Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3204/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ( üçüncü şəxs “Uğur-97” firmasına) qarşı “ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ( üçüncü şəxs “Uğur-97” firmasına) qarşı “ayrıca çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səməd Vurğun küçəsi, ev 58 ünvanda yerləşən 05 saylı mənzil onun paylı mülkiyyətindədir, digər pay hissəsindən təcrid edilməklə ayrı yerləşir. Digər payçının razılıq ərizəsi əsasında iddiaçı özünə məxsus hissəyə çıxarışın verilməsi üçün müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir. Cavab məktubu onunla əsaslandırılmışdır ki, digər payçıya aid hissə sökülmüş, yaşayışa yararsız vəziyyətdə olmuşdur. İddiaçı qeyd edir ki, texniki pasportdan pay hissələrinin birbirindən ayrı olduğu müəyyən edilir. Bölgü sxemin tərtibatına zərurət olmaması aşkardır. Yaşayışa yararsız olmama ilə bağlı isə bildirir ki, qeydiyyat ləğv edilməmişdirsə mötəbərdir. Etiraz onunla əsaslandırılmışdır ki, mənzil faktiki olaraq söküntü zonasında yerləşməklə paylı mülkiyyətdə olan digər payçının hissəsi sökülmüş, yaşayışa yararsız vəziyyətdədir. Ərizəçinin hissəsinə aid olan otaqlar qonşu mənzilə birləşdirilmişdir və sərhədlərinin müəyyən etmək mümkün olmamış, həmçinin küçəyə qapı açılaraq qeyriyaşayış kimi istifadə olunur. Bu səbəbdən də müraciətin təmini mümkün olmamışdır. Məhkəmənin qərardadı ilə “Uğur-97” firması üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Çıxarışdan görünür ki, Səməd Vurğun küçəsi, ev 58, mənzil 5 ünvanında yerləşən əmlak iddiaçı (3 otaq), və üçüncü şəxsin (1 otaq) paylı mülkiyyətindədir. İmtina məktubunda qeyd edilmişdir ki, göstərilən ünvanda mənzil daxilində rekonstruksiya işləri aparılaraq otaqlar birləşdirilmişdir. Digər payçının hissəsi isə faktiki olaraq sökülmüş və yaşayışa yararsız vəziyyətdədir. Küçə qapı açılaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıya sənəd üzrə aid hissə qonşu mənzilə birləşdirilmişdir. Ərizədən görünür ki, üçüncü şəxs iddiaçının özünə məxsus hissəsinə yeni ünvan verilməsinə etiraz etmir. Müayinə aktında qeyd edilmişdir ki, mənzil faktiki olaraq söküntü zonasında yerləşməklə paylı mülkiyyətdə olan digər payçının hissəsi sökülmüş, yaşayışa yararsız vəziyyətdədir. Ərizəçinin hissəsinə aid olan otaqlar qonşu mənzilə birləşdirilmişdir və sərhədlərinin müəyyən etmək mümkün olmamış, həmçinin küçəyə qapı açılaraq qeyriyaşayış kimi istifadə olunur. İddia olunan mənzillə qonşuluqda yerləşən Səməd Vurğun küçəsi ev 58, mənzil 17 ünvanlı yaşayış sahəsinə verilmiş çıxarışdan görünür ki, həmin əmlak üçüncü şəxs ilə X1 paylı mülkiyyətindədir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Təkzib olunmaz haldır ki, iddiaçının mənzilə münasibətdə (3 otağına) mülkiyyət hüquqları qeydiyyata alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Hazırkı mərhələdə isə qiymət verilməli olan məsələ həmin mənzilə münasibətdə 3 otağa bölgü sxemin verilməsinin, sonradan həmin hissəyə ayrıca mülkiyyət hüququna dair çıxarışın verilməsi baxımından mümkünlüyü ilə əlaqədardır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda qeyd olunan müddəaların işin hazırkı faktiki hallarına münasibətdə qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı mənzil 5 ünvanında yerləşən 3 otağa, yəni özünə aid pay hissəsinə yeni ünvan verilməklə ayrı daşınmaz əmlak kimi qeydə alınmasında iddialıdır. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin imtinasında qeyd etdiyi işin faktiki halları mübahisələndirilmir, belə ki, faktiki olaraq paylı mülkiyyətdə olan digər payçının hissəsi sökülmüşdur, Ərizəçinin hissəsinə aid olan otaqlar qonşu mənzilə birləşdirilmişdir. Xüsusi ilə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birləşdirilən hissə mənzil 5 ünvanında olan üçüncü şəxsə məxsus digər 1 otaq yox, tamamilə ayrı mənzil kimi mənzil 17-də yerləşən yaşayış sahəsinə Y.Abaszadənin mülkiyyətində olan otaqdır. Beləliklə hazırda ayrıca ünvan verilməklə qeydiyyata alınması tələb edilən mənzilin faktiki vəziyyəti belədir ki, ev 58 mənzil 17 ünvanda yerləşən yaşayış sahəsinin 1 otağı iddiaçının istifadəsində olan hissəyə birləşdirilmişdir. İddiaçı isə hesab edir ki, həmin hal onun payına münasibətdə ayrıca qeydiyyatına maneə olmur. Başqa sözlə hər bir halda cavabdeh real, faktiki vəziyyəti əks etdirməsə belə çıxarışda nəzərdə tutulmuş 3 otağına münasibətdə ayrıca çıxarış verilməsini həyata keçirməlidir ki, digər birləşdirilən otaq qeydiyyatın aparılmasına münasibətdə mübahisə predmeti hesab edilməməklə 3 otağın ayrıca yeni ünvan verilməklə qeydiyyatına maneə hesab edilə bilməz. Məhkəmə həmin mövqeyi qanuni və əsaslı hesab etməməklə, hesab edir ki, cavabdeh tərəfindən AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlər öz təsdiqini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir; 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur;[37] 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Qeyd olunan normalar nəzərə alınmaqla məhkəmə hesab edir ki, dövlət tərəfindən ayrıca qeydə alınmaqla təminatlandırılan mülkiyyət hüququ dövlət reyestrindən çıxarışla rəsmiləşdirilərkən onun real təsvirini və zəruri elementlərinin əks etdirən texniki pasporta uyğunluğu mütləqdir. İddiaçının iddiası təmin edilməsi faktiki olaraq tamamilə başqa ölçülərdə olan əmlakın ayrıca qeydiyyatı ilə bağlıdır ki, məhkəmə hesab edir ki, faktiki olaraq 29 yanvar 2010-cu il tarixdə iddiaçının adına aparılmış reyestrdən qeydiyyatda uyğunsuzluq təşkil edən əmlak olduğu halda cavabdehdən həmin hal nəzərə alınmadan 3 otağa dair ayrıca qeydiyyatın aparılmasının gözlənilməsi məhkəmə hesab edir ki, müraciətin təminindən imtina üçün əsas yaratmış olur. Halbuki, Mənzil Məcəlləsinin: 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Göründüyü kimi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməlidir ki, həmin tələblərə riayət edilməklə iddiaçı aparılmış rekonstruksiya işlərinin yerli icra hakimiyyəti orqanı tərəfindən tanıdaraq müvafiq sənədləri qeydiyyat hərəkətləri aparılması üçün cavabdehə təqdim etmək əvəzinə, faktiki vəziyyəti ilə hüquqmüəyyənedici sənəd üzrə vəziyyəti fərqli olan əmlaka dair ayrıca qeydiyyat hərəkətlərinin aparılmasını tələb edir ki, məhkəmə hesab edir ki, istər digər payçının razılığının olması, istərsə də hüquqmüəyyənedici sənədin hazırda qüvvədə olması faktiki vəziyyət üzrə fərqin əhəmiyyəti baxımından iddianın rədd edilməsi əsasını istisna etmir. Məhkəmə hesab edir ki, dövlət tərəfindən təminatlandırılan əmlakın real vəziyyəti ilə hüquqmüəyyənedici sənəd üzrə vəziyyəti uyğunluq təşkil etməsi zəruridir ki, həmin zərurətdən və prosedur qaydadan kənar təkcə hüquqmüəyyənedici sənəd əsas götürülməklə ayrıca çıxarışın verilməsinin tələb edilməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Əks halda, ayrıca çıxarış verilmiş əmlaka faktiki vəziyyətinə uyğun olan texniki sənədin verilməsi mümkün olmayan hal yaranacaqdır ki, məhkəmə hesab edir ki, texniki sənədinin, yəni əmlakın real halının göstərilməsi mümkün olmayan qeydiyyat nə hüququn qeydiyyata alınması məqsədlərinə, nə cavabdeh və digər aidiyyəti orqanların daşınmaz əmlakla bağlı mövcud səlahiyyətlərinin icrası məqsədlərinə uyğunluq təşkil etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3204/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3204/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver