Məhkəmə qərarları › İş №2-1(112)-321/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-321/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-321/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 2/179 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, H.Z.Tağıyev adına NQÇİ-nin müdriyyətinin və Həmkarlar Komitəsinin birgə icasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokoluna əsasən “Bahar” bağçılıq təsərrüfatının Buzovna qəsəbəsində yerləşən 2/179 saylı bağ sahəsinin İddiaçı adına müvafiq qaydada keçirilməsi və ona bağçılıq birliyinin üzvlük biletinin verilməsi qərara alınmışdır. xx.xx.1999cu il tarixdə verilmiş 303 nömrəli üzvlük biletinə əsasən iddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür və ona ümumi sahəsi 0.12 ha olan 2/179 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Həmin bağ ərazisində digər şəxslərin adına çıxarışlar verilmişdir. İddiaçının bağ sahəsi bağçılığın ərazisinin daxilindədir, həmin yerlər neftin ərazisinə daxil deyil, yaşayış məntəqəsidir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçının idarəyə Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müraciətləri daxil olmuşdur. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, idarəyə təqdim edilmiş müvafiq bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Həmçinin təqdim olunmuş sənədlərə əsasən sözügedən bağ sahəsinin ölçüsü sənədlə 1000,0 kv.m təşkil etsə də, faktiki olaraq 2033,0 kv.m bağ sahəsi istifadə edilməkdədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ sahəsinə dair idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********30 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpağın özəlləşdirilməsi tələbinə dair 2-1(112)-1411/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli sorğunuza baxılmış, müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X -423631,40; 423610,45; 423639,15; 423662,51; Y - 4485064,00; 4485120,02; 4485131,85; 4485077,04 koordinatlar daxilində olan sözügedən 1933 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli, xx.xx.1999cu il taixli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin quyuların elektron məlumat bazası üzrə aparılmış yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin yaxınlığında Buzovna-Maştağa yatağında qazılmış xeyli sayda ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Lakin halhazırda bu quyuların üzərində müxtəlif şəxslər tərəfindən yaşayış evləri tikildiyi üçün, həmin quyuları yer səthində müşahidə etmək mümkün deyildir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Hesab edirik ki, qanunvericiliyin qeyd olunan tələbinin və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə, iddiaya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu münasibət bildirməlidir. İş materiallarında olan “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 89 nömrəli mütəxəssis rəyində qeyd olunur: Mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşmə zamanı H.Z.Tağıyev adına “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının məktuba əlavə edilmiş sxeminə əsasən həmin təsərrüfatın sərhədlərinin naturada haradan keçdiyini müəyyən etmək mümkün olmadığından 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda araşdırma zamanı o da müəyyən olundu ki, “Bahar” bağçılıq-yoldaşlıq adı ilə bu iş üzrə mübahisələndirilən torpaq sahəsinin 9,5 metrliyində, 117 metrliyində, 114 metrliyində və 128 metrliyində yerləşən 5 ədəd bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı şəxslərin adına Dövlət qeydiyyatına alınmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin koordinatları müəyyənləşdirildi, həmin koordinatlar rəyə əlavə edilmiş sxemdə qeyd edilir. 2. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatının hüdudlarını dəqiqləşdirmək mümkün olmadığından, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və ya ayrıc aktının daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. (Sxem rəyə əlavə edilmişdir). İş materiallarında olan xx.xx.1999-cu il tarixdə verilmiş 303 nömrəli üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür (bağ sahəsi 2/179 nömrəli, bağın ümumi sahəsi 12 sot). İş materiallarında olan H.Z.Tağıyev adına NQÇİ-nin müdriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Bahar” bağçılıq təsərrüfatının sədrinə Buzovna qəsəbəsində yerləşən X4 adına olan 2/179 saylı bağ sahəsinin onun adından çıxarılmasının və üzvlük biletinin ləğv edilməsinin tapşırılması, həmin sahənin İddiaçı adına müvafiq qaydada keçirilməsi və ona bağçılıq birliyinin üzvlük biletinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2729 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin GPS aləti vasitəsi ilə koordinatları qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Həmin koordinatlar aşağıdakılardır: X - 423612.19; 423621.63; 423621.16; 423641.49; 423665.28; 423633.31. Y - 4485120.19; 4485124.45; 4485125.92; 4485133.37; 4485076.85; 4485064.56. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının məktubuna əlavə edilmiş sxeminə əsasən həmin təsərrüfatın sərhədlərinin naturada haradan keçdiyini müəyyən etmək mümkün olmadığından 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Ümumilikdə həmin ərazi yaşayış massivi kimi istifadədir. Xüsusi proqram vasitəsilə ərazi öyrənilərkən müəyyən edilmişdir ki, həmin ərazilərdə dövlət reyestrində qeydə alınaraq çıxarış verilmiş bağ sahələri mövcuddur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, H.Z.Tağıyev adına NQÇİ-nin müdriyyətinin və Həmkarlar Komitəsinin birgə icasının 11 noyabr 1999-cu il tarixli 15B1 saylı protokoluna əsasən “Bahar” bağçılıq təsərrüfatının Buzovna qəsəbəsində yerləşən X4 adına olan 2/179 saylı bağ sahəsinin onun adından çıxarılması və üzvlük biletinin ləğv edilməsi, həmin sahənin İddiaçı adına müvafiq qaydada keçirilməsi və ona bağçılıq birliyinin üzvlük biletinin verilməsi qərara alınmışdır. xx.xx.1999-cu il tarixdə verilmiş 303 nömrəli üzvlük biletinə əsasən iddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür və ona ümumi sahəsi 0.12 ha olan 2/179 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli, xx.xx.1999-cu il taixli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin hüdudları daxilində yerləşir. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv sənədlərinin təhvil verilib-verilməməsi, texniki sənədlərin (sxem, ayrıc aktı və s.) olmaması kimi məsələlərə iddiaçı cavabdehlik daşımır. Qeyd olunan hallar iddiaçının təqsiri deyil, həmin məsələlər inzibati orqanlar tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. İş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 2/179 saylı bağ sahəsinin koordinatları dəqiqləşdirilmişdir, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının məktubuna əlavə edilmiş sxeminə əsasən həmin təsərrüfatın sərhədlərinin naturada haradan keçdiyini müəyyən etmək mümkün olmadığından 2/179 saylı bağ sahəsinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır, həmin ərazi yaşayış massivi kimi istifadədir, həmin ərazilərdə dövlət reyestrində qeydə alınaraq çıxarış verilmiş bağ sahələri mövcuddur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, qeyd olunan bağçılıq-yoldaşlığın ərazisində eyni protokoldan çıxarış və üzvlük biletlərinə əsasən bağ sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarışlar verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə, bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 2/179 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar