Məhkəmə qərarları › İş №2-1(112)-3216/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3216/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3216/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “əmrin ləğv edilərək, işə bərpa edilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 aprel 2016-cı il tarixli, **********528200 saylı əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı öz razılığı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Auditinin təşkili şöbəsinin X5 Müfəttişi vəzifəsinə bərabər başqa vəzifəyə bərpa edilməsi və cavabdehin təqsiri üzündən məcburi iş buraxma müddəti üçün, 11 aprel 2016-cı il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan vaxtadək hər ay üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının hesablanıb cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 27 fevral 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə 27.02.2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq icraatının iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. Lakin, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi B.Məhərrəmov iş üzrə vəsatət verərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “əmrin ləğv edilərək, işə bərpa edilməsi” barədə iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı eyni iddia tələbi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 21.12.2016-cı il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.05.2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası vergilər Nazirliyinə qarşı Azərbaycan Respubliaksı Vergilər Nazirliyinin 11 aprel 2016-cı il tarixli **********528200 saylı Əmrinin (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X2 Xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci bəndinə əsasən xitam verilməsi”) İddiaçı dair hissəsində ləğv edilməsi; İddiaçı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Auditin təşkili şöbəsinin X5 müfəttişi vəzifəsinə bərpa edilməsi; 11 aprel 2016-cı il tarixdən məhkəmə Qərarı çıxarılan vaxta qədər cavabdehin təqsiri üzündən buraxılmış günlərinə görə hər ay üçün ştat cədvəlinə uyğun olaraq müəyyən edilən əmək haqqının tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.12.2016-cı il tarixli, 2-1(81)-2749/2016 saylı qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası vergilər Nazirliyinə qarşı iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2018-ci il tarixli, 2-1(102)-805/2018 saylı qərarın təsviri hissəsindən görünür ki, Bakı Apelyyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.12.2016-cı il tarixli, 2-1(81)-2749/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi inzibati akt, yəni inzibati orqan tərəfindən qəbul edilən əmr, həmçinin iddiaçının işə bərpası və ştat cədvəlinə uyğun olaraq əmək haqqı mələğinin ödənilməsi ilə bağlı məsələ artıq mübahisələndirilmiş və iddiaçının həmin tələbi üzrə yekun qərar qəbul edilmişdir. Bundan savayi isə, sözügedən qərar qanuni qüvvəsini almışdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsində hazırlıq icraatında iddia ərizəsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarın olduğu halda məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından Məhkəmə hesab edir ki, hazırki halda işə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Şərh olunan maddədə göstərilən əsasla işin icraatına xitam verilməsi üçün a) məhkəmənin qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş üzrə çıxarılmalıdır; b) həmin qərar qanuni qüvvəyə minməlidir. Yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələyə baxıldıqdan, həmçinin bununla bağlı qanuni qüvvəsini almış qərar olduğundan, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 170.2 və 261.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “əmrin ləğv edilərək, işə bərpa edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar