Məhkəmə qərarları › İş №2-1(112)-3206/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3206/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3206/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “mənzil növbəsinə daxil olma” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının 24.10.2020-ci il tarixli ərizəsinin cavablandırılmasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməyi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxrılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20.08.1993-cü ildən 22.07.2020ci il tarixədək 27 təqvim ili Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Lakin hərbi xidmət dövründə yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Mənzillə təmin olunma hüququnu ona Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanı verir. Bu Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi xahişi ilə 24.10.2020-ci il tarixdə cavabdehə və 3-cü şəxsə ərizə ilə müraciət etmişdir. 3-cü şəxs (AR Maliyyə Nazirliyi) müraciətini cavablandırsa da, AR Müdafiə Nazirliyi hazırki vaxtadək ərizəni cavablandırmamış və cavablandırılmamasının səbəbləri barədə ona heç bir məlumat verməmişdir. Onun mənzil növbəsinə götürülməsi ilə bağlı kifayət qədər əsaslar mövcuddur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 08.01.2021-ci il tarixli, 11/73 nömrəli etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınarsa iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 15.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd edilənlər İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3,950-li hərbi hissə ünvanında qeydiyyatdadır. - Bakı Hərbi Məhkəməsinin 15 may 2015-ci il tarixli, 1(093)-7/2015 saylı hökmü (iddiaçıya aid olan hissədə) ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı haqqında həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilməsi hökm edilmişdir. - Bakı Hərbi Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarı ilə Müdafiə Nazirinin müavini-Hərbi Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun təqdimatının təmin edilməsi, xx xxxxx 1967-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, ali təhsilli, Tovuz rayonunun Yanıqlı kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşayan, Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin əməliyyat növbətçisi-qərargah rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində polkovnik-leytenant rütbəsində xidmət edən İddiaçı Bakı Hərbi Məhkəməsinin 15 may 2015-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi məhkumluğunun üzərindən götürülməsi qərara alınmışdır. - İddiaçı 24.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında AR Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 noyabr 2020-ci il tarixli, 11/05- 195-5427 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, müraciəti araşdırmaq üçün AR Müdafiə Nazirliyinə göndərmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında AR Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq o, 20 ildən çox qüsursuz xidmət göstərmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, İddiaçı hərbi qulluqçu kimi xidmət illərinin qüsursuz olub-olmaması və həmin xidmət illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Lakin, bundan əvvəl məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilibödənilməməsinə qiymət verir. Belə ki, baxılan işdə iddianın mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.3-ci maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3,950-li hərbi hissə ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Səbail rayon ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı 20 ildən çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunmasını xahiş edir. Lakin cavabdeh müraciətin həllindən imtina edir və bunu onunla əsaslandırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilməsi, onun xidmətinin qüsursuz olmadığına əsas ola bilməz. Hərbi qulluqçuların qüsursuz xidmət illərinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın normaları əsasında həyata keçirilir. Sözügedən Fərmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmandan göründüyü kimi qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür. İddiaçının 20 təqvim ilindən çox xidmət etməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisə məhz iddiaçının “qüsursuz” xidmətin göstərilməməsi ilə bağlı yaranmışdır ki, bunun əsasında isə iddiaçının məhkumluğunun olması əsas kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının məhkumluğunun “qüsursuz xidmət” anlayışına təsirinin olmaması ilə AR Cinayət Məcəlləsinin müddəalarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi, qanunvericilikdə “şərti məhkum etmə” institutu spesifik institut olub, məhkəmədən, törədilmiş əmələ və onu törədənin şəxsiyyətinə münasibətdə individual yanaşmanı tələb edərək, məhkəməyə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmək səlahiyyəti verilmişdir. Şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmasa da, barəsində təyin edilmiş cəza icra edilmir, qanunla müəyyən edilmiş xüsusi formada “şərti” həyata keçirilir. Hazırki halda da iddiaçı barəsində çıxarılmış Bakı Hərbi Məhkəməsinin 15.05.2015ci il tarixli hökmdə məhkəmə iddiaçının törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, heç bir ağır nəticəyə səbəb olmamasını, onun iştirakçılarının şəxsiyyətini nəzərə alıb hesab etmişdir ki, iddiaçıya cəza təyin edərkən onun barəsində cəmiyyətdən təcrid olunmadan cəza tətbiq etmək məqsədəmüvafiqdir, bu səbəbdən də barəsində sınaq müddəti müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Göründüyü kimi şərti məhkum etmənin əsasını məhkum edilmiş şəxsin öz davanışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. Məhkum edilmiş şəxsin islah olunması dedikdə onda qanuna hörmət hissinin yaranması, qanuna, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, Bakı Hərbi Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı Bakı Hərbi Məhkəməsinin 15 may 2015-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi məhkumluğunun üzərindən götürülməsi qərara alınmışdır. Əgər cəza- cinayət törətmiş şəxsin əməlinə dövlətin verdiyi hüquqi reaksiyadırsa, məhkumluq - törədilən cinayətə görə çəkilən cəzanın hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, həmin Məcəlləsinin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçı barəsində sınaq müddətinin bitdiyi - 11.06.2016-ci il tarixdən etibarən onun bu əsasla, yəni əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Nazirliyin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən iddiaçıya verilmiş təltiflərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmn Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq "Qüsursuz xidmətə görə" medalının 3 dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0187 t №-li 25 iyun 2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsində qeyd olunub ki, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü kimi qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnu qüsursuz xidmət etmiş hərbi qulluqçulara vermişdir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 42.0.2-ci maddəsinə və 164-cü maddəsinə əsasən hərbi xidmətdən istefaya buraxılan zaman ona hərbi geyim forması daşımaq hüququ verilmişdir. Eləcə də, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1- ci bəndinə görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteram” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Göründüyü kimi qanunverici istinad olunan medalla silahlı birləşmələrdə 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların təltif oluna biləcəyini qeyd etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 036t №-li 22 iyun 2010-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət etmiş hərbi qulluqçu hesab olunduğundan cavabdeh tərəfindən qeyd olunan təltiflərə layiq görülmüşdür. Beləliklə də, iddiaçı 20.08.1993-cü ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 22.07.2020-ci ildən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ehtiyata buraxılmışdır. 26 illik (26 il 11 ay 3 gün) xidmət ilinin cəmi 3 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, hərbi qulluqçunun hərbi xidmət dövründə məhkum edilməsi, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən öz xidmətini davam etdirməsi, hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün şərtləşdirilmiş “qüsursuz xidmət” anlayışına təsir etmir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar