Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3207/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2359-05/15 nömrəli, 06.10.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Qərarının 9.7-ci bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər". “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir". Qeyd olunanlara əsasən, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçı müvafiq şəhadətnamə ilə təmin olunacaqdır.
3. Bundan sonra İddiaçı 18.10.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 18.02.2022-ci il tarixdə İddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması:
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 04.04.2002-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. 2009-cu ildə Sabunçu rayonu 192-saylı tam orta məktəbin 1-ci sinifinə getmiş, 2018-ci ildə 9-cu sinifdə məktəbi bitirmişdir. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Hərbi xidmətə çağrış üzrə Sabunçu rayonunda qeydiyyata düşmək üçün doğum haqqında şəhadətnamə lazımdır. Sənədləri olmadığından artıq 2 ildir ki, hərbi xidmətə məcburi olaraq gedə bilmir.
5. Cavabdeh 23.12.2021-ci il tarixdə iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmiş, iddiaçıya ünvanlamış imtina məktubunda qeyd olunanları təkrarlamışdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iş materiallarında olan İddiaçı məxsus 12.08.2003-cü il tarixli, 211-B saylı doğum haqqında bərpa akt qeydinin surətindən görünür ki, İddiaçı 04.04.2002-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası Kəndiqələn Yelenadır. Bu barədə AZ-İ seriyalı 375904 nömrəli şəhadətnamə verilmişdir.
10. 12.08.2003-cü il tarixli, 289 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinin surətindən görünür ki, 04.04.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 atası 20.04.1965-ci il təvəllüdlü X3, anası Moldova vətəndaşı 27.03.1972-ci il təvəllüdlü Kəndiqələn Yelenadır. Atası müəyyən edildikdən sonra adı, soyadı və atasının adı İddiaçıdur. Bu barədə AZ-İ seriyalı 027490 nömrəli şəhadətnamə verilmişdir.
11. 12.08.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 375904 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 04.04.2002-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2003-cü ilin avqust ayının 12-də 211-B nömrə ilə qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 15.11.2021-ci il tarixli, 018-18188-1221 saylı məktubdan görünür ki, 04.04.2002-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı ilk dəfə 05.05.2015-ci il tarixdə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə regional qrup tərəfindən AZE seriyalı 12283861 (FİN 7G1DYQP) nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. Həmin sənəd Sabunçu RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən 27.08.2016-cı il tarixdə AZE seriyalı 12041605 nömrəli şəxsiyyət vəsiqəsinə dəyişdirilmiş, sonuncu vəsiqənin etibarlılıq müddəti 04.04.2018-ci il tarixdə bitmişdir. “İddiaçı” anket məlumatları olan fərqli şəxsin şəxsiyyət vəsiqəsi ilə sənəndləşdirilməsi barədə məlumat aşkar edilməmişdir.
13. İddiaçı məhkəmə iclasında 01.05.2015-ci il tarixdə ASAN 4 tərəfindən verilmiş AZE seriyalı 12283861 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir.
14. İddiaçı hazırda şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitdiyini, doğum haqqında şəhadətnaməsini itirdiyini, bu səbəbdən nə doğum haqqında təkrar şəhadətnamə, nə də şəxsiyyət vəsiqəsi əldə edə bilmədiyini bildirməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd).
16. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.
17. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
18. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
20. Hazırkı iddia cavabdehdən təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
21. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki işin sadalanan hallarından görünür ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir.
22. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.
24. İşin hallarından müəyyən olur ki, iddiaçı 04.04.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, 12.08.2003-cü il tarixdə onun doğum qeydinin bərpa aktı tərtib edilmiş, 375904 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, habelə 01.05.2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi əldə etmişdir.
25. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının atasıdır. İddiaçı 04.04.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası Moldova vətəndaşı olan Yelena Kəndiqələndir. O, oğlu İsmayıl ilə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Yaşadıqları evdən köçərkən bir sıra sənədlər, o cümlədən oğluna aid doğum haqqında şəhadətnamə itmişdir. Müraciəti əsasında iddiaçıya şəxsiyyət vəsiqəsi alınsa da, hazırda müddəti bitdiyindən və doğum haqqında şəhadətnamə olmadığından oğluna yeni şəxsiyyət vəsiqəsi ala bilmir.
26. Beləliklə, iş materialları iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxsin İddiaçı olduğunu təsdiq edir, həmçinin ona məxsus akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir və iddiaçının doğumunun qeydiyyatının artıq bir dəfə aparıldığı təkzib edilmir. İddiaçıya imtina cavabının verilməsinin əsasını isə yuxarıda qeyd olunduğu kimi, şəxsiyyət vəsiqəsinin olmaması təşkil edir.
27. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilərdoğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsi kimi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənədlərdən biridir.
28. Hazırda iddiaçı nə şəhadətnamə, nə də şəxsiyət vəsiqəsi ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməyə mane olur.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. 04.04.2002-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova