Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-321/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan:Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadı küçəsi ev 10, mənzil 13: ixtisası: orta təhsil; iş yeri: işləmir) və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Bakı şəhəri, C.Xəndan küçəsi ev 16, mənzil 24; ixtisası: hüquşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 4 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X7 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,12 ha torpaq sahəsinə malik 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 10.11.2020-ci il tarixli qərardadı ilə 27.11.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsinə malik 5953 saylı bağ sahəsi hazırda İddiaçı qızının istifadəsindədir. Torpaq sahəsi daş hasara alınmışdır. Bağ sahəsində heç bir tikili mövcud deyil. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 02.03.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 nömrəli sərəncamı ilə Ləhiş ərazisindəki 248 nömrəli Bağ Tikinti Kooperativində iddiaçıya 012 ha bağ sahəsi ayrılmışdır. Həmin sərəncamla təsdiq edilmiş Sərəncama 2 №-li əlavədə Ləhiş ərazisindəki 248 nömrəli Bağ Tikinti Kooperativinin siyahısında 4-cü sırada İddiaçı 5953 saylı bağ sahəsinin verildiyi göstərilir. Ona ayrılmış bağ sahəsi təcrid olunmuş halda hasara alınıb, giriş qapısı qoyulub və faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 5953 saylı bağ sahəsinin ona ayrılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından verilmiş 02.05.2019-cu il tarixli H-153-112 saylı arxiv arayışı və hazırda cavabdeh olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 15.02.2019-cu il tarixli arxivdə saxlanılan Ləhiş ərazisindəki 248 №-li Bağ Tikinti Kooperativinin yaradılması haqqında siyahının arxivdə saxlanılan nüsxəsinin surəti ilə təsdiq olunur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından verilmiş 02.05.2019-cu il tarixli H- 153-112 saylı arxiv arayışında Bakı şəhər Soveti İcraiyyə Komitesinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli qərarına əsasən Ləhiş bağlar ərazisində 248 nömrəli bağ tikinti kooperativinin yaradılması və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 №-li Sərəncamına 2 №-li Əlavə ilə yuxarıda qeyd edilən hallar öz təsdiqini tapır. Həmin arxiv arayışında Sərəncamla təsdiq edilmiş 2 №-li Əlavə Ləhiş ərazisindəki 248 №-li BTK-nın yaradılması haqqında siyahıdır ki, həmin siyahıda da Hüseynova X2 üzvü kimi 4-cü sırada göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin 20.05.2014-cü il tarixli 01/01-1339 saylı cavab məktubu ilə istifadədə olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə ərizəsinə imtina edilmişdir. Həmin imtina məktubunda göstərilir ki, bildiririk ki, qeyd olunan torpaq sahəsinin sənədləşdirilməsi üçün ilkin torpaqayırma sənədlərini (sərəncam və ya qərar, torpaq sahəsinin sxemi) təsdiq olunmuş arxiv surəti təqdim olunduqdan sonra sənədlərinizə yenidən baxılacaqdır. Bağ sahəsinə dair verilmiş Order itirildiyindən həmin Orderin surətinin verilməsi də Arxivdən xahiş edilmiş, ancaq Arxiv Arayışında göstərilmişdir ki, nəzərinizə çatdırırıq ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən Orderlər BŞİH-tinin idarə arxivində saxlanılmır. İstifadədə və sahibliyində olan Ləhiş ərazisindəki 0,12 ha bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə cavabdeh İnzibati Orqana ünvanladığı 08.05.2019-cu il tarixli məktuba cavab olaraq həmin idarədən göndərilmiş 03.06.2019-cu il tarixli məktubda göstərilir ki, müraciətinizlə əlaqədar olaraq bildirirk ki, sözügedən bağ sahəsi qonşu bağ sahələri ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməmişdir. Həmçinin göstərilən bağ sahəsinə digər fiziki şəxs tərəfindən müraciət olunmuşdur. Bundan əlavə Orderin itirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosunun arayışı sənədlər toplusuna əlavə edilməyib. Bundan əlavə idarənin arxiv qovluğunda Bağlar İdarəsi tərəfindən Sizin iştirakınızla tərtib edilmiş bağ sahəsinin əvəzləşdirilməsi akt mövcuddur və o akta əsasən sizə ayrılmış “5953” saylı bağ sahəsindən istifadə etdiyinizin mümkünsüzlüyündən “5309 L” saylı bağ sahəsi ilə dəyişdirilməsi qeyd olunmuşdur. Qeyd olunan səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Orderin itirilməsi ilə bağlı qəzetdə elan verilmiş və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət edilmişdir. “Azərbaycan” qəzetinin 19 mart 2019-cu iyul tarixli buraxılışında elan verilmiş və həmin elanda İddiaçı adına Ləhiş bağlar sahəsində 248 №-li Bağ Tikinti Kooperativi nəzdində 5953 saylı bağa verilmiş Order itirildiyi üçün etibarsız sayılmışdır. Həmçinin, Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş 23.08.2019-cu il tarixli, 039-13687 H - 3219 saylı məktubda göstərilir ki, Sizə məxsus 5953 saylı bağa dair verilmiş Orderin tapılması barədə Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Göstərilən sənədlər əsasında və ilkin olaraq cavabdehdən alınmış məktubda göstərilənlərin həqiqətə uyğun olmaması və bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb mülkiyyət hüququna dair müvafiq çıxarış və bağ sahəsinin plan ölçüsünün verilməsi barədə təkrarən müraciət edildi və müraciətə müvafiq sənədlər əlavə edildi, lakin onun müraciətinin təmin edilməsindən imtina edildi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair bağlanılan müqavilə belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair imtina məktubunda sözügedən bağ sahəsinin qonşu bağ sahələri ilə ümumi hasar daxilində olması, ara sərhədlərinin şərti olması və notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi, həmçinin göstərilən bağ sahəsinə digər fiziki şəxs tərəfindən müraciət olunduğunu bildirmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq 13.03.2020-ci il tarixli məktubla Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5953 və 5309L saylı bağ sahələrinin dəyişdirilməsi barədə aktın və arxiv sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Bağlar Təsərrüfatı İdarəsinin 4 nömrəli Orderinə əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5953 nömrəli bağ İddiaçı Lütvəli qızına ayrılmışdır. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə Bağlar İdarəsinin rəisinə müraciət edərək, ona ayrılmış bağ sahəsinin mübahisəsiz bağ sahəsi ilə əvəz edilməsini xahiş etmiş və onun ərizəsi təmin edilərək, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5953 və 5309L saylı bağ sahələrinin dəyişdirilməsi barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, qeyd edilən ərizə ilə Bağlar İdarəsinin rəisinə müraciət etmədiyini, 5953 nömrəli bağ sahəsindən 1993-cü ildən istifadə etdiyini və həmin bağ sahəsinin heç bir bağ sahəsi ilə əvəz edilməməsini bildirmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq 16.10.2020-ci il tarixli məktubla bildirmişdir ki, vətəndaş tərəfindən göstərilən sahəyə Ləhiş bağ massivi ünvanında yerləşən 5954 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 31.05.2017-ci il tarixli ərizə ilə X10 tərəfindən müraciət daxil olub və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********20 nömrəli, 17.06.2017-ci il tarixli Bildirişlə cavablandırılmışdır. Həmçinin, sahənin cənub qonşusu **********13, qərb qonşusu **********01 reyestr nömrələri ilə qeydiyyatdan keçib. Şərq hissəsi yol, şimal qonşusu isə qeydiyyatdan keçməyib. Sahənin cənub qonşusu olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş sahəsi, 0.12 hektardan ibarət olan 5954 saylı bağ sahəsi **********13 reyestr nömrəsi ilə 20.10.2018-ci il tarixli, 4Ə-131 reyestr bağışlanma müqaviləsi əsasında 02.11.2018-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Sahənin qərb qonşusu isə Ləhiş bağ sahəsi, 0.12 hektardan ibarət olan 5976 saylı bağ sahəsi **********01 reyestr nömrəsi ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (JN-26766D kod ********) əsasında 16.10.2015-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə X15, X8, X11, X9, X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətlərindədir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq 30.11.2020-ci il tarixli məktubla bildirmişdir ki, X1 bağ sahəsi ünvanında yerləşən 5954 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 31.05.2017-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin müraciətdə vətəndaş 5953 nömrəli bağ sahəsini göstərdiyindən və sxematik xəritəyə uyğun gəlmədiyindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********20 nömrəli, 17.06.2017- ci il tarixli Bildirişlə cavablandırılmışdır. Daha sonra vətəndaşın təkrar müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha torpaq sahəsi olan 5954 nömrəli bağ sahəsi 39 nömrəli order əsasında öz yerinə uyğun olaraq 23.08.2017-ci il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. 06.09.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında sözügedən bağ sahəsi Məmmədova X6 adına, 02.11.2018-ci il tarixdə isə 20.10.2018-ci il tarixli, 4Ə-131 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan 5953 nömrəli bağ sahəsinin digər şəxsin adına qeydiyyatdan keçməsi, həmçinin iddiaçının 5953 nömrəli bağ sahəsindən imtina etməsi və həmin bağ sahəsinin 5309L saylı bağ sahəsi ilə əvəzləşdirilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmin bağ sahəsi 1993-cü ildən iddiaçının istifadə və sahibliyində olduğundan cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan ümumi sahəsi 0,12 ha olan 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan ümumi sahəsi 0,12 ha olan 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-321/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-321/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver