Məhkəmə qərarları › İş №2-1(112)-3210/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3210/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3210/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlilliyin bərpa olunması” tələbinə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlilliyin bərpa olunması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. Səhhətində yaranmış narahatçılıqlarla əlaqədar olaraq Bakı şəhəri, Ak. Ç.Abdullayev adına ET Kardiologiya İnstitutunda stasionar şəraitdə müalicə almışdır. Daha sonra aldığı müalicələrin nəticəsində onda müəyyən edilmiş diaqnoz əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə müraciət edərək, Forma 88 göndərişinin tərtib olunmasını xahiş etmişdir. Həmin İdarə tərəfindən qardaşının polis əməkdaşı olması səbəbindən Forma 88-in oradan göndərilməsinə razılıq verilmişdir. Adı çəkilən İdarə tərəfindən onun stasionar müalicə aldığı müəssisələrdən əldə olunmuş sənədlər əsasında o, yenidən müayinə edilərək, 4110003AABLM nömrəli göndərişlə Forma 88 cavabdeh Agentliyə ünvanlanmışdır. Göndərişdən də göründüyü kimi o, 21.06.2017-ci il tarixdə həmin Tibb İdarəsində qeydiyyada olmuşdur. Adıçəkilən göndəriş əsasında 30.06.2017-ci il tarixdə “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ FS. əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmamazlığı. Ürək Çatmamazlığı İİİ FS. Hemiplegiya, İşemik insultdan sonrakı vəziyyət. Sağ tərəfli hemiparez. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə o, 5 il müddətinə əlillik səbəbi “ümumi xəstəlik” göstərilməklə İİ dərəcəli əlillik təyin olunmuşdur. Bununla bağlı izibati orqana müracət olunsa da heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 21.12.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilirdi. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AABLM saylı göndərişi 17.07.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2017-2018-ci illər ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə əlillik təyinatları aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət olunaraq, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 843 nəfərə dair DİN-nin Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cavab verilmişdir. Məktubda 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyatının olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Göndərişləri etibarsız hesab edilmiş şəxslərin siyahısında 182-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız hesab edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış iddiaya dair 19.01.2021-ci il tarixli 029-205-1221 №li mülahizədə göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-nin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Aprılmış araşdırmalar nəticəsində DİN-nin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmət etməyən, poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və həmin göndərişlər əsassız hesab edilmişdir. DİN-nin poliklinikaları qeydiyyatda olan daxili işlər orqanları əməkdaşlarına, onların ailə üzvlərinə (ər, arvad, yetkinlik yaşına çatmayan övlad) xidmət göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, iddiaçının qardaşı X1 İşlər Nazirliyinin əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12.12.2012-ci il tarixli, Q81-001-12 nömrəli “Azərbaycan Respublikasının Daxili X10 Xidmətin ətşkil edilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qərarına əsasən Nazirliyin Tibbi İdarəsinə bilavasitə tabe olan müalicəprofilaktika müəssisələri tərəfindən yalnız daxili işlər orqanları əməkdaşlarına, DİN-nin təqaüdçülərinə, onların ailə üzvlərinə və nazirlik sistemində işləyən mülki işçilərə tibbi xidmət göstərilir. Bu əsasdan iddiaçıya aid Forma 88 göndərişinin Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə aid səhiyyə müəssisələrində doldurulması qanuni olmuşdur. Eyni zamanda iddiaçı keçmiş vergi orqanının əməkdaşı olduğundan və Vergilər Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mövcud olan razılaşmaya əsasən X7 əməkdaşları da Daxili İşlər Nazirliyinə aid tibbi müəssisələrdə tibbi müayinədən keçmişlər. Nümayəndə və vəkil məhkəmədən qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 oğlu iddianı qəbul etməyərək və iddiaya dair etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə arayışdan müəyyən olunur ki, 4110003AABLM nömrəli Forma 88 göndərişi əsasında xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 17.07.2017-ci il tarixdə 17.07.2022-ci il tarixədək ümumi xəstəlik səbəbilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən İddiaçı aid 4110003AABLM nömrəli Forma 88 göndərişi sonuncuya əlillik dərəcəsinin təyin olunmas üçün Tibbi Sosial Ekspert Komissiyasına (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə ünvanlanmış **********5 №li məktubda göstərilmişdir ki, 2017-ci və 2018-ci illər ərzində aparılmış əlillik təyinatarı üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə əlillik təyinatları aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 843 nəfərə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş olunmuşdur. Məktuba əlavə olunmuş siyahının surətindən görünür ki, həmin siyahıda İddiaçınin adı qeyd olunmuşdur (sıra №-si 182). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 029-3854-1219/5 №li 18.11.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, İddiaçı ilə X11 qardaşdırlar. İş materiallarından göörünür ki, X11 DİN-nin əməkdaşı olmuş və o, 22.07.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı 21.08.2020-ci il tarixli, **********348300 nömrəli məktubundan görünür ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19.03.2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə 2 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında 2004-cü ilin may ayından həyata keçirilməyə başlanmışdır. Nazirliyin digər strukturlarında qeyd olunan əmrin tələblərindən irəli gələn tədbirlərin icrası həmin strukturların rəhbərlərinə tapşırılmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı uzun müddət dövlət vergi orqanının əməkdaşı olmuşdur. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Hazırda iddiaçı ona 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasını istəyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 119/2021 saylı (ekspertizanın başlanma tarixi 21 aprel 2021-ci il, başa çatma tarixi 31 may 2021-ci il) rəydən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, 1958-ci il təvəllüdlü İddiaçı dücar olub əziyyət çəkdiyi xəstəliklər “stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİİ f.s, keçirilmiş miokard infarktı, infarktdan sonrakı kardioskleroz, ürək çatmamazlığı İİİ f.s, hemiplegiya, işemik insultdan sonrakı vəziyyət, sağtərəfli hemiparez ürək çatmamazlığı (durğunluq) ilə müşayiət olunan və əsasən ürəyin zədələnməsi ilə hipertoniya xəstəliyi İİİ dərəcə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 4110003AABLM nömrəli Forma 88 göndərişi düzgün doldurulmuş və həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olmuşdur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız (iddiaçının müraciətinə cavab verilməməsini imtinaya bərabər tutmaqla) hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik- xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84- J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24 24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 4110003AABLM nömrəli Forma 88 göndərişi düzgün doldurulmuş və həmin göndərişdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olmuşdur. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12.12.2012-ci il tarixli, Q81-001-12 nömrəli “Azərbaycan Respublikasının Daxili X10 Xidmətin təşkil edilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qərarına əsasən Nazirliyin Tibbi İdarəsinə bilavasitə tabe olan müalicə-profilaktika müəssisələri tərəfindən yalnız daxili işlər orqanları əməkdaşlarına, DİN-nin təqaüdçülərinə, onların ailə üzvlərinə və nazirlik sistemində işləyən mülki işçilərə tibbi xidmət göstərilir. Göründüyü kimi iddiaçı vergi orqanının əməkdaşı olmuş həmçinin onun ailə üzvü yəni qardaşı daxili işlər orqanlarının əməkdaşı olduğundan ona məxsus Forma 88 göndərişinin Daxili İşlər Nazirliyinin Səhiyyə Müəssisələrindən elektron qaydada göndərilməsi qanuni olmuşdur. Bundan əlavə əlillər ilə bağlı mövcud olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında şəxslərə təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Sadalanan qanunvericilik aktlarında təyin olunmuş əlillik dərəcəsinin əsaslı şübhələr olduğu halda ləğv edilməsi mexanizmi öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçıya münasibətdə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə almayaraq İddiaçı qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bundan əlavə sadalanan qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan əlillik təyin olunan zaman inzibati aktın əlamətlərini özündə əks etdirən qərar qəbul etdiyi kimi onun ləğv və ya etibarsız hesab edildiyi zaman da belə bir inzibati akt (qərar) qəbul etməli idi. Lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən belə bir inzibati akt (qərar) məhkəməyə təqdim edilməmişdir. Bu isə öz növbəsində inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar