Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3213/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə xx.xx.1998-ci il təvəllüdlü X3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2005-ci il tarixdə buna dair müvafiq olaraq ÖM seriyalı, 236011 qeydiyyat nömrəsi ilə qeyd edilərək qeydiyyat vəsiqəsi verilmişdir. Ona məxsus mənzildə qardaşı oğlu X5 qeydiyyatda olmasına baxmayaraq, xx xxx 2007-ci il tarixdən köçərək Sankt Peterburq şəhərinə getmiş və hazıra kimi orada yaşayır. Ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı barədə öz üzərinə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Ona məxsus olan mənzildə 3-cü şəxsin qeydiyyatda olması sahiblik, istifadə və sərəncam vermək hüquqlarının tam olaraq həyata keçirilməsinə mane olur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 3-cü şəxs könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaqdan boyun qaçırdığı üçün məhkəmə qaydasında mənzil qeydiyyatından çıxarılmalıdır. Ona məxsus daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyündən iddiaçı olaraq tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 059-3771-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 236011 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X5 ünvan 2 mənzil 46 ünvanında yaşayış yeri üzrə pasport qeydiyyatındadır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 059-45306X-3220 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin tələblərinə uyğun olaraq X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş 78 АБ ******* nömrəli etibarnamənin surətindən görünür ki, Rusiya vətəndaşı (Sankt-Peterburq və Leninqrad Vilayəti üzrə Rusiya FMXİ 33 №-li ƏB tərəfindən tərəfindən verilmiş 40 08 722651 nömrəli pasporta əsasən), Sankt- Peterburq şəhərinin Krasnoqvardeyskiy rayonunun xx xxxx 2009-cu il tarixdə, bölmə kodu 780- 033, Sankt-Peterburq, Entuziastov prospekti, ev 47, korpus 1, mənzil 437 ünvanında qeydiyyatda olan X5, xx xxxxxx 1996-cı il təvəllüdlü, xarici vətəndaşın pasportu AZE № 14341973, sənəd verilib: Azərbaycan Respublikasının Xidmət və Sosial İnnovasiyalar Agentliyi tərəfindən xx xxx 2015-ci il tarixdə, Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş X6 hazırki etibarnamə ilə, vətəndaşların yerləşdirilməsi və qeydiyyat uçotu şöbəsində, FMX-də, idarəedici şirkətdə, mənzil-istismar orqanlarında, Azərbaycan Respublikasıın Xidmət və Sosial İnnovasiyalar xidmətində onun Azərbaycan Respublikası, ünvan 3 ünvanından yaşayış yeri üzrə daimi qeydiyyat uçotundan çıxarılması məsələsi ilə bağlı nümayəndəsi olmaq, qeydiyyat uçotundan çıxarıldıqdan sonra sənədləri almaq hüququ ilə, onun adından ərizələr, sənədlər, arayışlar təqdim etmək və almaq hüququ ilə, zərurət yarandıqda imza çəkmək, texniki səhvləri düzəliş etmək, zəruri ödənişləri və döblət rüsumlarını ödəmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri icra etmək səlahiyyətlərini vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 236011 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Onun həmin mənzil üzərində hüquqları xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə 3-cü şəxs X5 sözügedən mənzildə yaşayış yeri üzrə pasport qeydiyyatında olsa da, işin halları ilə müəyyən edilir ki, o, Sankt-Peterburq və Leninqrad Vilayəti üzrə Rusiya FMXİ 33 №-li ƏB tərəfindən tərəfindən verilmiş 40 08 722651 nömrəli pasporta əsasən o, Rusiya Federasiyası vətəndaşıdır və Sankt-Peterburq, Entuziastov prospekti, ev 47, korpus 1, mənzil 437 ünvanında qeydiyyatdadır. Eləcə də, onun hazırda ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmasına hərhansı bir etirazı yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxsin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, 3-cü şəxsin hazırda Rusiya Federasiyasının vətəndaşı olması və Rusiya Federasiyasında özünə yaşayış yeri seçməsi, həmin şəxsin mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, eləcə də, 3-cü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmədiyi işin halları ilə müəyyən edildiyindən, iddiaçı iş üzrə 3-cü şəxsin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxs X3 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X3 ünvan 2 mənzil 46 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3213/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3213/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver