Məhkəmə qərarları › İş №2-1(112)-3202/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3202/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3202/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. 1981-1983cü illərdə hərbi xidmətdə olmuşdur. 1983-1984-cü illərdə peşə məktəbində təhsil almışdır. xx.xx.1984-cü ildə Bakı Elektro Termik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. Əvvəl tornaçı, daha sonra çilingər vəzifəsində çalışmışdır. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Əmək kitabçasında göstərilir ki, xx.xx.1985-ci ildə çilingər vəzifəsinə keçirlmişdir. xx.xx.2000-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir. Elə həmin gün əvvəlki işinə bərpa edilmişdir. xx.xx.2002-ci ildə Bakı Elektro Termik Avadanlığı Zavodu "xxxx" ASC-nə çevrilmişdir. xx.xx.2004-cü ildə müqavilə əsasında ştamplayıcı təyin edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya iş stajının təsdiq olunması üçün verilən xx.xx.2023-cü il tarixli arayışda həmin zavodda xx.xx.1984-xx.xx.1986-cı illərdə tornaçı (güzəştli şərtlərlə) və xx.xx.2004-cü ildən xx.xx.2008-ci il tarixədək ştamplayıcı (güzəştli şərtlərlə) işlədiyi faktı öz əksini tapmışdır. Həmçinin iddiaçıya zavodda işlədiyi dövrdə xx.xx.1985-ci il tarixli və xx.xx.1987-ci il tarixli arayışlar verilmişdir və işin əməyin təhlükəli şərtləri ilə bağlı olduğu qeyd edilmişdir. Onun işlədiyi çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuşdur. Onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox olmuş, həmin müddətin 22 ilini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə və güzəştli iş stajının olmamasına istinad edilməklə imtina edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “tornaçı” və “ştamplayıcı” vəzifələri nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/Q-152482/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 07 aprel 2023-cü il tarixli 15 nömrəli arayışda İddiaçı “Bakı elektrotermik avadanlıqlar zavodu”nda indiki "xxxx" ASC-də xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək tornaçı, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək ştamplayıcı peşələrində işlədiyi əmək stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajına uyğun deyil. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı yoxdur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 07.0.2023-cü il tarixli 3-17-1/2-Q-152482/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. İddiaçının adına ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası açılmışdır.

10. İddiaçının 1984-1985-ci illərdə SSSR Elektrik Sənayesi Nazirliyinin Bakı Təcrübi Eksperimental zavodda 2-ci dərəcəli çilingər vəzifəsində işləməsi barədə həmin tarixlərdə verilmiş arayışlar mövcuddur.

11. İddiaçıya verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1981-ci il tarixdən 18 aprel 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

12. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 15 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı Elektrotermiki avadanlıqlar zavodunda indiki "xxxx" ASC-də xx.xx.1984-cü il tarixdən (güzəştli şərtlərlə) tornaçı peşəsində və xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədən (güzəştli şərtlərlə) ştamplayıcı peşəsində işləmişdir. Qeyd edilən peşələrdə işlədiyi əmək stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajına uyğun olmadığı üçün ona bu barədə arayışın verilməsi mümkün olmamışdır.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 05 dekabr 2023-cü il tarixli 3-17-1/2-284707/2023 nömrəli məktubla iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 37 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, İddiaçı həqiqətən Bakı Elektrotermik Avadanlıqları Zavodunda indiki "xxxx" ASC-də işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək tornaçı peşəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək çilingər-quraşdırıcı peşəsində işləmişdir. xx.xx.2000-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək ştamplayıcı peşəsində işləmiş, xx.xx.2008-ci il tarixdən elektromexaniki təmir bölməsində çilingər-mexanik peşəsində işləmiş, xx.xx.2011-ci il tarixdən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad olunmuşdur. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarları ilə tsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyil (Bölmə XXXİİİ.Ümumi peşələr). Həmin dövrə dair vəzifə təlimatları müəssisədə qalmadığından, gördüyü işlərin xarakteristikası və funksiyaları barədə məlumat verə bilməmişlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

22. İddiaçının hazırki tələbinin hüquqi əsasını qüvvədə olan“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

25. Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.

26. Cavabdehin imtinasının və etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazilər Kabinetinin “Güzəştli şərtlərlə yaşa gprə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə müvafiq qərarlarında nəzərdə tutulmamışdır.

27. Cavabdehin imtinasının və etirazının dəlilləri məhkəmə tərəfindən iddiaçının işlədiyi müəsissəyə aidiyyəti üzrə sorğular göndərilərək ətraflı araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq tələb olunan 12 il 6 ay güzəştli iş stajı yoxdur.

28. Belə ki, iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən verilmiş arayışdan müəyyən edilmişdir ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək tornaçı peşəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək çilingər-quraşdırıcı peşəsində işləmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək ştamplayıcı peşəsində işləmiş, xx.xx.2008-ci il tarixdən elektromexaniki təmir bölməsində çilingər-mexanik peşəsində işləmiş, xx.xx.2011-ci il tarixdən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad olunmuşdur. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarları ilə tsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.

29. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar