Məhkəmə qərarları › İş №2-1(112)-3204/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3204/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3204/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X20, X14, X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X15, X21, X10, X22, X23, X24, X11, X20, X14, X9, X16, X25 və X5 Bakı şəhəri Binəqədi rayonu, X35 küçəsində yerləşən 2 saylı evin 56 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmasının cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu, X35 küçəsində yerləşən 2 saylı evin 56 nömrəli mənzilini 13 noyabr 1999-cu il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış 096960 saylı alqı-satqı müqaviləsinə əsasən X12 almışdır, həmin vaxtdan mənzil onun mülkiyyətindədir. Mənzili alarkən Mais Xəlilov bir ay müddətində satdığı evin qeydiyyatından çıxacaqlarını bildirmişdi. Üçüncü şəxs qismində adlarını qeyd eldiyi şəxsləri tanımır, həmin şəxslər müllkiyətində olan mənzildə onunla birgə yaşamamışlar və həmin şəxslərin hansı formada qeydiyyata düşmələrindən məlumatı yoxdur. Digər tərəfdən, həmin şəxslərin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmaları mülkiyyətçisi olaraq hüquqlarının pozulmasına səbəb olur. Bu əsasla müvafiq ərizə ilə hazırki iş üzrə cavabdeh orqana müraciət edərək ərizədə göstərilən şəxslərin Bakı şəhəri Binəqədi rayonu, X35 küçəsində yerləşən 2 saylı evin 56 nömrəli mənzilin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İnzibati orqan xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəmi təmin elməmiş və buna səbəb məsələnin onun səlahiyyətində olmadığını, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən məsələnin müsbət həllinin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olmasını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X15, X21, X10, X22, X23, X24, X11, X20, X14, X9, X16, X25, X17 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək X20, X14, X4 Bakı şəhəri Binəqədi rayonu, X35 küçəsində yerləşən ev 2, mənzil 56 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15, X21, X10, X22, X7, X24, X11, X16 və X8 üçüncü şəxs qismində prosessual iştiraklarına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X20, X14 qeydiyyata düşmək üçün rəsmi ünvanları olmadıqlarından iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və digər üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İmişli rayonu, Ə.Vahid küçəsi 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, X35 küçəsi, ev 2, mənzil 56 İddiaçı adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.1988-ci il təvəllüdlü X22, xx.xx.1986-ci il təvəllüdlü X23, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1962-ci il təvəllüdlü X14, xx.xx.1980-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X25, xx.xx.1980-ci il təvəllüdlü X17 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx-7448/11 nömrəli məktubla göndərilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında yerləşən mənzillə bağlı notariat işinin surətindən görünür ki: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 017045 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, X35 küçəsi, ev 2, 56 saylı mənzil X18 adına xx.xx.1999-cu ildə 30/160057 nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.1999-cu il tarixli 096960 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X27 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında yerləşən mənzili alıcı X1. - X14 notarial qaydada təsdiq edilmiş xx.xx.1999-cu il tarixli ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında yerləşən mənzilin satılmasına razılığını bildirir. Tələbin girova yönəldiləcəyi və ya evin satılacağı halda mənzildən çıxmağı öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin verdiyi 30.11.222-ci il tarixli, 059-49854-1222 nömrəli məktubunda bildirilmişdir ki, X15 xx.xx.2022-ci İl tarixdə ASAN 2, X21 2015-cı il tarixdə ASAN 1, X10 2021-ci il tarixdə ASAN 1, X22 2011-ci il tarixdə, X23 2004- cü il tarixdə, X24 2003-cü il tarixdə, X11 2015-ci il tarixdə ASAN 1, X20 2004-cü il tarixdə, X14 2004cü il tarixdən, X9 2002-ci il tarixdən, X16 2014-cü il tarixdə ASAN 1, X25 2015-ci il tarixdə ASAN 3 və X17 2011-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr, X35 küçəsi, ev 2, mənzil 56 ünvanına qeydiyyata alınmışdılar. Şəxsiyyət vəsiqəsinin verilməsi barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün sizə təqdim olunması imkanımız xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 18/2-29542-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X15 xx.xx.2022-ci il tarixdə, 01,06.2007-ci il təvəllüdlü X21 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X10 xx.xx.2021-ci il tarixdən, xx.xx.1988-ci il təvəllüdlü X22 xx.xx.2014cü il tarixdən, xx.xx.1986-cı il təvəllüdlü X23 xx.xx.2012-ci il tarixdən, xx.xx.1978-ci il təvəllüdlü X24 xx.xx.2003-cü il tarixdən, xx.xx.2014-cü il təvəllüdlü X11xx.xx.2015-ci il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü X20xx.xx.2004-cü il tarixdən, xx.xx.1962-ci il təvəllüdlü X14 xx.xx.2004-cü il tarixdən, xx.xx.1980-cı il təvəllüdlü X9 08.11,2002-ci il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü X16 xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il təvəllüdlü X26 xx.xx.2015-ci il tarixdən, xx.xx.1981-ci il təvəllüdlü X17 xx.xx.2011-ci il tarixdən hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildiririk ki, qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv ediliyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X35 küçəsi, ev 2, mənzil 56 ünvanı üzərində sorğuda qeyd olunan fiziki şəxslərin istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2008ci ildə vəfat etmiş Talıov Nazim azım oğlunun varisi arvadı İddiaçı, şəhadətnmə verilmiş miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, X35 küçəsi, ev 2, 56 ünvanında yerləşən mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon MKTB 72 saylı MKİS-nin xx.xx.2023cü il tarixli 06 nömrəli məktubundan görünür ki, Binəqədi rayonu 72 saylı MKİS-də olan məlumata əsasən xx.xx.2010-cu il tarixində açılmış çıxarış vəsiqəsi İddiaçı Mirhəzim qızının adınadır. 8-ci mkr, S.S.Axundov, ev 2, mənzil 56 ünvanı altında 1 mənzil var. Dəfələrlə göstərilən ünvana gedilsə də zəng edilsə də cavab verilmədiyi üçün 2011-ci il tarixdən bu günə kimi bu mınzil haqqında heç bir məlumat əldə edə bilməmişik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2-10187-2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü X9 xx.xx.2002-ci il tarixdən halhazıradək Bakı şəhəri, Binəqədi rayonu, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2014-cü il təəllüdlü X25 xx.xx.2022-ci il tarixdən hal-hazıradək Binəqədi rayonu, X35 küçəsi, ev 2 A “ET”, mənzil 56 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. N.Mahmudovanın qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 059-40508T nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X15, X21, X10, X22, X23, X24, X11, X20, X14, X9, X16, X25 və X5 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, X35 küçəsi, ev 2, mənzil 56 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X35 küçəsi, ev 2, mənzil 56-nın xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər X20, X14 mənzilin keçmiş mülkiyyətçisi olmuş X18 qohumlarıdır. Belə ki, X2 mənzili xx.xx.1999-cu il tarixli 096960 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3, həmin vaxt mənzildə qeydiyyatda olan X14 mənzilin satılmasına notarial qaydada razılıq vermiş olsa da alqı-satqıdan sonra həmin ünvandan qeydiyyatdan çıxmamışdır. Eyni zamanda keçmiş mülkiyyətçinin qohumu X20 da həmin mənzildə qeydiyyatda qalmışdır. xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil vərəsəlik qaydasında İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda adları çəkilən üçüncü şəxslər iddiaçıya məxsus sözügedən ünvanda yaşamırlar. Bundan əlavə təqdim edilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlərdən digər üçüncü şəxs X4 iddiaçıya məxsus mənzilə dair əşya hüququnun olduğu müəyyən olunmur. Mənzil Kommunal İstismar Sahəsinin verdiyi sorğuya cavab məktubundan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında bir mənzil var və həmin mənzil İddiaçı məxsusdur. Eyni zamanda hazırkı məhkəmə icraatında işin araşdırılmış hallarından müəyyən olunur ki, X4 qohumları olan X22, X23 və digərləri ilk öncə iddiaçı ilə eyni ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X35 küçəsi, ev 2, mənzil 56 ünvanında qeydiyyatda olmuş, sonradan məhkəmə icraatında həmin ünvandan çıxaraq Binəqədi rayonu, X35 küçəsi, ev 2 A “ET”, mənzil 56 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşmüşlər, lakin X9 iddiaçı ilə eyni ünvanda yaşamamaqla bərabər ona (onlara) aid Binəqədi rayonu, X35 küçəsi, ev 2 A “ET”, mənzil 56 ünvanına qeydiyyata düşməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da hazırkı mülkiyyətçinin ailə üzvü deyillər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxs olduqlarından evin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1962-ci il təvəllüdlü X14 və xx.xx.1980-ci il təvəllüdlü X4 ünvan 14 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X20, X14 və X4 ünvan 14 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar