Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3199/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun ödənilməsi”haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə (bundan sonra MPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə təqdim edərək, AR DİN Maliyyə-Plan İdarəsinin məzuniyyətlə bağlı ödənişin verilməsindən imtina olunmasının qanunsuz hesab olunması və məzuniyyətdə olmadığı müddətləri hesablanaraq, ödənilməsi öhdəliyinin AR DİN Maliyyə-Plan İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsində (bundan sonra Yasamal RPİ) 1990-cı il tarixdən 1997-ci il tarixə kimi işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edirəm. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1980-cı ildən 1997-cı ilə kimi DİN-nin sıralarında xidmətdə olmuşdur. 1990-cı ildən 1997-ci ilə kimi Yasamal RPİ-də müxtəlif vəzifələrdə xidmət etmişdir. Yasamal RPİ-də xidmət etdiyi zamanda heç bir məzuniyyətdə olmamışdır. Ölkədə gedən müharibə, fövqaladə vəziyyətlə əlaqədər heç vaxt məzuniyyət verilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “istifadə olunmayan məzuniyyətlərə görə kompensasiya ödənilməsi barədə” müvafiq sərəncamına əsasən o, da istifadə etmədiyi məzuniyyətlərin pulunu almaması səbəbilə, cavabdehı müraciət etsə də ona heç bir kompensasiya verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh MPİ əsl cavabdeh DİN ilə əvəz olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, sabiq Yasamal RPİ-nin Narkomaniya və narkobizneslə mübarizə qrupunun baş əməliyyat müvəkkili İddiaçı Daxili işlər nazirinin 323 nömrəli, xx.xx.1997-ci il tarixli əmri ilə xx.xx.1997-ci il tarixdə daxili işlər orqanlarından polis əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 29 noyabr 2002-ci il tarixli Qərarında təsbit edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunamamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. xx.xx.1994-cü il tarixdə qəbul edilmiş və 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsində göstərilmişdir ki, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən işçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir. İddiaçı xidmətdən 323 nömrəli, xx.xx.1997-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının ödənilməmiş məzuniyyət haqqını tələb etməklə bağlı tələbi həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan dövr üçün tənzimləmə normalarına əsasən isə onun ödənilməmiş məzniyyət haqqını almaq hüququ istisna olunur. Əlavə olaraq iddiaçının DİN-də xidmətdən xaric edildiyi dövrdən uzun müddət keçdiyinə görə onun xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edibetməməsi barədə məlumat mövcud deyildir. Həmçinin iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. İddiaçının hazırki iddia ilə 26 il sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə etməməsi sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DİN-nin nümayəndəsi Vəkil məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1958-cı ildə Laçın şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən, DİN Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 313-21/2-291/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş; Daxili işlər orqanlarının sabiq əməkdaşı İddiaçı xidməti barədə arayışda qeyd edilmişdir ki, İddiaçı - 21.07.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixə kimi Bakı şəhər Daxili İşlər İdarəsinin Milis post-patrul xidməti bölüyünün 1-ci motolaşdırılmış taqımında milis nəfəri vəzifəsində; - xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Bakı şəhər Daxili İşlər İdarəsinin Milis post-patrul xidməti alayının 3-cü bölüyündə milis nəfəri vəzifəsində; - xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi DİN-in N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbində kursant; - xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Bakı şəhəri 26 Bakı komissarları adına Rayon Daxili İşlər Şöbəsinin Cinayət axtarışı bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində; - xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi Bakı şəhəri Oktyabr RDİŞ-nin 2ci milis bölməsində milis sahə inspektoru vəzifəsində; - 01.06.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi Bakı şəhəri Oktyabr RDİŞ-nin 2ci milis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində; - xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Bakı şəhəri Yasamal RDİŞ-nin 29-cu milis bölməsində bölmə rəisinin müavini vəzifəsində; - xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Bakı şəhəri Yasamal RPİ-nin 29cu polis bölməsində rəis vəzifəsində; - xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi Bakı şəhəri Yasamal RPİ-nin Cinayət axtarışı şöbəsində əməliyyat müvəkkili vəzifəsində; - xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə kimi Bakı şəhəri Yasamal RPİ-nin Narkomaniya və narkobizneslə mübarizə qrupunda baş əməliyyat müvəkkili vəzifəsində işləmiş və xx.xx.1997-ci il tarixli, № 1439 ş/h saylı Əmri ilə “Daxili işlər orqanlarında sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi barədə Müvəqqəti Təlimatın” 6-cı maddəsinə (sıravi və rəis heyətinin adına xələl gətirən hərəkət törətdiyinə görə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. DİN-nin xx.xx.1997-ci il tarixli 323 №-li Əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə yol verərək vətəndaş S.Zülfüqarovun RPİ-nin müvəqqəti saxlama otağında əsassız saxlanılmasını təşkil etdiyinə və onun ölümü ilə əlaqədar AR CM-nin 167-ci mad. 1-ci his., 170-ci mad. 2-ci his., 168-ci mad. 2-ci his., 170-ci mad. 3-cü his., və 95-ci mad. ilə müqəssir qismində cinayət məsuliyyətinə cəlb edilərək haqqında qəti imkan tədbiri - həbs seçildiyi üçün Yasamal RPİnin narkomaniya və narkobizneslə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı İddiaçı “Müvəqqəti Təlimatın 6-cı maddəsinə uyğun olaraq daxili işlər orqanlarından xaric edilmişdir. DİN-nin xx.xx.1997-ci il tarixli Ə1439ş/h №-li əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, AR DİN-in 02 sentyabr 1997-ci il tarixli 323 saylı əmri əsas götürülməklə, polis kapitanı İddiaçı, Bakı şəhəri Yasamal RPİ- nin narkomaniya və narkobizneslə mübarizə qrupunun baş əməliyyat müvəkkili sıravi və rəis heyəti adına xələl gətirən hərəkət törətdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə Müvəqqəti Təlimata müvafiq olaraq daxili işlər orqanlarından xaric edilmişdir. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33193A-3222 saylı cavab məktubunda qeyd edilmişdir ki, müvafiq qanunvericiliyə əsasən əməkdaşların əsas məzuniyyətləri barədə raportlarının və məzuniyyətlərə dair digər sənədlərin saxlama müddəti 5 il müəyyən olunmuşdur. Həmin sənədlərin saxlama müddəti bitdiyi üçün, onlar müvafiq qaydada məhv edilmişdir. Odur ki, Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi dövrdə əsas məzuniyyətdən istifadə edib-etmədiyi barədə RPİ-də heç bir məlumatın olmamasının nəzərə alınması xahiş olunmuşdur. AR DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 048- 515-3122 saylı cavab məktubunda,onun istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi üçün həmin illərdə bilavasitə işlədiyi orqanların kadrlar qrupu tərəfindən müvafiq arayışı təqdim etdikdən sonra hesablanıb ödənilməsi məsələsinə baxıla biləcəyi qeyd olunmuşdur. AR DİN Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda, onun DİO-da xidmət etdiyi tarixə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyini, habelə müraciətində qeyd olunan məsələnin mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün iddia müddətlərini keçdiyini nəzərə alaraq qaldırılan məsələyə baxılması mümkün olmadığı bildirilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə aşağıda qeyd olunalara əsasən hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: - 35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi şərti maliyyə vahidi miqdarından az olmayan haqq almaq hüququ vardır. - 37-ci maddəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. xx.xx.1994-cü il tarixdə qəbul edilmiş və 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununun; 1-ci maddəsinə əsasən, mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda (bundan sonra “müəssisələr” adlanacaq) işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və əmək müqaviləsinin (bağlaşmasının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 31-ci maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Əmək müqaviləsində (bağlaşmasında) başqa hal nəzərdə tutulmayıbsa, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına da, bu qayda şamil edilə bilər. Bu zaman əmək müqaviləsinin (bağlaşmasının) müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir. İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 32-ci maddəsinə əsasən, əmək münasibətlərində olan işçilərin məzuniyyətlərinin pul ilə əvəz edilməsi qadağandır. İşçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir. Əmək müqaviləsində (bağlaşmasında) istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsinin başqa qaydası da nəzərdə tutula bilər. Əmək münasibətlərinə, xitam verilərkən sosial məzuniyyətlər pul ilə əvəz edilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçi ilə həmin iş ili başa çatanadək əmək müqaviləsinə xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. İddiaçının daxili işlər orqanlarında xidmət etdiyi dövrdə qüvvədə olan və təhlil olunan normanın məzmunundan göründüyü kimi, istirahət hüququnun təmin edilməsi məqsədi ilə işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi məqsədilə məzuniyyətlərdən istifadə hüququ vardır ki, bu da Azərbaycan Respublikası vətəndaşının konstitusion hüquqularını özündə ehtiva edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən müvafiq iş illərində məzuniyyətdən istifadə etmək istəmədikdə isə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilməlidir. Lakin, işçinin təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları mövcud olduqda isə sonuncu bu hüququnu itirmiş olur. Yuxarıda tətbiq edilən maddi hüquq normalarını işin faktiki hallarına nisbətində məhkəmə qeyd edir ki, iddiaçı daxili işlər orqanlarından sıravi və rəis heyətinin adına xələl gətirən hərəkətlər törətdiyinə görə daxili işlər orqanlarından xaric olunmuş və iddiaçının təqsirli hərəkətlərinə görə işdən çıxarılma halı mövcud olduğu üçün ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməsi hüququnu itirmiş olur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3199/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3199/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver