Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3217/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövrü əmək stajına hesablanmaqla, pensiyanın yenidən hesablanması və yaranacaq fərqin bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilsə də, verilmiş əmək pensiyasının düzgün hesablanması ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ərizəsi təmin etməmişdir. Belə ki, onun xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövr nəzərə alınmamışdır. Halbuki, xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi illər və buna dair müvafiq əmrlər əmək kitabçasına qeyd edilmişdir. Belə olan təqdirdə cavabdeh orqanın imtinası əsassızdır və iddia tələbi təmin edilməməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (işə daxilolma əmrinin nömrəsi və tarixi yoxdur) riayət olunmamışdır. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. Nəticədə İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12602, 99 manat pensiya kapitalı (2023-cü il tarixədək indeksləşdirilmiş) əsasında xx.xx.2024-cü il tarixdə iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 941,50 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 318,49 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki iş stajı 12 il 2 ay 13 gün təşkil edir (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla. İddiaçının əmək kitabçasının həqiqiliyinə əsaslı şübhələr olduğundan ona yaşa görə əmək pensiyasının yenidən ablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza izahat verərək edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus ГЕ 36360 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. İddiaçının APM seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1981-ci ildə Xaçmaz rayon X2 İdarədənkənar mühafizəsi bölməsinə gözətçi qəbul edilmişdir. xx.xx.1982-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1982ci ildə fəhlə vəzifəsinə qəbul edilir. xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü ildə OKC-yə müvəqqəti işçi qəbul edilir. xx.xx.1983-cü ildə müvəqqəti işçi olduğundan şəxsi ərizəsi əsasında işdən azad edilib. xx.xx.1983-cü ildə Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozuna işə qəbul edilir. xx.xx.1988-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə 1№-li sexə soyutma üzrə mütəxəssisin hazırlıq şagirdi qəbul edilir. xx.xx.1989-cu ildə soyutma üzrə mütəxəssisə 2-ci dərəcə verilir. xx.xx.1990-cı ildə həmin sexdə 2-ci dərəcə ilə həlledici qatışıqlar maşinisti vəzifəsinə keçirilir. xx.xx.1991-ci ildə həlledici qatışıqlar maşinistinə 4-cü dərəcə verilir. xx.xx.1991-ci ildə həmin sexdə növbə ustası vəzifəsinə keçirilir. xx.xx.1994-cü ildə yeni əməyin ödənilməsi şərtləri və tarifləşməyə keçmə ilə əlaqədar, növbə ustasına 8-ci dərəcə verilir. xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQhM-nin 37-ci maddəsinə əsasən, öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər bədən tərbiyəsi üzrə metodist işləmişdir.xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilə qədər Azərbaycan Dövlət Dəmiryolu Həkim Sanitar xidməti yol sanitar karantin müfəttişliyinin dezinfektoru vəzifəsində işləyib. xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilə qədər təsərrüfat işləri üzrə direktor müavini işləmişdir. xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilə qədər Gənclərin bədii yaradıcılıq evində təsərrüfat müdiri işləmişdir. İddiaçının cavabdehə edilmiş müraciətinə imtina cavabında cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilənlər bildirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək stajının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (27.1. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçıya xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, ona əmək pensiyası təyin edilərkən xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozunda olan iş stajı nəzərə alınmamışdır. Cavabdeh bunu əmək kitabçasının doldurulma qaydalarının pozulması, yəni iddiaçının kolxoza işə qəbulu barədə əmrin nömrəsi və tarixinin göstərilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nda göstərilmişdir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir (1.1.). Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır (1.2.). İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir (3.2.). Göründüyü kimi əmək kitabçasında işçinin işə qəbuledilməsi və işdən azad edilməsi tarixlərinin göstərilməsi vacib şərt kimi göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, oxx.xx.1983-cü ildə Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozuna işə qəbul edilmişdir. Əmək kitabçasında iddiaçının işə qəbul tarixi göstərilmiş, lakin işə qəbul edilməsi ilə bağlı əmrin nömrə və tarixi göstərilməmişdir. Məhkəmə hesab edir ki, bu işəgötürənin texniki səhvidir və bunun üçün iddiaçı məsuliyyət daşıya bilməz. Belə ki, iddiaçının həmin kolxozda olan sonrakı fəaliyyəti və işdən azad edilməsi əmək kitabçasında tam olaraq göstərilmiş, başqa işə keçirilməsi və işdən azad edilməsi barədə əmrlər öz əksini tapmışdır. Yəni, iddiaçının qeyd edilən dövrdə, həmin kolxozda işləməsi məhkəmədə hər hansı şübhə doğurmur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozunda xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək işləməsinə baxmayaraq cavabdeh onun məhz xx.xx.1987-ci ilədək olan stajını nəzərə almamışdır. Bunun səbəbinin aydınlaşdırılması ilə bağlı məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu verilsə də, cavabdeh yenə bunu əmək kitabçasının doldurulma qaydalarının pozulması ilə əlaqələndərmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozunda olan əmək stajının pensiya təyini zamanı nəzərə alınmaması cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bu səbəbdən iddia iddiaçının həmin dövr üzrə olan əmək stajının nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində əsaslıdır. Yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi barədə iddia tələbinə gəldikdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranacaq fərqin birdəfəyə ödənilməsi hissəsində iddia qismən təmin edilməli, yaranacaq fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Həmin fərqin hansı formada ödənilməsinin müəyyən edilməsi isə cavabdehin səlahiyyətinə aiddir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövrün əmək stajına hesablanmaqla, onun əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3217/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3217/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver