Məhkəmə qərarları › İş №2-1(112)-3209/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3209/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3209/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı barəsində ARVN-nin **********112700 saylı, 30.08.2019-cu il tarixli əmrin ləğv edilməsi, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması” tələbinə dair iddianın inzibati məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Vergilər Nazirliyinin 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmrin ləğvi, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi öhdəliklərinin icrasına nəzarət idarəsi, bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunmağı və iddiaçıya məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı barəsində ARVN-nin **********112700 saylı, 30.08.2019-cu il tarixli əmrin ləğv edilməsi, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi öhdəliklərinin icrasına nəzarət idarəsi bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə 07.08.2019-cu ildə təyin edilmişdir. ARVN-nin **********112700 saylı, 30.08.2019-cu il tarixli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən azad edilmiş və 3 ay müddətinə Vergilər nazirliyinin sərəncamına götürülmüşdür. Vergilər Nazirliyinin 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmrindən təqdim edilmiş çıxarışa əsasən Vergilər Nazirinin 30.08.2019-cu il tarixli **********112700 nömrəli əmri nazirliyinin sərəncamına götürülmüş İddiaçı 30 noyabr 2019-cu il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. Əmək kitabçasının təhvil təslim edilməsi haqqında 12 noyabr 2020-ci il akta əsasən Vergilər Nazirliyinin 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmri ilə nazirliyinin sərəncamından çıxarılmış İddiaçı 045563 nömrəli əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Yalnız bundan sonra Dövlət Vergi Xidmətindən çıxarılması barədə məlumat əldə etmişdir. Sərəncama çıxarıldıqdan sonra uzun müddət yenidən işə bərpa ediləcəyini zənn edərək, gözləmişdir. O isə işə bərpa ediləcəyini, həmin və ya başqa vəzifəyə bərpa ediləcəyini gözləsə də, sonunda ona məlum olmuşdur ki, işdən azad edilmişdir. 30 sentyabr 2020-ci il tarixdə işdən çıxarılıb-çıxarılmaması barədə iddiaçıya məlumat verilməsini onlayn qaydada keçirilən görüş zamanı tələb etmişdir. Ona 20 gün müddətinə gözləməyi bildirilmiş, sonra əmək kitabçası verilərək işdən azad olunması bildirilmişdir. Vergilər Nazirliyinin 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmri qanunsuzdur və ləğv edilməlidir. Belə ki, əmr ümumiyyətlə əsaslandırılmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin 30.08.2019-cu il tarixli **********112700 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən Milli Gəlirlər Baş idarəsinin İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi öhdəliklərinin icrasına nəzarət və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi İddiaçı əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Nazirliyin 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmri ilə İddiaçı 30.11.2019-cu il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. 30.08.2019-cu il tarixli əmrə müvafiq olaraq 04.09.2019-cu il tarixində iddiaçıya sərəncama götürülməsi barədə əmr elan olunaraq təhvil-təslim işləri, 2019-cu ilin oktyabr ayında isə son haqq-hesab işləri aparılmışdır. Daha sonra iddiaçı, 04.11.2019-cu il və 07.11.2019-cu il tarixlərində işlə təmin olunmaqla bağlı Vergilər Nazirliyində qəbulda olmuş, qəbul zamanı bir daha ona qeyd edilən əmrlərlə bağlı ətraflı maəlumat verilmişdir. Bundan başqa, iddiaçının anası İddiaçı işlə təmin ilə bağlı 2020-ci ilin iyul və avqust aylarında rəsmi məktubla müraciət etmiş və müraciətlərə 16.09.2020-ci il tarixində cavab olaraq bildirilmişdir ki, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar oğlu İddiaçı 30.08.2019-cu il tarixdən vergilər nazirinin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 38-ci bəndinə uyğun olaraq tutduğu vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüş və müvafiq işlə təmin edilməsi mümkün olmadığından 30.11.2019-cu il tarixdən Nazirliyin sərəncamından çıxarılmışdır. Göründüyü kimi, iddia onunla təhvil təslim və son haqq hesab aparıldığı 2019-cu ilin sentyabr-oktyabr aylarında, eləcə də Vergilər Nazirliyinin vəzifəli şəxslərinin qəbulunda olduğu 2019-cu ilin noyabr ayında sərəncama çıxarılması barədə əmrdən məlumatlı olmuşdur. İddiaçının anası tərəfindən edilmiş müraciət və ona verilmiş cavabın məzmunundan aydın olur ki, iddiaçı və onun ailə üzvləri İddiaçı sərəncamdan çıxarılması barədə əmrdən ən geci 2020-ci ilin sentyabr ayından məlumatlı olmuşdurlar. Göründüyü kimi, iddiaçı sərəncama çıxarılması barədə 30.08.2019-cu il tarixli **********112700 nömrəli əmrdən 2019-cu ilin sentyabr ayında, sərəncamdan çıxarılması barədə 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmrə münasibətdə isə ən azı 3 ay ötmüşdür. İddiaçının tələb hüququnun axımı müvafiq əmrlə tanış olduğu və son haqq-hesab sənədlərinin verildiyi gündən başlandığından o qanunvericiliyin tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində əmək kitabçasının ona 12.11.2020-ci il tarixdə təqdim edildiyini, yalnız bundan sonra sərəncamdan çıxarılma barədə məlumatlı olduğunu qeyd etməklə, iddia müddətinin ötürülmədiyini bildirmək istəmişdir. İddiaçının sərəncama çıxarılması barədə 30.08.2019cu il tarixli, **********112700 nömrəli və sərəncamdan çıxarılması barədə 29.12.2019-cu il tarixli **********684000 nömrəli əmrlərdə heç bir sirr xarakterli məlumatlar əks olunmamış və həmin əmrlər iddiaçıdan gizli saxlanılmamışdır. İddiaçı 2019-cu ilin avqust və dekabr aylarından etibarən həmin əmrlərin təkrarən surətlərinin alınması ilə bağlı vergi orqanına müraciət edəcəyi bütün hallarda ona əmrlərin surətləri təqdim ediləcəkdir. Eyni zamanda iddiaçının sərəncamdan çıxarılması barədə əmr 2019-cu ilin dekabr ayında qəbul edilməsinə baxmayaraq onu təxminən 1 il gözlədikdən sonra, yəni daha gec müddətdə Dövlət vergi Xidmətindən əmək kitabçasını götürməsinin məsuliyyəti də İddiaçı üzərindədir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 30.08 2019-cu il tarixli **********112600 nömrəli əmrinə əsasən, Vergilər Nazirliyinin 22 avqust 2019-cu il tarixli ******* 10110870 nömrəli əmri ilə nazirliyin Milli Gəlirlər Baş İdarəsində aparılan təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq adları aşagıda qeyd olunanların əmək müqavilələrinə ”Dövlət vergi orqanlarənda xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək, tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: İş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktına əsasən, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Bəyannamələr İdarəsinin rəisi, kiçik vergi xidməti müşaviri X2, İri vergi ödəyiciləri üzrə bəyannamələr şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş X6, Baş İdarəsinin komendantı X3, digər tərəfdən sabiq əməkdəş (əməkdaş) İddiaçı aktı və əlavəsini imzalamaqla təsdiq etmişlər ki, Vergilər Nazirliyinin 22 avqust 2019-cu il tarixli **********112700 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş (əməkdaş) qismində qeyd olunan şəxsdən təhvil almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan İddiaçı anası Nüşabə Xaspoladova tərəfindən oğlunun vergi orqanlarına işə bərpa olunması barədə ərizəsinə 16.09.2020-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, ərizəçinin müraciətinə 12 avqust 2020-ci il tarixdə baxılmış və təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar İddiaçı 30.08.2019-cu il tarixdən vergilər nazirinin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” nin 38-ci bəndinə uyğun olaraq tutduğu vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüş və müvafiq işlə təmin edilməsi mümkün olmadığından 30.11.2019-cu il tarixdən Nazirliyin sərəncamından çıxarılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 38-ci bəndində göstərilmişdir: “Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Həmin Əsasnamənin 75-ci bəndinə əsasən, vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; İddia ərizəsindən göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 30.08 2019-cu il tarixli **********112600 nömrəli əmrinin ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisələndirilən 30.08.2019-cu il tarixli əmr barədə 2019-cu ildə məlumatlı idi. Lakin iddia ərizəsi ilə məhkəməyə 2020-ci ilin 16 dekabr tarixində müraciət etmişdir Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktdan şikayət vermək üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı barəsində ARVN-nin **********112700 saylı, 30.08.2019-cu il tarixli əmrin ləğv edilməsi, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı barəsində ARVN-nin **********112700 saylı, 30.08.2019-cu il tarixli əmrin ləğv edilməsi, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi İri vergi ödəyicilərinin bəyannamələrinə və vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar