Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-321/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X14, X12, X6 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ərizədə göstərilən torpaq sahələrinin müvafiq qaydada aidiyyəti orderlər üzrə mərzçəkmə ilə dəqiqləşdirilərək sənədləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixli 120 saylı sərəncama əsasən 203 saylı X3 və İstismarı Birliyi tərəfindən 44 saylı order əsasında X10 Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 438 a saylı, 8 saylı order əsasında X9 0,12 ha sahəsi olan 440 saylı, 14 saylı order əsasında İddiaçı 0,12 ha sahəsi olan 439 saylı və 43 saylı order əsasında X1 0,12 ha sahəsi olan 439 a saylı bağ sahəsi ayrılmışdır. Müxtəlif vaxtlarda ayrı-ayrı təşkilatlara müraciət etmələrinə baxmayaraq qeyd edilən torpaq sahələrinin müvafiq qaydada sanədləşdirilməsinə nail ola bilməmişlərYaxın qohum olduqları üçün həmin torpaq sahələrini birlikdə mişar daşı ilə hasarlamaq və aidiyyəti üzrə istifadə etmək istəsələr də aidiyyəti olmayan insanlar tərəfindən sökülmüşdür. Bununla bağlı hazırkı tələb üzrə cavabdehə müraciət etsələr də müsbət cavab ala bilməmiş, ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçılar X14, X12 və İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müvafiq aidiyyəti orderlər üzrə torpaq sahələrinin yerini dəqiqləşdirərək sənədləşdirilməsini və cavabdehin imtinasının qanunsuz hesab edilərək çıxarışların verilməsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5239/2023 nömrəli qərardadı ilə iddiaçılar X14, X12 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin yerini dəqiqləşdirərək sənədləşdirilməsi və cavabdehin imtinasının qanunsuz hesab edilərək çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2-1(112)-5239/2023 nömrəli inzibati işdən iddiaçı X14, X12 və İddiaçı aid hissələr yeni nömrə verilməklə müstəqil iş kimi ayrıca icraatlara ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin eyni tarixli və nömrəli digər qərardadı ilə iddia ərizəsi X2 aid hissədə qeyri-mümkün hesab edilmişdir. İddiaçı aid hissədə inzibati işə 2-1(112)-12168/2023 nömrə verilmiş və iş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “438v” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlandığı müəyyən edilmişdir. (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan əlavə, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, BTK sxemində qeyd olunan bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd edilən torpaq sahəsi digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. Qeyd edilənlərlə yanaşı, ümumi sahəyə digər fiziki şəxslərin (X14 və X12) müraciətləri olmuşdur. Qeyd olunan səbəbləridən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********24 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 20.04.023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 438a saylı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamından çıxarışdan görünür ki, həmin sərəncama əsasən İddiaçı Ləhiş bağ massivində yerləşən 238 nömrəli BTK-dan bağ sahəsi ayrılmışdır. Əsas: Fond-478, siyahı 1, saxlama vahidi-9 -Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 238 nömrəli kooperativ tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli orderin əslinə baxış keçirilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992ci il tarixli, 120 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 238 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 439 v nömrəli bağ sahəsi ayrılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 saylı qərarına uyğun olaraq 238 №li BTK tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli order üzrə Ləhiş bağ massivindən ona ayrılmış 0,12 ha sahəsi olan 439 v nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”dən: -1.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, «Torpaq islahatı haqqında», «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında», «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə»yə, «Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası»na, «Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası»na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə»yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK) tərəfindən həyata keçirilir. -2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -7.2. Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərindən göründüyü kimi, qanunverici daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-cı il tarixli 120 nömrəli sərəncamı əsasında 238 №li BTK-dan 0,12 ha sahəsi olan 439 v saylı bağ sahəsinin iddiaçıya ayrılmasına dair xx.xx.1992-ci il tarixli, 14 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Orderin verilməsi üçün əsas olan Bakı şəhər X16 İcraiyyə Komitəsinin 21 yanvar 1992-cı il tarixli, 120 nömrəli qərarının arxiv əsası mövcuddur, həmçinin sərəncamın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. X3 və istismarı birliyi tərəfindən iddiaçıya 439v saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1992-ci il tarixli, 14 nömrəli orderin olmaması iş üzrə mübahisəli hal deyil. Həmin orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi isə iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin əsli və yuxarıda vurğulandığı kimi, verilməsi üçün əsas olmuş qərar mövcuddur. İddia olunan bağ sahəsinin iddiaçının istifadəsində olmaması məsələsi ilə bağlı qeyd olunur ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxs özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal hüquqların qeydiyyatından imtinanın əsasını təşkil edə bilməz. Məhkəmə 439v saylı bağ sahəsinin digər şəxs tərəfindən hasarlanması və ümumi sahəyə başqa şəxslərin- X14 və X7 müraciətlərinin olması ilə bağlı məsələyə münasibətdə bildirir ki, ilkin iddia ərizəsi və iş materiallarından görünməsi ilə yanaşı məhkəmə iclaslarında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, qeyd olunan şəxslər iddiaçının qohumlarıdır və onlar hər biri ayrı-ayrı orderlər əsasında ayrılmış fərqli bağ sahələri üzərində hüquqlara iddia edirlər. Belə ki, iş materiallarında olan X14, X12, İddiaçı, X4 tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədə aşağıdakılar bildirilmişdir: “Bildirmək istəyirik ki, xx.xx.1992-ci il tarixli 120 saylı sərəncama əsasən Ləhiş bağlar massivinin, 203 saylı BTK nəzdində X11 438a saylı 0.12 hektar torpaq sahəsi olan bağ ayrılmış; xx.xx.1990-cı il tarixli 4/143 saylı sərəncama əsasən Ləhiş bağlar massivinin, 181 saylı BTK nəzdində X9 440a saylı 0.12 hektar torpaq sahəsi olan bağ ayrılmış; xx.xx.1992-ci il tarixli 120 saylı sərəncama əsasən Ləhiş bağlar massivinin 238 saylı BTK nəzdində İddiaçı 439v saylı 0.12 hektar torpaq sahəsi olan bağ ayrılmış və həmçinin xx.xx.1992-ci il 120 saylı sərəncama əsasən, Ləhiş bağlar massivinin 203 saylı BTK nəzdində X1 0.12 hektar torpaq sahəsi olan 439 a saylı bağ ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, yaxın qohumlar olduğumuzdan əvvəllər tərəfimizdən 2 dəfə ümumi hasar çəkilmiş, lakin naməlum şəxslər tərəfindən hasarımız sökülüb dağıdılmışdır. Hal hazırda hərə öz daş hasarını ona məxsus sahədə tikmək üçün sizin təşkilat tərəfindən mərzçəkmə işlərinin aparılması vacibdir. Bununla əlaqədar olaraq yuxanda adı çəkilən ünvanlarda yerləşən torpaqlar üzərində dəqiq mərzçəkmə işlərinin aparılması üçün tərəfinizdən tabeçiliyinizdə olan lazımi qurumlara göstəriş verməyinizi xahiş edirik”. Göründüyü kimi, qeyd olunan şəxslər mərzçəkmə qaydalarına uyğun olaraq istifadələrinə olan torpaq sahələrinin koordintlarının dəqiqləşdirilməsi üçün müraciət etmiş və ümumi sahə də iddiaçı ilə birlikdə həmin şəxslər tərəfindən hasarlanmışdır. Cavabdeh tərəfindən iddiaçının naturada göstərdiyi sahənin bağların bölgü sxeminə əsasən hansı bağ sahəsinə uyğun gəlməsi, bağlararası yola uyğun gəlməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, qeyd olunan məsələlərlə bağlı məhkəmə tərəfindən cavabdeh inzibati orqana mütəxəssis rəyinin verilməsi üçün müraciət edilmiş və aşağıdakı məzmunda cavab alınmışdır: “Müraciətinizlə əlaqədar bildiririk ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmışdır. Göstərilən ümumi sahə 4392 kv.metr təşkil edir. Bundan əlavə sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmadı. Bu səbəblərdən araşdırılma aparılması və mütəxəssis rəyinin verilməsi tərəfimizdən mümkün olmamışdır.” Göründüyü kimi, verilmiş cavab torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması və iddia olunan sahənin bağların bölgü sxeminə uyğunsuzluğu ilə bağlıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsinin ümumi ərazi daxilində yerləşməsi və torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması əsası qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Həm də yuxarıda istinad olunan “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 7.2-ci bəndindən göründüyü kimi, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin və torpaq mülkiyyətçisinin (istifadəçisinin) iştirakı ilə aparılır. Bundan başqa Mübahisə predmeti olan torpaq sahəsinin ölçüsü, qonşu bağ sahələri ilə eyni hasar daxilində yerləşməsi, ümumiyyətlə konfiqurasiyası ilə bağlı uyğunsuzluqların aradan qaldırılması məsələsi iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. İddia olunan “439 v” saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının məsuliyyəti ilə bağlı məsələ olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Yuxarıda istinad olunan Əsasnamədən göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 saylı qərarına uyğun olaraq 238 №li BTK tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli order üzrə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 439 v saylı 0,12 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 saylı qərarına uyğun olaraq 238 №li BTK tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli order üzrə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 439 v saylı 0,12 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-321/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-321/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver