Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3216/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh AR ƏƏSM Nazirliyi yanında X7 Xidmətinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, “xxxx” MMC-yə x xxxxxxx 2020-ci il tarixdə X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən göndərilmiş x xxxxxxx 2020-ci il tarixli **********4 saylı məktub və MMC-nin direktoru X8 barəsində tərtib edilmiş MN0646440 nömrəli inzibati tənbeh vermə haqqında qərar daxil olmuşdur. X1 xx xxx 2020-ci il tarixli müraciəti X7 Xidmətinin icraçısı tərəfindən qeyri-obyektiv araşdırılmış və MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Xidmətin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokoluna əsasən inzibati xəta haqqında işə baxılması üçün təyin olunmuş vaxt haqqında **********7 saylı bildirişi MMC-yə x xxxxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi halı düzgün qiymətləndirilməmiş və AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi əsas götürülərək 1.800 manat məbləğində inzibati cərimə barədə əsassız qərar qəbul olunmuşdur. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “c” bəndlərinə əsasən özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsini, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması səbəbindən işdən azad edilməsi labüd olduğuna baxmayaraq, pandemiya dövrünü, yaşlı olmasını, vətəndaşın gələcək karyerasına zərər vurmamaq naminə işçilərin öz xahişini nəzərə alaraq onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü ilə) bəndinə əsasən xitam verilmişdir. Vətəndaşın işdən azad olunması AR Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbinı uyğun olaraq həyata keçirilmiş və heç bir qanun pozuntusuna şirkət tərəfindən yol verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, AR Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, İPM-in 2, 8, 38, 45, 69, 70, 73.1 və 75.4-cü maddələrinə əsaslanaraq, x xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İddiaçı MMC-nin direktoru X8 barəsində X7 Xidmətinin qərarının ləğv olunması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh X7nin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş x xxxx 2021-ci il tarixli məktubunda (yazılı etirazında) aşağıdakılar bildirilir: - İddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı X8 AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən barəsində qəbul olunmuş x xxxxxxx 2020-ci il taixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı iddiaçı qismində inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normalarını kobud şəkildə pozmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair» 2012-ci il 04 oktyabr tarixli Qərarından görünür ki, İXM-də inzibati xətalara dair məhkəmə aidiyyəti 360.1-ci maddədə dəqiq göstərilsə də, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən İXM-in Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərdən verilən şikayətlərin aidiyyəti məsələsi, müraciət edənin fikrincə məhkəmə təcrübəsində fərqli təfsir olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest İXM-in 430-cu maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Öz növbəsində İXM-in 431-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi qaydasını müəyyən edir. Həmin maddədə inzibati xəta haqqında iş üzrə hakimin qərarından şikayətin apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından şikayətin isə kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir (İXM-in 431.1.3-cü maddəsi). İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Sadalanan normalara uyğun olaraq DƏM Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X8 həmin qərarla razı olmadığı halda ya yuxarı səlahiyyətli orqana, ya da rayon məhkəməsinə şikayətçi qismində ərizə ilə müraciət etməli idi. Belə olan halda Rəcəb Əliyevin iddiaçı qismində sözügedən qərarı inzibati məhkəmədə mübahisələndirməsi qanunvericilik cəhətdən yolverilməzdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respbulikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Həmin Qanunun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bununla da müəyyən edilir ki, iddiaçı X6 qərardan verdiyi şikayət iddia qaydasında inzibati məhkəmələrə deyil, inzibati xətalara dair işlər üzrə icraatın aparılmasına əsasən rayon (şəhər) məhkəmələrinə verilməli idi. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. AR İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: (128.2.3) səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: (129.1.3) səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti üzrə qəbul etdiyi qərarı mübahisələndirdiyindən, hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Digər tərəfdən də nəzərə alınmalıdır ki, qanunvericilik inzibati xəta haqqında qərarlarla bağlı mübahisələrə dair işlər üzrə məhkəmə aidiyyətini AR İnzibati Xətalar Məcəlləsi ilə müəyyənləşdirmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3216/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3216/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver