Məhkəmə qərarları › İş №2-1(112)-320/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-320/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-320/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X5 nümayəndəsinin iştirakı ilə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.05.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.06.2019-ci il tarixli **********184464 saylı qərarına əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair 19.03.2020-ci il tarixli **********185720 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və 06.05.2020-ci il tarixli **********199546 saylı ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 3.139.866,32 manat vergi məbləği hesablanmış və 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Ümumilikdə yoxlamanın gedişi zamanı həm “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də Vergi Məcəlləsinin tələbləri pozulmuşdur ki, bu pozuntular da 06.05.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərarın ləğvi üçün əsasdır. Yoxlama zamanı ekspertiza keçirilmədiyi halda yoxlamanın müddəti əsassız olaraq dayandırılmışdır. Yoxlama faktiki olaraq X2 və X1 tərəfindən aparılsada, D.Hüseynzadə yoxlayıcı şəxs məlumat reyestrində qeydiyyata alınmamışdır.Bundan başqa, yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başa çatma tarixi 24.02.2020ci il qeyd olunsada yoxlama əsassız olaraq 19.03.2020-ci ildə başa çatdırılmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, həm də Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. 06.05.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə (Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda yoxlama zamanı Vergi Məcəlləsinin 136.1-ci maddəsinin tələblərinə uyğun çəkilmiş xərclər vergi orqanı tərəfindən əsassız olaraq nəzərə alınmamış və nəticədə əsası olmayan mənfəət vergisi hesablanmışdır. Həmçinin yoxlama zamanı 169.4-cü maddəsinə əsasən əvəzləşdirilmiş ƏDV məbləği əsassız olaraq vergi orqanı tərəfindən (əvəzləşdirmələr) ləğv edilmişdir. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.05.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.06.2019 tarixli **********184464 saylı qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış və yoxlama ilə yanvar 2017- aprel 2019-cu il dövrlərinin yoxlanılması nəzərdə tutulmuşdur. Müəssisənin vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatı zamanı fəaliyyəti qismində neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi və mərkəzi ofislərin fəaliyyəti qeyd olunmasına baxmayaraq, yoxlama ilə faktiki olaraq quruda və dənizdə olan neft və qaz quyuların qazılmasında, o cümlədən maili qazma və geofizika-geoloji işlərinin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsi ilə həyata keçirilməsi, müxtəlif növ mühəndislik xidmətləri (qazma vaxtı ölçmə, qazma vaxtı karotaj və qazma işlərinə mühəndislərlə 24 saat şərti ilə nəzarət olmaqla) göstərilməsinin xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrdən icarəyə götürülmüş xüsusi qazma avadanlıqları vasitəsi ilə yerinə yetirilməsi ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların aydınlaşdırılması məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandınlmış qərarı əsasında baxışını keçirmək hüququ vardır. Qeyd edilən maddəyə əsaslanaraq yoxlama zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 24.06.2019-cu il tarixli **********185724 nömrəli və 21.10.2019-cu il tarixli **********191845 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi zamam vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" Qərarla müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai rayonu, Nobel prospekti, ev.5, məhəllə 1212 ünvanda yerləşən obyektində ərazinin, binaların, istehsal sahəsinin, xammal-materialın, avadanlıqların, hazır məhsulun, mal qalığının, əşyaların, digər aktivlərin və sənədlərin baxışı keçirilmişdir. Baxış zamanı müəssisənin qeyd edilən ünvanında və Salyan şossesi, 35 km ünvanında icarə müqaviləsi əsasında icarəyə götürülmüş ofisində icarəyə götürülmüş avadanlıqların, ehtiyat hissələrinin saxlanması üçün anbar, iş otağı, qazma üçün nəzərdə tutulmuş müxtəlif ölçülü motorlar, geofiziki cihaz və alətlər, ehtiyat hissələrinin olması müəyyən edilmişdir. Baxışın nəticələrinə görə müvafiq qaydada protokol tərtib edilmişdir. Yoxlamanın nəticəsinə dair 19.03.2020-ci il tarixli **********185720 saylı “Səyyar vergi yoxlaması Aktı" tərtib edilmiş və 06.05.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yoxlama ilə aşağıda qeyd edilən hallar müəyyən edilmişdir: Mənfəət vergisi üzrə: yoxlama ilə 2017-ci və 2018-ci illər üzrə mənfəət vergisi yoxlanılmış və Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə edilən xərclərin düzgün göstərilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən “SOCAR X8” Tresti ilə "xxxx" MMC arasında qazma quyularının maili qazılması və geofıziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlannın istifadəyə verilməsi barədə 20.11.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin 27.10-cu yarımbəndinin c hissəsinə əsasən müqavilənin qüvvədə olma tarixi 2 il müəyyən edilmiş, d hissəsində isə müqavilənin növbəti illər üzrə uzadılması nəzərdə tutulmuşdur. “SOCAR X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə "xxxx" MMC ilə X4 Krallığının Aberdin şəhərində yerləşən "X9 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 20.07.2016-cı il tarixli TWC/Easydri 11/2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Daha sonra qeyd edilən 20.07.2016-cı il tarixli müqaviləyə yeni maddələr əlavə edilməklə 27.07.2017-ci il tarixdə "Razılaşmaya Əlavə" bağlanmışdır. Əlavənin 1.12-ci yarımbəndinin f hissəsinə əsasən Müqavilənin 01 nömrəli qoşmasında göstərilən xidmətlərin (avadanlıqların icarəsi, mühəndis xidmətləri və s.) dəyərinin 10% artınlması nəzərdə tutulmuş və g hissəsinə əsasən "xxxx" MMC il ərzində ümumi əməliyyat xərclərinin dəyəri 3.000.000,0 ABŞ dolları məbləğindən az olduqda icarəyə götürülən avadanlıqlarının boşdayanma günlərinin sayı nəzərə alınmaqla icarə avadanlıqlarının günlük tarif məbləğinin 65% miqdarında ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Yuxarıda qeyd edildiyi kimi "Razılaşmaya əlavələr” bölməsinin “müqavilə izahatlan/əlavələri” sətrinin “g” hisəsində qeyd olunan şərtə əsasən il üzrə xərclərin ümumi məbləği 3000000,0 ABŞ dollarından az olarsa, qarşı tərəfin (yəni “X9 Limited” şirkəti) istismar qiymətlərin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququna malik olması təsbit edilmişdir. “X9 Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2734830,0 ABŞ dolları miqdarında yəni, müqavilə şərtində göstərilən 3000000.0 ABŞ dollarından az olduğu üçün 2176417.80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2099816.00 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3000000.0 ABŞ dollarından az olduğundan 3491938.00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün "xxxx" MMC-yə 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 5668355.8 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017-ci və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. Yoxlama ilə müqavilə şərtlərində müəyyən edilən 3.000.000,0 ABŞ dollarından artıq hissənin ödənilməsi ilə xərclərin süni surətdə artırıldığı nəzərə alınaraq, müvafiq hesablamalar aparılmaqla mənfəət vergisinin 2017-ci il üzrə 517306.55 manat (2017-ci və 2018-ci illər üzrə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə əsasən 1 ABŞ dollannın 1.7 manat təşkil etməsini nəzərə alaraq) ((4521489.85 ABŞ dolları - 3.000.000,00 ABŞ dolları) x İ.7 x 20%), 2018-ci il üzrə isə 795364.04 manat ((5339306.0 ABŞ dolları - 3000000,0 ABŞ dolları) x 1.7 x 20%), ümumilikdə 1312670.59 manat (517306.55 manat + 795364.04 manat) azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə vergi ödəyicisinə hesablanmış mənfəət vergisinin əsası ödəyicinin bəyan etdiyi müqavilə üzrə boşdayanmaya əsasən hesablanmış xərcin qəbul edilməməsidir. Belə ki, iddiaçı qeyd edilən müqavilə üzrə boşdayanmaya əsasən hesablanmış məbləği müvafiq olaraq 2017-ci və 2018-ci illər üzrə xərcinə daxil etmiş, lakin qeyd edilən məbləğlər heç bir üzrə ödəniş həyata keçirməmişdir. Halbuki, iddiaçı ilə “X9 Limited" şirkəti arasında bağlanmış müqavilənin 3.1-ci yarımbəndinə əsasən ödənişin orijinal hesab-fakturanın alınmasından 30 gün ərzində həyata keçirilməsi təsbit edilmişdir. Başqa sözlə iddiaçı əsas müqavilənin bağlanmasından 1 il keçdikdən sonra müqaviləyə iqtisadi cəhətdən onun maraqlarına cavab verməyən şərtlərin daxil olduğu “Razılaşmaya əlavə" imzalamış və sözgedən əlavə üzrə göndərilmiş hesab fakturalara əsasən müəyyən edilən məbləği xərcinə daxil etsə də, həmin məbləğlər üzrə ödəniş həyata keçirməmişdir. İşin qeyd edilən hallarından iddiaçının vergidən yayınma sxemi qurmaqla, əsassız olaraq xərcini şişirtməsi bəlli olur. Odur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 06.05.2020-ci il tarixli **********199546 saylı qərar ilə iddiaçıya mənfəət vergisi üzrə 1312670,59 manat məbləğin yayındırılmasına görə 656335,30 manat maliyyə sanskiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: iddiaçı müəssisəyə ƏDV qeydiyyatına dair 25.04.2016-cı il tarixli **********1 nömrəli bildiriş verilmiş və həmin tarixdən də ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstəricilər aşağıdakı cədvəldəki kimi olmuşdur: vergi ödəyicisi tərəfindən təqdim edilən bəyənnaməyə əsasən ƏDV-yə cəlb edilən dövriyyə 30958502,17 manat, hesablanmış ƏDV 5559188,79 manat, əvəzləşdirilən ƏDV 5743853,75 manat, büdcəyə ödənilməli ƏDV 4041572,06 manat. Beləliklə yoxlanılan dövr üzrə iddiaçı təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ********.17 manat vergiyə cəlb edilən ümumi dövriyyədən (o cümlədən 74120.0 manat 0 dərəcə ilə olan dövriyyə) büdcəyə ödənilməli ƏDV 4041572.06 manat göstərilmişdir. Həmin bəyannamələrin kameral vergi yoxlaması nəticəsində büdcədən ödənilməli ƏDV 66.71 manat azaldılmış və bunun səbəbi kimi müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə həmin məbləğdə ƏDV-nin artıq əvəzləşdirildiyi bildirilmişdir. Qeyd olunmalıdır ki, hazırki yoxlama ilə əvəzləşdirilən kameral məbləğ öz təsdiqini tapmışdır. Yoxlama ilə iddiaçının qeyri-rezident şəxslərə gördüyü iş və göstərdiyi xidmətlərə görə hesablanmış haqlar üzrə ƏDV-nin hesablanması, büdcəyə ödənilməsi və həmin ödənişlərə görə əvəzləşdirilən ƏDV məbləğlərinin araşdırılması zamanı Vergi Məcəlləsinin 169.4-cü və 175-ci maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən cədvəldə əvəzləşmə üzrə məlumatlar öz əksini tapmışdır:qeyri-rezidentə görülən işlər, göstərilən xidmətlərə görə 2017-ci il üzrə əvəzləşdirilməsinə yol verilən məbləğ 1380128,35 manat, əvəzləşdirilən məbləğ 1911962, yaranmış fərq 531833,65 manat, 2018-ci il üzrə əvəzləşdirilməsinə yol verilən məbləğ 1459837,47 manat, əvəzləşdirilən məbləğ 2248165,84 manat, yaranmış fərq 788328,47 manat, 2019-cü il üzrə əvəzləşdirilməsinə yol verilən məbləğ 724540,10 manat, əvəzləşdirilən məbləğ 1274642,75, yaranmış fərq 560102.65 manat, qeyd olunan dövr üzrə 1870264,77 manat ƏDV-nin artıq əvəzləşdirilməsi müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində müəssisəyə təqdim edilmiş VHF-lara əsasən 2018-ci ilin dekabr ayında 7.16 manat, 2019-cu ilin fevral ayında 406.46 manat, aprel ayında isə 2776.74 manat olmaqla, cəmi 3190.36 manat ƏDV-nin artıq əvəzləşdirilməsi (təkrar əvəzləşdirilmiş), eyni zamanda 62075.60 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb 2017-ci ilin dekabr ayında müəssisəyə avans şəklində verilmiş 365500.25 manat məbləğin 2018-ci ilin yanvar ayında təkrarən ƏDV bəyannaməsində əks etdirilməsi olmuşdur. Vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilmə vəziyyətinin araşdırılması zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticədə vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilməməsinə görə 2017-il üzrə 350509.20 manat, 2018-ci il üzrə 23810.0 manat, ümumilikdə 374319.2 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Beləliklə yoxlama ilə ƏDV üzrə ümumilikdə 2560017,89 manat verginin yayındırılmasına görə 1123488,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: yoxlanılan dövrdə müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının SOCAR "X8” Tresti ilə bağladığı qazma quyularının maili qazma və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə 20.11.2016-cı il tarixli 05/2016 nömrəli müqavilənin icrası məqsədi ilə iddiaçı ilə X4 Krallığının Aberdin şəhərində yerləşən “X9 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 20.07.2016- cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə üzrə müəssisə tərəfindən 19.10.2018-ci il tarixdə 77916,78 manat, 26.10.2018-ci il tarixdə isə 80245,44 manat, ümumilikdə 158162.22 manat “X9 Limited” şirkətinə ödəniş edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə zidd olaraq 15816.22 manat (158162.22 x 10%) ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Lisenziya fəaliyyətinin yoxlanılması üzrə: SOCAR “X8” tresti ilə İddiaçı MMC arasında bağlanmış 20 sentyabr 2016-cı il tarixli 05/2016 nömrəli müqaviləyə əsasən müəssisə "X8” trestinin qazma quyularda maili qazma və geofiziki-geoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazlarının vasitəsilə görülməsini və qazma avadanlığlarının istifadə edilməsi bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.9-cu bəndinə əsasən işlərin başlanmasına 10 (on) gün qalmış "X8” tresti müəssisəyə texniki və geoloji işləri təqdim edir. Müəssisə işlərin başlanmasına 5 (beş) gün qalmış işlərin görülməsinə dair qazma planını "X8” trestinə təqdim edir. Müqavilənin 4.23-cü bəndinə əsasən müəssisə xidmət sifarişində qeyd olunan işlər tamamlandıqdan sonra “X8” trestinə ətraflı hesabat (End of well report) təqdim edilir. Belə ki, müəssisə tərəfindən Günəşli 5 yatağında 333 nömrəli quyuda 17 iyun- 22 avqust 2018-ci il tarixli dövrdə 1 faza qazma ***-**** metr (21.07- 28.07.2018 qazılma saatı 70,87), 2 faza 1512-2800 metr (03.08-10.08.2018 qazılma saatı 75) və 3 faza 2810- 3220 metr (17.08-21.08.2018 qazılma saatı 37,9) müxtəlif maili qazma və mühəndislik işləri görməklə müqaviləyə əsasən xidmətlər göstərilməsi həyata keçirmişdir. Müqavilənin 1 saylı Qoşmasında qeyd olunan qiymətlərin razılaşdırma protokoluna əsasən “qeyri-maqnit ağırlaşdırlmış müxtəlif ölçülü qazma boruları" (günlük icarə haqqı 151,0-189,0 ABŞ dollar), "Qısa ağırlaşdınlmış müxtəlif ölçülü qazma borularıqeyri-maqnit (günlük icarə haqqı 72,0-101,0 ABŞ dollar), “Müxtəlif ölçülü Qamma karotaj- Elektrik karotaj -Maili cihazı/xidmət” (günlük icarə haqqı 2177,0-5147,0 ABŞ dollar), “Müxtəlif ölçülü Mərkəzləşdirici Kalibratof (günlük icarə haqqı 80,0-291,0 ABŞ dollar) və “İşçi heyətinin sutkalıq icarə haqqı” Qazma mühəndisi, Qazma vaxtı ölçmə mühəndisi, qazma (günlük icarə haqqı 750,0 ABŞ dollar) müəyyən edilmişdir. Müəssisənin işçi heyəti “X8" trestinin quruda və ya dənizdə yerləşən neft və qaz quyuların müxtəlif dərinlikdə (200 metrdən -2100 metr) qazılmasında, o cümlədən maili qazma və geofizika- geoloji işlərinin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsi ilə həyata keçirilməsi qazma vaxtı ölçmə, qazma vaxtı karotaj və qazma işləri üzrə mühəndislərlə (qazma quyusunda 24 saat şərti ilə nəzarət olmaqla) həyata keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisənin lisenziya alınıb-alınmamasını və fəaliyyətinin lisenziya tələb olunan fəaliyyət növlərinə aid olub-olmamasının dəqiqləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (əgər alınıbsa məlumat əldə edilməsi) (AVİS 21 noyabr 2018-ci il tarixli **********504300 nömrəli məktubla) sorğu məktubu göndərilmişdir. Məktubda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyində olan dövlət müəssisənin sahəsində Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik əsasında fəaliyyət göstərən özəl müəssisə tərəfindən quruda və dənizdə ***-**** metr dərinliyində olan neft və qaz quyuların qazılmasında, o cümlədən maili qazma və geofizika-geoloji işlərinin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsi ilə həyata keçirilməsi müxtəlif növ mühəndislik xidmətləri (qazma vaxtı ölçmə, qazma vaxtı karotaj və qazma işlərinə mühəndislərlə 24 saat şərti ilə nəzarət olmaqla) göstərilməsi işləri xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrdən icarəyə götürülmüş xüsusi qazma avadanlıqları vasitəsi ilə yerinə yetirilməsi bildirilmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən Vergilər Nazirliyinin sorğu məktubuna 5 dekabr İN-X/O -15194/2019 (AVİS 11 dekabr 2019-cu il tarixdə **********112000 nömrəli) cavab məktubu ilə müəssisənin fəaliyyətinin neft-qaz sənayesində qazma, quyuların əsaslı və yeraltı təmiri işləri "Lisenziyalar və icazələr” Azərbaycan Respublikası Qanunun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısfnın 11-ci bəndində “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” lisenziya tələb olunan fəaliyyət növlərinə aid olması bildirilmişdir. Bununla yanaşı, sözügedən Qanunun 1 nömrəli əlavəsinin 17-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri (mühəndis- geodeziya, mühəndis-geoloji axtanş, mühəndis-hidrogeoloji axtanş, geofiziki və qruntların laboratoriya tədqiqatı) fəaliyyəti lisenziyalaşdınlan fəaliyyət növlərinə aid olduğunu və "xxxx" MMC-yə hər hansı fəaliyyət növünə lisenziyanın verilmədiyini bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza əlavə təqdim edərək verdiyi izahatında bildirmişdir ki, mənfəət vergisi üzrə: qeyd edildiyi kimi yoxlama ilə 2017-ci və 2018-ci illərin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə edilən xərclərin düzgün gostərilmədiyi müəyyən edilmişdir. Belə ki,“SOCAR X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə "xxxx" MMC ilə X4 Krallığının Aberdin şəhərində yerləşən “X9 Limited” şirkəti arasında avadanlıqların icarəyə götürülməsi barədə 20.07.2016-cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqaviləyə 27.07.2017-ci il tarixdə bağlanmış “Razılaşmaya Əlavə”nin iqtisadi cəhətdən iddiaçının maraqlarına cavab vermədiyi və bu üsulla iddiaçının vergidən yayınma sxemi qurmaqla, əsassız olaraq xərcini şişirtməsi etirazda öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılan əməliyyat nəzərdə tutulur. İddiaçının bağladığı əqdin mahiyyətindən bəlli olduğu kımı vergi üstünlüyü əldə etmə məqsədilə vergidənyayınma sxemi qurulmuşdur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü dedikdə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma nəzərdə tutulur. Odur ki, vergi ödəyicisi tərəfindən xərclərin əsassız şişirdilməsi səbəbindən yoxlama ilə həmin xərclərin nəzərə alınmadan mənfəət vergisinin hesablanması tamamilə qanuni və əsaslı olmuşdur. Əlavə dəyər vergisi üzrə: etirazda da qeyd edildiyi kimi mübahisələndirilən qərarla iddiaçıya hesablanmış ƏDV üzrə hesablamanın əsasını iddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşdirmənin vergi orqanı tərəfindən qəbul edilməməsi olmuşdur. Yoxlama ilə əvəzləşdirmənin qəbul olunmadığı əməliyyatlar əsasən qeyri-rezident tərəfindən göstərilən xidmətlər, həm idxal əməliyyatlarından təşkil olunmuşdur. Səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 169.4-cü və 175-ci maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 169.1 -ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (......), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Həmin Məcəllənin 169.2-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin əvəzləşdirilməsinin tələblərindən biri yerinə yetirilən əməliyyatın dəyərinin bank hesabına ödənilməsindən ibarətdir. Lakin yoxlama zamanı vergi ödəyicisi tərəfindən əməliyyatın dəyərinin bank hesabına ödənilmədən ƏDV-nin ödənilərək əvəzləşdirildiyi aşkar edilmiş və müvafiq əvəzləşdirmə ləğv edilərək ƏDV üzrə hesablama həyata keçirilmişdir. İddiaçı qeyd edilən hala münasibətdə vergi qanunvericiliyinin ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı şərtlərinin hər birinin qeyri-rezident tərəfindən həyata keçirilməsinin faktiki baxımdan mümkün olmadığına istinad edərək, qeyri-rezidentə ödənilən məbləğlərlə bağlı ƏDV-nin əvəzləşdirilməsinə həmin şərtlərin şamil edilməməli olduğunu bildirmişdir. İddiaçının qeyd edilən mövqeyinə münasibətdə bildirirlər ki, vergi qanunvericiliyi ƏDV- nin əvəzləşdirilməsi ilə bağlı şərtlərin dairəsini konkret müəyyən etmiş və qeyri-rezidentə münasibətdə həmin şərtlərə əməl edilməsini istisna edən norma müəyyən etməmişdi, vergi qanunvericiliyinin müddəalarına nəzər saldıqda qeyri-rezidentə ödənilən məbləğlər ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı yerinə yetirilməsi mümkün olmayan şərtin tələb olunmadığı aydın olur. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 169.2-ci maddəsinin tələbindən də göründüyü kimi qeyrirezident tərəfindən iş görülməsi və xidmət göstərilməsi halında ƏDV- nin bəyan edilib, ödənilməsi öhdəliyi vergi agentinə həvalə edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə müvafiq olaraq vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Başqa sözlə, qeyri-rezidentə münasibətdə vergi agenti tərəfindən ƏDVnin bəyan edilərək, dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq əvəzləşdirmənin əsas şərtlərindən biri olan ƏDV-nin depozit hesabına ödənilməsi ilə bağlı tələbi əvəz etmiş sayılır. Vergi Məcəlləsinin 169.4-cü maddəsinin ikinci cümləsinə əsasən hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququ verən elektron qaimə-fakturadır. Qeyd edilən maddənin tələbindən də aydın olduğu kimi vergi agenti tərəfindən ƏDV-nin ödənildiyini təsdiq edən sənəd ƏDV-nin əvəzləşdirilməsi hüququnu verən elektron qaimə-fakturaya bərabər tutulur. Başqa sözlə dedikdə, qeyri-rezident tərəfindən görülən işlər, göstərilən xidmətlərə görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi üçün qeyri-rezident tərəfindən elektron qaimə-faktura verilməsi tələb edilmir, vergi agenti tərəfindən verginin ödənildiyini təsdiq edən sənəd əvəzləşdirməyə əsas verən sənəd rolunda çıxış edir. Odur ki, yuxarıda sadalananlardan məlum olduğu kimi iddiaçının dediyinin əksinə qeyri-rezidentlə aparılan əməliyyatlar üzrə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı icrası mümkün olmayan hər hansı şərt mövcud deyildir. Məhz bu səbəbdən iddiaçı əməliyyatın dəyərinin bank hesabına ödənilməsi də daxil olmaqla, yuxarıda qeyd edilən şərtlərə əməl etməklə ƏDV-ni əvəzləşdirmək hüququna malikdir. İdxala münasibətdə ƏDV-nin əvəzləşdirilməsinin qəbul edilməməsi ilə bağlı cavabdeh bildirir çatdırırıq ki, iddiaçı ilə “X9 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi məqsədilə idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu Məcəllənin Xİ fəslinə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malla hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və şifahi məhkə baxışı iclasında tədqiq edilmiş: -19.03.2020-ci il tarixli, №**********185720 nömrəli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, İddiaçı (VÖEN **********) fəaliyyəti yanvar 2017 – aprel 2019-cu il olmaqla 2017-2019-cu illəri əhatə etməklə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) cavabdeh vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 19.06.2019-cu il tarixdə başlanılmış və 19.03.2020ci il tarixdə başa çatmışdır. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199546 saylı, 06.05.2020-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçınə ümumi olaraq 3.139.866,32 manat (müxtəlif vergi növləri üzrə) vergi məbləği hesablanmış, 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. - səyyar vergi yoxlaması aktına əsasən iddiaçı ilə SOCAR “X8” Tresti arasında qazma quyularının maili qazma və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə 20.11.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin müddəti bir il nəzərdə tutulmuş və 2017-2018-ci illər üzrə müqavilə müddəti uzadılmışdır. SOCAR “X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə "xxxx" MMC ilə X4 Krallığının Aberdin şəhərində yerləşən “X9 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 20.07.2016-cı il tarixli TWC/ Easydrill /2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Sonradan 27 iyul 2017-ci il tarixdə müqaviləyə əlavə maddələr əlavə edilməklə yeni müqavilə bağlanmışdır. Yeni müqavilənin 1.12 maddəsinin f) bəndinə əsasən 1 nömrəli qoşmasında göstərilən xidmətlərin (avadanlıqların icarəsi, mühəndis xidmətləri və s) dəyərinin 10% artırılması və g) bəndinə əsasən il ərzində ümumi əməliyyat xərclərinin 3.000.000,00 ABŞ dolları məbləğindən az olduqda icarəyə götürülən avadanlıqlarının boşdayanma günlərinin sayı nəzərə almaqla icarə avadanlıqlarının günlük tarif məbləğinin 65% miqdarının hasildən olan ödəniş məbləğinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" MMC ilə “X9 Limited” şirkəti arasında bağlanmış müqavilənin “Razılaşmaya əlavələr” bölməsinin “müqavilə izahatları/əlavələri” sətrinin “g” yarım bəndində qeyd olunan şərtə əsasən il üzrə xərclərin ümumi məbləği 3.000.000,00 ABŞ dollarından az olarsa, qarşı tərəf (yəni “X9 Limited” şirkəti) istismar qiymətlərin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququna malikdir. Qeyd edilən şərt əsas götürülərək, “X9 Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2.734.830,00 ABŞ dolları olmuş, müqavilə şərtində göstərilən 3.000.000,00 ABŞ dollardan az olduğu üçün 2.176.417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktııra təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2.099.816,00 ABŞ dolları olmuş, müqavilə şərtində göstərilən 3.000.000,00 ABŞ dollardan az olduğu üçün 3.491.938,00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Yoxlama dövrü ərzində cəmi 5.668.355,8 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017 və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. Lakin cavabdeh vergi orqanı yoxlama ilə müqavilə şərtlərində göstərilən 3.000.000,00 ABŞ dollarının tamamlanmasından artıq hissəsini gəlirin əldə edilməsi ilə bağlı xərc kimi qəbul etməmiş və bunun nəticəsində mənfəət vergisinin 2017-ci il üzrə 517.306,55 manat, 2018-ci il üzrə isə 795.364,04 manat ümumilkdə 1.312.670,59 manat azaldıldığı qənaətinə gələrək maliyyə sanksiyası tətbiq etmişdir. Bununla bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edərək bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin olmasına və tərəflərin həmin müqavilənin tələblərinə uyğun fəaliyyət göstərməsinə baxmayaraq yoxlama nəticəsində xərclərin 3.000.000,00 ABŞ dollarından artıq olan hissəsinin xərc olaraq qəbul edilməməsinin səbəbləri və əsasları yoxlama və iş materiallarında mövcud deyil. İş materiallarında olan səyyar vergi yoxlaması aktına əsasən iddiaçı gəlir və xərclərinin uçotunu hesablama metodu ilə apardığından Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 134-cü və 136-cı maddələrinin müddəalarına əsasən müqavilə şərtləri xərcin tanınması üçün əsasdır. Belə ki, Vergi Məcəlləsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır (maddə 134). Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: - vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; - maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; - əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Vergi məcəlləsinin 136.2-ci maddəsinə əsasən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini əsas götürərək Məhkəmə o nəticəyə gəlir ki, "xxxx" MMC “X9 Limited” şirkəti arasında bağlanmış müqavilə şərtlərini əsas götürərərk boşdayanmaya görə hesablanmış vəsait iddiaçının 2017 və 2018-ci illərdə gəlirin əldə edilməsi ilə bağlı xərcidir və yoxlama materiallarına əsasən boşdayanmalara görə 3.000.000,00 ABŞ dollarından artıq olan vəsaitin xərc kimi tanınmaması nəticəsində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiqi əsassızdır və iddia həmin hissədə təmin edilməlidir. Eyni zamanda qeyd edilmədir ki, iddiaçı tərəfindən 2017-ci il üzrə gəlirdən çıxılmalı olan əmlak vergisinin məbləği 275,55 manat əsassız olaraq artırılmış və cavabdeh vergi orqanı bu səbəbdən 55,11 manat mənfəət vergisi hesablamışdır ki, həmin hesablamanın əsassız olduğunu sübut edən hər hansı sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iş materiallarına əsasən ƏDV üzrə 1.811.379,51 manat vergi məbləği hesablanmışdır. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, iddiaçıya qeyri-rezident şəxslər tərəfindən gördüyü iş və göstərdiyi xidmətlərə görə hesablanmış ƏDV Vergi Məcəlləsinin 169.4 və 175-ci maddələrinin tələblərinə əməl edilmədiyi üçün əlavə vergi məbləği hesablanmışdır. Bununla bağlı Məhkəmə tərəflərin verdiyi izahatı dinləyərək və iş materiallarını araşdıraraq cavabdehin yanlış nəticəyə gəldiyini hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 2017-ci il üzrə 54,00 manat alınmış vergi hesabfakturaları üzrə, 41.447,11 manat yük gömrük bəyannamələri üzrə, 490.386,5 manat qeyrirezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşmənin ləğv edilməsi səbəbindən, 2018-ci il üzrə 19,87 manat alınmış vergi hesab-fakturaları üzrə, 150.119,26 manat yük gömrük bəyannamələri üzrə, 638.209,21 manat qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşmənin ləğv edilməsi səbəbindən, 2019-ci il üzrə 3.183,19 manat alınmış vergi hesab-fakturaları üzrə, 123.089,25 manat yük gömrük bəyannamələri üzrə, 427.013,40 manat qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşmənin ləğv edilməsi səbəbindən büdcəyə vergi məbləği hesablanmasına baxmayaraq səyyar vergi yoxlaması aktında vergi hesablanmasına səbəb olmuş hal kimi yalnız iddiaçıya qeyri-rezident şəxslər tərəfindən gördüyü iş və göstərdiyi xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsinin ləğv edilməsi nəticəsində vergi məbləğinin hesablandığı qeyd olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olundu ki, yoxlanılan dövrdə 3.257,06 manat vergi hesab-fakturaları üzrə ödənilən ƏDV-nin əvəzləşdirməsi, 314.655,62 manat idxal zamanı tərtib edilmiş gömrük bəyannamələri üzrə ödənilən ƏDVnin əvəzləşdirməsi, 1.555.609,11 manat isə qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşməsi ləğv edilmişdir. Lakin yoxlama materiallarına əsasən yoxlanılan dövr ərzində 314.655,62 manat idxal zamanı əldə edilmiş gömrük bəyannamələri üzrə ödənilən ƏDVnin ləğvi üçün yoxlama materiallarında hər hansı əsaslandırma mövcud deyil. 2017-2019cu illərdə qüvvədə olan Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan idxal üzrə ödənilmiş ƏDV əvəzləşdirilməlidir və vergi tutulan idxal üzrə ödənilmiş ƏDV üzrə əvəzləşdirməni qadağan edən hər hansı maddi hüquq norması mövcud deyil. Həmçinin iş materiallarına əsasən səyyar vergi yoxlaması keçirilmədən öncə vergi orqanı tərəfindən idxal olunan mallara görə ödənilmiş ƏDV üzrə əvəzləşdirmə kameral vergi yoxlaması ilə ləğv edilmiş və sonradan isə həmin əvəzləşdirmə cavabdeh vergi orqanı tərəfindən bərpa edilmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş və idxal zamanı büdcəyə ödənilən ƏDVnin ödənişini təsdiq edən sənədlər, həmçinin əməliyyatların rəsmiləşdirilməsinin sübutu olan gömrük bəyannamələrinə əsasən ƏDV-nin əvəzləşdirmənin ləğvinin əsassız olduğunu qeyd edir. Eyni zamanda iş materiallarına əsasən cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı 1555609,11 manat qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV məbləğinin əvəzləşdirməsi ləğv edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, vergi ödəyicisi qeyrirezidentdən aldığı iş və xidmətin haqqını həmin qeyri-rezidentə ödəməsə də, ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən dövlət büdcəsinə ödəmiş və ödənilən ƏDV məbləğini təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirmişdir. Səyyar vergi yoxlaması zamanı bu məbləğlər üzrə əvəzləşdirmə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinadən ləğv edilmişdir. Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV, ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Lakin qeyri-rezidentin ƏDV depozit hesabı olmadığından İddiaçı MMC tərəfindən qeyri-rezident şəxsdən aldığı iş və xidmətin dəyərinin 18%-i həcmində büdcəyə ödəyərək əvəzləşdirdiyi ƏDV məbləği ləğv edilən zaman cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinad edə bilməzdi. O cümlədən iş materiallarına əlavə olunmuş (bax cild 2, səh. 1-2) Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytının sual cavab bölməsindən çap edilmiş sənədlər mövcuddur ki, həmin sənəddə qeyri-rezident tərəfindən görülmüş işin və göstərilmiş xidmətin dəyəri ödənilmədən büdcəyə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyinə zidd olmadığı qeyd olunur. Beləliklə iş materiallarında yoxlanılan dövr ərzində 3.257,06 manat vergi hesabfakturaları üzrə ödənilən ƏDV-nin əvəzləşdirməsinin, 1555609,11 manat isə qeyri-rezident şəxsin Azərbaycan Respublikasında gördüyü işə (göstərdiyi xidmətə) görə büdcəyə ödənilən ƏDV üzrə əvəzləşmənin ləğv edilməsi Vergi Məcəlləsinin müddəaları ilə ziddiyyət təşkil etmədiyi üçün həmin hissədə əlavə hesablanmış ƏDV məbləği də əsassızdır. Bundan başqa iş materiallarında olan səyyar vergi yoxlaması aktına əsasən qeyri-rezidentlərə 158.162,22 manat iş və ya xidmətin dəyəri ödənildiyindən həmin qeyrirezidentlərin Azərbaycan mənbəyindən gəliri formalaşdığından Vergi Məcəlləsinin 125-ci maddəsi əsas götürülərək 15.816,22 manat qeyri-rezidentin ödəmə mənbəyində vergi hesablanmış və maliyyə sanksiyası tətbiq olunmuşdur. Lakin hesablanmış vergi məbləğinin əsassız olmasına dair iş materiallarında hər hansı sübut müəyyən edilmir. Həmçinin, Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı “Ekspert rəyi”nə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ömv-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanmasının müəyyən edildiyi qeyd edilmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 3.11-ci maddəsinə görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.05.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı İddiaçı MMC-nə 2017-ci il üzrə 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməli” hissələri istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.05.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı İddiaçı MMC-nə 2017-ci il üzrə 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməli” hissələri istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar