Məhkəmə qərarları › İş №2-1(112)-3199/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3199/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3199/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezientinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "xxxx" ASC-nin Nizami filialı ilə iddiaçı arasında bağlanmış NZNPU-1054 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün onun adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı adına “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, NZNPU- 1054 kredit müqaviləsi üzrə 2259.18 manat məbləğində kompensasiya məbləğinin hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə NZPNU-1054 saylı, xx.xx.2015-ci il tarixli “Payız kampaniyası” istehlak krediti müqaviləsi bağlamış və həmin müqavilənin predmeti olan 4770 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Həmin Kredit vaxtı-vaxtında ödəniş həyata keçirtmiş və sonunda Azərbaycan Respublikası Pezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra 10000 ABŞ dolları məbləğində problemli kreditlərə görə kompensasiyalar müəyyən edilmişdir. Həmin Fərmanın əhatə dairəsinə onun da məlum kredit müqaviləsi düşdüyü üçün "xxxx" ASC-yə müraciət etmiş və ona kompensasiyanın verilməsini xahiş etmişdir. Heç bir məlumat vermədiyi üçü Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmədə araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" ASC ********** saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Kredit Reyestri xidmətinə müraciət etmiş və kredit məlumatlarının “MKR”-nın məlumat bazasında dəyişdirilməsini xahiş etmişlər. Hazırda məlum fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət palatası ləğv edilərək bütün səlahiyyətləri Mərkəzi Banka verilmişdir. Hazırda onun adı Mərkəzi Kredit Reyestrinə (MKR) əlavə olunmamışdır. Buna baxmayaraq, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-6321/219 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş və ondan və onun zaminindən müştərək qaydada 764 ABŞ dolların tutulması qət edilmiş. Bundan narazı qalan və hüquqlarına toxunan şəxs kimi apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-14283/2019 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş və məlum qətnamə ləğv edilmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə müraicət edərək cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi, kompensasiyanın hesablanması, kompensasiya məbləğinin borca yönəlməsi və yerdə qalan məbləğin ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsində ona izah olunmuşdur ki, onun bu işi inzibati bir iş olduğu üçün və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bank olduğu üçün Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X3 barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış hər hansı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli, NZNPU-1054 saylı kredit müqaviləsi üzrə iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 3765.30 ABŞ dolları əsas kredit borcu ödənilməmiş qalsa da, hazırda borc üzrə hər hansı öhdəlik yoxdur. Beləliklə, sözügedən kredit müqaviləsinin həqiqətən də, "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, xx.xx.2015-ci il tarixli, NZNPU-105 saylı kredit müqaviləsi üzrə cəmi 2259.18 manat kompensasiya hesablanmasına etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı münasibətə uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, NZNPU-1054 saylı kredit müqaviləsinə əsasən İddiaçı faktiki illik 24.13 % dərəcəsi ilə 4770 (dörd min yeddi yüz yetmiş) manat məbləğində kredit məbləği verilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli, NZNPU-1054 saylı kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixinə əsas borcu 3765.30 USD olmuşdur. Hal-hazırda bugünki günə İddiaçı xx.xx.2015-ci il tarixli, NZNPU- 1054 saylı krdit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu yoxdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərinə və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məslənin baxılması məqsədilə məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının "xxxx" ASC-dən götürdüyü kredit məbləğləri işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsi və kredit sazişləri mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli, NZNPU-1054 saylı kredit sazişinə əsasən "xxxx" ASC-dən dollar krediti götürməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin İddiaçı götürdüyü kredit məbləğləri Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, NZNPU- 1054 saylı kredit müqaviləsi üzrə 2259.18 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar