Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-320/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2392 saylı məhəllədə yerləşən ümumi sahəsi 300 kv.m olan torpaq sahəsinə dair icarə hüququ əsasında dövlət reyestrindən çıxarışın veriləsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 dekabr 2006-cı il tarixli 15 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən ona ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2392 saylı məhəllədə yerləşən ümumi sahəsi 300 kv.m olan torpaq sahəsi 2000-ci ildən bugünədək onun istifadəsindədir. O, həmin torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirilməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş, bələdiyyə tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısıın 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əssasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin sərəncaına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən Bakı şəhər Nizami Bələdiyyəsinin 16 saylı, 27 dekabr 2006-cı il tarixli qərarı və Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 15 saylı iclasının protokolundan çıxarış təqdim edilsə də, təqdim edilmiş 30 dekabr 2006-cı il tarixli müqavilədə Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 15 saylı qərarına istinad edilmişdir. Eyni zamanda, İdarənin elektron kadastr məlumatlarında faktiki göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır, dövlət mülkiyyətindədir. Həmçinin, torpaq sahəsi şərti sərhədli olmaqla ümumi istifadədə olan yolkənarı yaşıllıq ərazidə yerləşir. Bundan əlavə, sahə daxilində piyada yolu və səki mövcud olmaqla, sahədən 325 mm-lik yeraltı qaz boru xətti keçir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2021-ci il tarixli, **********94 nömrəli məktubla imtina edilmişdir.
8. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən verilmiş 16 nömrəli, xx.xx.2006-cı il tarixli qərarına əsasən Nizami rayonu, Q.Qarayev prospekti, 2392-ci məhəllədə yerləşən 300 kv.m faktiki istifdədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilmişdir.
9. Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 13 saylı iclas protokolundan çıxarış iş materiallarına əlavə edilmişdir.
10. 30 dekabr 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” və torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə edilmişdir.
11. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 02/569 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, onunla Nizami Bələdiyyəsi arasında xx.xx.2006-cı ildə bağlanmış torpaq icarə müqaviləsində qeyd olunan və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 2392-ci məhəllədə yerəşən ümumi sahəsi 300 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir.
12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən verilmiş 03/168 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Nizami Bələdiyəsinin 2000-2016-cı illərin iclas protokolları və qərarları əlavələri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 3-48-2F/2-06413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Nizami Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 15 saylı iclas protokolundan arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Arxiv çıxarışında iddiaçıya 100 kv.m torpaq sahəsinin icarə əsasında ayrılması qeyd edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-33377/2023 **********77 nömrəli məktubla bildirilmişdir ki, sorğuya qeyd olunan torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
15. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 02/M-1111 nömrəli, 23 dekabr 2024-cü il tarixli məktubla bildirilmişdir ki, onunla Nizami Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2392-ci məhəllədə, 300 kv.m torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə olunmuş cizgidə torpaq sahəsinin ölçüləri 21.0×14.30=300.3 kv.m aydın şəkildə göstərilir.
16. Məhkəmənin 2-1(112)-12151/2023 saylı xx.xx.2023-cü il tarixli “məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə” qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3-16- 16/2-10/1220 nömrəli 08 aprel 2024-cü il tarixli rəy təqdim edilmişdir. Təqdim edilmiş rəyə əsasən baxış zamanı əldə olunan məlumatlar ilə Bakı şəhəri Nizami Bələdiyyəsinin 16 nömrəli, 27 dekabr 2006-cı il tarixli qərarı ilə Nizami rayonu, Q.Qarayev prospekti 2392-ci məhəllədə yerləşən İddiaçı icarəsinə ayrılmış 300 kv.m torpaq ssahəsinin sxemində qeyd olunanları, eləcə də, iş materiallarına əlavə edilmiş xəritədə göstərilənləri müqayisəli şəkildə təhlil etikdə məlum olmuşdur ki, baxış zamanı təqdim olunan torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri və s. texniki parametrləri Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən təsdiq edilmiş situasiya planına uyğun olmaqla Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 812 nömrəli sərəncamı ilə Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan torpaq sahəsinin sərhədləri şərti olmaqla (çəpərə alınmamışdır) torpaq sahəsi 14.3 metr enində, 21.0 metr uzunluğunda sahədir. Torpaq sahəsi Q.Qarayev prospekti ünvanda yaşayış binasının yanından keçən məhəllədaxili yol ilə Q.Qarayev prospektinin yanındakı səkinin ayasında qalan hissədə yerləşir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. İddiaçı tərəfindən Bakı şəhər Nizami Bələdiyyəsinin 16 saylı, 27 dekabr 2006-cı il tarixli qərarı və Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 15 saylı iclasının protokolundan çıxarış təqdim edilsə də, təqdim edilmiş 30 dekabr 2006-cı il tarixli müqavilədə Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 15 saylı qərarına istinad edilmişdir.
2. İdarənin elektron kadastr məlumatlarında faktiki göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır, dövlət mülkiyyətindədir.
3. Həmçinin, torpaq sahəsi şərti sərhədli olmaqla ümumi istifadədə olan yolkənarı yaşıllıq ərazidə yerləşir. Bundan əlavə, sahə daxilində piyada yolu və səki mövcud olmaqla, sahədən 325 mm-lik yeraltı qaz boru xətti keçir.
4. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir.
24. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
25. Cavabdehin 1-ci dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
29. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 15 saylı iclasının protokolundan çıxarışa və Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 dekabr 2006-cı il tarixli, 16 saylı qərarına əsasən Nizami rayonu, Qara Qarayev prospekti, 2392-ci məhəllədə yerləşən 300 kv.m faktiki istifadədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsinə dair bələdiyyə ilə iddiaçı arasında 30 dekabr 2006-cı il tarixli icarə müqaviləsi də, bağlanmışdır. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli, 15 saylı iclasının protokolundan arxiv çıxarışı təqdim edilsə də, həmin arxiv çıxarışında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 100 kv.m göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan torpaq sahəsinin icarə əsasında ayrılması barədə qərar, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpaq sahəsinin yerləşmə cizgisi və bələdiyyə tərəfindən iddiaçının müraciətinə verilmiş cavab məktubuna və bələdiyyə tərəfindən verilmiş iclas protokolunun arxiv çıxarşına əsasən iddiaçıya 300 kv.m torpaq sahəsi ayrılması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə iclas protokolunun Arxivə təhvil verilmiş nüsxəsində ayrılmış torpaq sahəsinin ölçüsünün 100 kv.m qeyd edilməsi iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və Bakı şəhəri Nizami Bələdiyyəsinin qərarı mötəbər qiymətləndirilməlidir.
30. Məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının icrası ilə əlaqədar təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, baxış zamanı əldə olunan məlumatlar ilə Bakı şəhəri Nizami Bələdiyyəsinin 16 nömrəli, 27 dekabr 2006-cı il tarixli qərarı ilə Nizami rayonu, Q.Qarayev prospekti 2392-ci məhəllədə yerləşən İddiaçı icarəsinə ayrılmış 300 kv.m torpaq sahəsinin sxemində qeyd olunanları, eləcə də, iş materiallarına əlavə edilmiş xəritədə göstərilənləri müqayisəli şəkildə təhlil etikdə məlum olmuşdur ki, baxış zamanı təqdim olunan torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri və s. texniki parametrləri Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən təsdiq edilmiş situasiya planına uyğun olmaqla Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 812 nömrəli sərəncamı ilə Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan torpaq sahəsinin sərhədləri şərti olmaqla (çəpərə alınmamışdır) torpaq sahəsi 14.3 metr enində, 21.0 metr uzunluğunda sahədir. Torpaq sahəsi Q.Qarayev prospekti ünvanda yaşayış binasının yanından keçən məhəllədaxili yol ilə Q.Qarayev prospektinin yanındakı səkinin ayasında qalan hissədə yerləşir. Ekspert rəyindən torpaq sahəsindən baxış zamanı qaz boru xəttinin keçməsi və qaz boru xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı hal müəyyən edilməmişdir.
31. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla icarə hüquqları yaranmışdır.
32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
33. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1220 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 dekabr 2006-cı il tarixli, 16 saylı qərarına əsasən Nizami rayonu, Qara Qarayev prospekti, 2392-ci məhəllədə yerləşən icarə hüququ əsasında İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva