq olaraq MAS-da qeydiyyata alınmış və ona işsiz statusu verilmişdir. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə iyun və avqust ayları üçün aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli və 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarlarının 1-ci hissəsinə əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının 28.07.2020-ci il tarixində əmək müqaviləsinin xitamından sonra MASda işsiz statusu verilməsi gələcəkdə ona, pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi üçün əsas deyildir. Çünki Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı əsasən 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qeydiyyat tarixi 2020-ci il aprel ayının 27-də dayandırılmışdır. Bu tarixdən sonra işsiz kimi qeydiyyatdan keçən şəxslərə Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı şamil olunmur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ona verilməməsini qanunsuz hesab edilməsi və 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin tutulub ona verilməsini”nə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Ailə vəziyyəti – subay göstərilmişdir. İş materiallarında görünür ki, 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialının İddiaçı ünvanldığı 19.10.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı 25.04.2020-ci il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır. 28.04.2020-ci il tarixdə ona 190 manat birdəfəlik ödəmə təyin olunmuşdur. Aprel, may ayları üçün ödəmələr həyata keçirilmişdir. Lakin 20.06.2020-ci il tarixdə “xxxx” MMC-də adına əmək müqaviləsi aşkarlandığından ona təyin olunmuş 190 manat birdəfəlik ödəməyə xitam verilmişdir. Bununla yanaşı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 işsiz kimi qeydiyyatda olduğunu nəzərə alaraq “Məşğulluq haqqında” Qanuna uyğun olaraq tədbirlər həyata keçiriləcəkdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemindən çıxarışından görünür ki, İddiaçı 25.04.2020ci il tarixdə müraciəti təsdiq edilərək işsiz kimi qeydiyyata alınmışdır. İddiaçı 20.06.2020-ci il tarixdə “xxxx” MMC-də mühəndis, inventarlaşdırıcı vəzifəsinə təyin edilmiş, lakin 28.07.2020-ci il tarixdə işinə xitam verilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qeydiyyat tarixi 2020-ci il aprel ayının 27-də dayandırılması və bu tarixdən sonra işsiz kimi qeydiyyatdan keçən şəxslərə Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının şamil olunmaması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemində işsiz kimi qeydiyyatdan keçməsi və aprel və may ayları üçün 190, cəmi 380 manat məbləğində birdəfəlik ödəməni alması, 20.06.2020ci il tarixdən 28.07.2020-ci il tarixə kimi olan müddət ərzində isə iddiaçının işləməsi və iyun ayı üçün 190 manat birdəfəlik ödəməni almaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur (3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir (3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün müvafiq qeydiyyatdan keçməsi, həmçinin iddiaçının 190 manat birdəfəlik ödəməni aprel və may ayları üçün alması, 20.06.2020-ci il tarixdən 28.07.2020-ci il tarixə kimi olan müddət ərzində işləsə də, əmək müqaviləsinə xitam verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar işsiz kimi qeydiyyatdan keçmiş İddiaçı ödənilməli olan 190 manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3198/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3198/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver