Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3215/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, üçüncü şəxs X5 iştirakı ilə İddiaçılar İddiaçı1 və X4 cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X11 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 17.12.2020-ci il tarixli, 2-1(112)-8319/2020 nömrəli qərardadı ilə X11 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 saylı fərdi yaşayış evi RX seriyalı ******* saylı çıxarışa əsasən 1/6 hissədə ataları X7, 3/6 hissədə 1975-ci ildə vəfat etmiş babaları X10 və 2/6 hissədə bibiləri X2 məxsus olmaqla, ataları ilə bibiləri ayrılıqda yaşayırlar. Onlar həmin mübahisəli evə qeydiyyata düşmək istəyirlər. Lakin bibiləri X3 isə buna razı deyildir. Onlar isə atalarına məxsus hissəyə qeydiyyata alınmaqlarını tələb edirlər. Sözügedən ünvan paylı mülkiyyətdə olmasına baxmayaraq giriş-çıxış qapıları ayrıdır. Onlar bu məsələ ilə bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, oradan imtina məktubu vermişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia tələbinə etiraz etməyərək verdiyi izahatında bildirdi ki, ünvan 1 saylı fərdi yaşayış evi RX seriyalı ******* saylı çıxarışa əsasən 1/6 hissədə ona, 3/6 hissədə 1975-ci ildə vəfat etmiş atası X10 və 2/6 hissədə bacısı X2 məxsusdur. İddiaçılar onun uşaqları olmaqla onunla birlikdə həmin evdə yaşayırlar. Uşaqlarının onun mülkiyyətində olan ünvan 1 ünvanı üzrə qeydiyyata alınmalarına etiraz etmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar iddia tələblərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar, cavabdeh və üçüncü şəxs X3 lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə rəsmi məktubla müraciət edərək işə iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, lakin iddiaçılar və üçüncü şəxs X3 məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçıların, cavabdehin nümayəndəsinin və üçüncü şəxs X1 iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1994-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 13083190 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 07.02.1949-cü ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1992-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/6 hissədə X7, 3/6 hissədə X10 və 2/6 hissədə X2 məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 16.02.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında X11 qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. - Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 07.12.2020ci il tarixli, 055-21233Ə-3220 №-li məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-hissəsinin tələblərinə zidd olduğu üçün onların sözü gedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmaqları mümkün deyildir. Qeyd olunan məsələ ilə əlaqədar müvafiq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və X9 Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin ünvan paylı mülkiyyətdə olmaqla 1/6 hissədə iddiaçıların ataları X5, 3/6 hissədə babaları X8, 2/6 hissədə bibiləri X1 mülkiyyətindədir. İddiaçılar sözügedən ünvana qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-hissəsinin tələblərinə zidd olduğu üçün sözü gedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağı mümkün həsab edilməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. İddiaçıların atası, mübahisəli evin 1/6 hissəsində mülkiyyət hüququ olan Akif Həsənov uşaqlarının mülkiyyətində olan ünvana qeydiyyata alınmalarına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının: -24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. -28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.2-ci maddəsinə görə (bərabərlik prinsipi) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçıların faktiki olaraq yaşadıqları fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla bir hissələri atalarının mülkiyyətində olduğundan və ataları da onların həmin ünvana qeydiyyata alınmalarına etiraz etmədiyindən onların həmin ünvana qeydiyyata alınmamaları barədə cavabdehin imtinası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin digər mülkiyyətçilərinin iddiaçıların həmin ünvana qeydiyyata alınmaları ilə bağlı razılıqlarının tələb edilməsi iddiaçıların və onların həmin ünvana qeydiyyata alınmalarını istəyən digər mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3215/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3215/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver