Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3198/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “təmir işlərinin dayandırılması və qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun X8 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu torpaq sahəsinin 150 kv.m və X5 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu həmin torpaq sahəsinin 200 kv.m-nin fərdi yaşayış evi tikilməsindən ötrü iddiaçının mülkiyyətinə keçirilməsi ilə bağlı çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 14/21 №-li qərarı və 26 dekabr 2005-ci il tarixli 31/40 №-li qərarları ilə müvafiq olaraq X9 və X8 fərdi yaşayış evinin tikintisi üçün hər birinə 600 kv.m torpaq sahəsi aqı-satqı yolu ilə ayrılmışdır. Qeyd olunan qərarların və həmin torpaq sahələrinin yerləşdiyi ərazinin təsdiqlənmiş cizgiləri mövcuddur. xx.xx.2023-cü il tarixdə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə X9 ona ayrılmış torpaq sahəsinin 200 kv.m hissəsini iddiaçıya satmışdır. X11 isə xx.xx.2023-cü il tarixli ərizə ilə ona ayrılmış torpaq sahəsinin 150 kv.m hissəsini iddiaçıya satmışdır. Ona görə də, iddiaçıya məxsus göstərilən torpaq sahələrinin xüsusi mülkiyyətində olmasına dair çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cu il tarixli məktub ilə sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktın keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilmədiyini bildirmişdir. İddiaçı hesab edir ki, onun X8 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu torpaq sahəsinin 150 kv.metri və X6 məxsus alqı-satqı müqaviləsi ilə almış olduğu həmin torpaq sahəsinin 200 kv.metrinin fərdi yaşayış evi tikilməsindən ötrü mülkiyyətinə keçirilməsi ilə bağlı çıxarışın verilməsi zəruridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********47 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim olunmuş sənədlər digər fiziki şəxslərin adınadır. Əlavə olaraq, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və göstərilən sahə dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçü göstərilmədiyindən sahənin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsinə girişçıxış yolu ümumi ərazi daxilindədir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki sahə 370 kv.m təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müvafiq tələbinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 31/40 №-li Qərarın surətindən görünür ki, faktiki istifadə etdiyi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi təyinatı ilə alqı-satqı yolu ilə X7 mülkiyyətinə verilmişdir. Həmçini torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi tərtib edilərək vətəndaşa təqdim edilmişdir. -Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xocasən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 31/40 №-li qərarına əsasən X11 tərəfindən bələdiyyəsinin hesabına haqq ödənilmişdir. -Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 14/21 №-li Qərarın surətindən görünür ki, faktiki istifadə etdiyi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi təyinatı ilə alqı-satqı yolu ilə X4 mülkiyyətinə verilmişdir. Həmçini torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi tərtib edilərək vətəndaşa təqdim edilmişdir. -Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xocasən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14/21 №-li qərarına əsasən X9 tərəfindən bələdiyyəsinin hesabına haqq ödənilmişdir. -xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə İddiaçı xx.xx.2023-cü il tarixədək Xocasən bələdiyyəsinin xx.xx.2006-cı il tarixdə verilmiş qərarına əsasən satıcı X9 fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini özəlləşdirməyi həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. -Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X1 bələdiyyəsinin qərarına əsasən ona ayrılmış 600 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsinin İddiaçı adına keçirilməsini və sənədləşməsi xahiş etmişdir. -ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X2 bələdiyyəsinin qərarına əsasən ona ayrılmış 600 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsinin İddiaçı adına keçirilməsini və sənədləşməsi xahiş etmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X11 və X4 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Xocəsən bələdiyyəsinin müxtəlif tarixli qərarları ilə Aynurə Həsənovaya və Seymur Byaramova alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sonradan A.Hüseynova həmin torpaq sahəsinin 200 kv.m hissəsini ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. S.Bayramov isə bələdiyyənin qərarı ilə ona ayrılmış torpaq sahəsinin 150 kv.m hissəsinin iddiaçının adına sənədləşdirilməsinə etirazı olmadığına dair notarial qaydada ərizə təqdim etmişdir. İddiaçı göstərilən ilkin alqı-satqı müqaviləsinə və ərizəyə istinad edərək 200 kv.m və 150 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaolunan torpaq sahələri, iddiaçıya həmin daşınmaz əmlaklara sərəncam vermək hüququ olmayan şəxslər tərəfindən özgəninkiləşdirildiyindən iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, daşınmaz əmlak üzərində sərəncam vermə hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən yaranır. Hazırkı işdə isə belə hal müəyyən edilmir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ilkin alqı-satqı müqaviləsinə münasibətdə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Ona görə qanunverici belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. Analoji hallarda tərəflər razılaşırlar ki, həmin əmlakın sənədləşmələrini həyata keçirdikdən sonra əmlakın alqı-satqısını həyata keçirəcəklər (əsas müqaviləni bağlayacaqlar). Məhz bundan sonra, əsas müqavilənin bağlanmasından sonra onun dövlət reyestrində qeydiyyata alınmasına zərurət yaranır. Lakin əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qədər onun barəsində hər-hansı müqavilə bağlanmasını qanunverici istina etmir. Beləliklə, ilkin müqavilə təşkilati müqavilədir və əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, mötəbər hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın mümkün sayılmadığını və mahiyyətcə hər hansı dəyişiklik olmayacağını nəzərə alaraq irəli sürülmüş tələbdə yol verilmiş formal xətaların aradan qaldırılması ilə bağlı hüquqi yardım göstərilməsinə və cavabdehin üçncü şəxsin cəlb edilməsi ilə bağlı vəsatətinə münasibət bildirməyə zərurət görmür. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3198/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3198/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver