Məhkəmə qərarları › İş №2-1(112)-322/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-322/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-322/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yol verilən pozuntunun aradan qaldırılması və 10 iyun 2019-cu il tarixindən müəyyən edilməklə iddiaçıya ikinci qrup əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1998-ci ildən epilepsiya xəstəliyindən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar müxtəlif səhiyyə müəssisələrində ambulator və stasionar müalicələr almış, müalicə aldığı müddətlərdə baş vermiş qıcolma faktları müvafiq səhiyyə müəssisələri tərəfindən qeydə alınmışdır. Son olaraq “Azərsutikinti” xəstəxanasında 8-28 may 2019-cu il tarixləri arasında stasionar müalicə almış, müalicə aldığı 21 gün ərzində iddiaçıda 4 dəfə qıcolma tutmaları baş vermiş və bu faktlar müvafiq olaraq həmin səhiyyə müəssisəsi tərəfindən qeydə alınmışdır. Əlilliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün qeyd olunan səhiyyə müəssisəsi tərəfindən 8 iyun 2019-cu il tarixli 0050003AACSG nömrəli göndəriş tərtib edilərək elektron qaydada TSEKə göndərilmiş, diaqnoz” bölməsinin “b) Ağırlaşma” bəndində “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” ifadəsi qeyd olunmuşdur. Beləliklə yuxarıda qeyd etdiyi və səhiyyə müəssisəsi tərəfindən qeydə alınan 21 gün ərzində 4 dəfə qıcolma tutmaları faktı göndərişdə öz əksini taparaq təsdiq olunmuşdur. Lakin cavabdeh əlilliyin qiymətləndirilməsi ilə bağlı qüvvədə olan və istinad etdiyi normativ-hüquqi aktların tələblərinə əməl etməmişdir. Belə ki, 25 iyun 2019-cu il tarixdə göndərişə cavab olaraq elektron hökumət portalından əldə etdiyi “TSEKdə sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədində “əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacın olması” əsas gətirilərək, cavabdeh tərəfindən iddiaçıya ikinci qrup əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.11-ci bəndinə əsasən “epilepsiya tez - tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” hallan olduqda ikinci qrup əlillik təyin edilir. Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. TSEK əlillik dərəcəsinin verilməsindən imtina haqqında qərarını haqlı göstərmək üçün qəsdən göndərişin diaqnoz bölməsində səhiyyə müəssisəsi tərəfindən ona təqdim edilmiş məlumatları təhrif etmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci qrup əlillik dərəcəsinin verilməsinə birbaşa göstəriş olan “Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” sözlərini diaqnoz bölməsindən çıxartmışdır. Beləliklə, Xidmət və TSEK öz fəaliyyətində əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təmin edilməsi məqsədilə bütün sənədləşmələrin və qiymətləndirmə işlərinin elektron qaydada və insan müdaxiləsini istisna edən şəraitdə aparılmalı olduğunu nəzərdə tutan tələblərə əməl etməyə lüzum görməmiş və kobud qanun pozuntusuna yol verərək iddiaçıya əlillik dərəcəsinin təyin edilməməsi üçün diaqnozun “Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” hissəsini sənədlərdən qəsdən çıxarmaqdan çəkinməmişdir. Cavabdehin 2 oktyabr 2019-cu il tarixli cavab məktubunda istinad etdiyi hallara heç bir münasibət bildirilməmiş, sadəcə olaraq Xidmət tərəfindən 10 iyun 2019-cu il tarixdə əlilik dərəcəsinin verilməsindən imtina edilməsi haqqında qərar verildiyi faktı təkrar olaraq diqqətinə çatdırılmışdır. Beləliklə, cavabdehin iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasına əsasən malik olduğu sosial təminat hüququ və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarlarının tələbləri kobud şəkildə pozulmuş, qanuni əsasla iddiaçıya verilməli olan ikinci qrup əlil statusunun verilməsindən qanunsuz olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı 24.12.2019-cu il tarixli **********6 saylı və 13.02.2020-ci il tarixli **********6 saylı etirazlarında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0050003AACSG saylı göndərişi əsasında 10.06.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0050003AACSG saylı göndərişin təhlili göstərdi ki, xəstəlik 01.09.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip.Serebral ateroskleroz, Başbeyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyri-düzgün bitişmiş sınığı, sağ bazu oynağının kontrakturası. Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2018-ci ildə 12 gün, 2019-cu ildə isə 21 gün olmaqla son bir il ərzində cəmi iki dəfə stasionar müalicədə olmuşdur. Epilepsiya xəstəliyində əlillik dərəcəsi qıcolmaların aylıq tezliyindən asılı olaraq müəyyənləşdirilir ki, bu da stasionar müalicə müddətində təsbit edilməklə dəqiqləşdirilir. Lakin İddiaçı cəmi iki dəfə stasionar müalicə almışdır, stasionar müalicə müddətləri isə qıcolmaların aylıq tezliyini müəyyənləşdirmək üçün yetərli hesab olunmur. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və qıcolmaların xarakteri və tezliyinin dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı oğuna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmənin 17.03.2020-ci il tarixli qərardadı ilə 23 saylı Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, proses iştirakçısının olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki: - 23 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 0050003AACSG saylı göndərişdən görünür ki, xəstəlik 01.09.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunmuşdur)” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip.Serebral ateroskleroz, Baş-beyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyridüzgün bitişmiş sınığı,sağ bazu oynağının kontrakturası.Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. - Sonuncu müayinə dair məlumatın verilməsi barədə altsistemdən çıxarışdan görünür ki, iddiaçının 0050003AACSG saylı göndərişi əsasında əlavə müalicəyə ehtiyacın olması və xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi ilə il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yeni göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti şəxsin iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekpert rəyindən görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0050003AACSG saylı göndəri tam doldurulmuş, müayinələr tam aparılaraq ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu müəyyən edilmiş və əlillikdən imtina qərarı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən düzgün olmuşdur. Vətəndaş İddiaçı ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmalı, əldə olunmuş nəticəyə uyğun sənədlər təkrar əlilliyin təyini üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilməlidir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, iştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – İddiaçı 10.06.2019-cu il tarixdən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); İşin araşdırılan hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0050003AACSG saylı göndərişi əsasında 10.06.2019-cu il tarixdə qiymətləndirilmiş, göndərişdə əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunmuşdur)” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip. Serebral ateroskleroz, Baş-beyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyri-düzgün bitişmiş sınığı, sağ bazu oynağının kontrakturası. Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2018-ci ildə 12 gün, 2019-cu ildə isə 21 gün olmaqla son bir il ərzində cəmi iki dəfə stasionar müalicədə olmuşdur. İddiaçının göndəriş əsasında əlavə müalicəyə ehtiyacın olması və xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi “stasionarda olarkən 21 gün ərzində 4 tutmanın olması” diaqnozu göndərişdə yalnız ağırlaşma kimi göstərilmiş, əsas diaqnozda isə bu barədə heç bir qeyd aparılmamışdır. Məhkəmə araşdırması zamanın işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsində eskpert aşağıdakı qənaətinə gəlmişdir ki, səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0050003AACSG saylı göndəriş tam doldurulmuş, müayinələr tam aparılaraq iddiaçıya “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunmuşdur” diaqnozu müəyyən edilmiş və əlillikdən imtina qərarı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən düzgün olmuş, iddiaçı ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmalı, əldə olunmuş nəticəyə uyğun sənədlər təkrar əlilliyin təyini üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilməlidir. Göründüyü kimi eskpert də iddiaçıya əliliyinin təyin edilə bilməsi üçün əlavə ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmasının zəruriliyini bildirmişdir. Yalnız bundan sonra əldə edilmiş nəticələrə əsasən iddiaçının əlilliyinin olub-olmamasını müəyyənləşdirməyin mümkünlüyü bildirilmişdir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə iş materiallarında olan ekspert rəyini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət edərək ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol verilən pozuntunun aradan qaldırılması və 10 iyun 2019-cu il tarixindən müəyyən edilməklə iddiaçıya ikinci qrup əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar