Məhkəmə qərarları › İş №2-1(112)-322/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-322/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-322/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 1977-ci ildə Bakı şəhəri Texniki Peşə məktəbinə bənna ixtisası üzrə daxil olmuş və 1978-ci il tarixdə adıçəkilən məktəbi bitirmişdir. 29 iyun 1978-ci il tarixdən ixtisası üzrə 302 saylı tikinti idarəsinin "Yüksəkmərtəbə" trestində işə qəbul olunmuşdur. 1979-cu ildən 1981-ci ilə qədər əsgəri xidmətdə olmuşdur. Xidməti bitirdikdən sonra təkrarən yuxarıda adıçəkilən idarədə iş fəaliyyətini davam etmişdir. xx.xx.1984-cü il tarixdə o, 4-cü dərəcəli üzləyici (oblisovşik) vəzifəsinə keçirilmişdir. 1984-cü ildən 1990-cı ilə qədər işlədiyi üzləyici vəzifəsi xüsusi ilə zərərli peşə hesab edilirdi. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək ACTB Bakı yaşayış tikinti idarəsində maşın mexanizmlərinin təmiri və istismarı üzrə sahə ustası vəzifəsində çalışmışdır. xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci ii tarixədək təkrarən Bakı hündüryaşayış tikinti idarəsinin 300 saylı tikinti trestində 5-ci dərəcəli əhəng daşı üzləyicisi vəzifəsində çalışmışdır ki, həmin üzləyici vəzifəsi xüsusilə ağır peşə hesab edilir. Hazırki ərizəyə əlavə etdiyi əmək kitabçasından görünür ki, o, 30 il əmək stajına malikdir. Həmin stajın 23 ili üzləyici, yəni zərərli peşə stajıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsi əsasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi dəqiqləşdirilərək ona 57 yaşı tamam olduğu vaxtdan, yəni 20 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, təqdim etdiyiniz 5 iyun 1978-ci il tarixli İT-İ 00244226 nömrəli əmək kitabçanızda xx.xx.1991- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti idarəsi 302 nömrəli Tikinti İdarəsində arxiv sənədlərinin saxlanıldığı ünvanı məlum olmadığlından qeyd olunan dövrlər güzəştli şərlərlə yaşa görə pensiya hüququ verən sığorta stajına daxil edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı otmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4.Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Sözügedən Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Belə ki, həmin dəyişikliyə əsasən Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçı xx.xx.1991-ci İl tarixdən-xx.xx.2007-ci il tarixədək Bakı Baş Tikinti İdarəsi 302 nömrəli Tikinti İdarəsində işlədiyini iddia edir. Mbahisələndirilən xx.xx.1991-ci il tarixdən- xx.xx.2007-ci il tarixədək ( 15 il 6 ay 12 gün ) iddiaçının Bakı Baş Tikinti İdarəsi 302 nömrəli Tikinti İdarəsində işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli BA-05880 nömrəli məktubunda Bakı Baş Tikinti İdarəsi 302 nömrəli Tikinti İdarəsinin 1982-ci ildən sonrakı dövr üçün arxiv sənədlərinin mühafizə və saxlanılma üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********12 nömrəli məktubunda Bakı Baş Tikinti İdarəsi 302 nömrəli Tikinti İdarəsi Bakı Baş Tikinti İdarəsi "xxxx" Layihə Sənaye Tikinti Birliyinin 18 yanvar 1990-cı il tarixli 09 saylı əmri əsasında yaradılmış və 2009-cu ildə Birliyin tərkibində özəlləşdirilmişdir. Ozəlləşdirilmə prosesində iştirak edən əmək kollektivinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki hallan ilə müəyyən olunur ki, iddiaçının iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxanda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqan etiraza əlavəni məhkəməyə təqdim etmiş və bildirilmişdir ki, mübahisələndirilən xx.xx.1991-ci il tarixdən- xx.xx.2007-ci il tarixədək (15 il 6 ay 12 gün) iddiaçının Bakı Baş Tikinti İdarəsi 302 nömrəli Tikinti İdarəsində işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubunda Bakı Baş Tikinti İdarəsi 300 nömrəli Tikinti idarəsinin arxiv sənədlərinin mühafizə və saxlanılma üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 01 may 1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət-Texniki Peşə Təhsili Komitəsinin 4698 nörəli Attestatından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi peşə təhsili almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə 302 nömrəli trestə daşyonan vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə 302 nömrəli trestə daşyonan təyin edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Bakıyaşayış Tikinti İdarəsinə maşın mexanizmlərin təmiri və istismarı şöbəsinə sahə ustası təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə Bakıyaşayıştikinti 300 nömrəli Tikinti trestinə üzlükçü (облецовщик) vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı (AZE 0*******, FİN xxxxxxx) cavabdeh şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-105592/2022 nömrəli inzibati işlə əlaqədar “Bakı Baş Tikinti” İdarəsinin 302 nömrəli tikinti idarəsinin özəlləşdirilməsi, ləğvi və ya hüquqi varisliyin müəyyən olunub-olunmaması, hər hansı fəaliyyətinin olub-olmaması və digər məlumatların təqdim edilməsi ilə bağlı 26 avqust 2022-ci tarixli, **********3 nömrəli məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətinizdə qeyd olunan “Bakı Baş Tikinti” İdarəsinin 302 nömrəli tikinti idarəsi Bakı Baş Tikinti İdarəsi "xxxx" Layihə Sənaye Tikinti Birliyinin 18 yanvar 1990-cı il tarixli 09 saylı əmri əsasında yaradılmış və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 2009-cu ildə Birliyin tərkibində əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. Özəlləşdirilmə prosesində iştirak edən əmək kollektivinin siyahısında İddiaçı adı aşkar olunmadı. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sorğuda qeyd olunan digər hallarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzinə ünvanladığı xx.xx.2022-ci il tarixli, BA-05880-2022 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********7 saylı sorğuya əsasən verilir ondan ötəri ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsi 302 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1960-cı il təvəllüdlü vət. İddiaçı xx.xx.1978-ci il tarixli, 77/k saylı əmrlə xx.xx.1978-ci il tarixdən Texniki Peşə Məktəbini bitirdikdən sonra 4-cü dərəcəli bənna vəzifəsinə işə qəbul olunması, xx.xx.1979-cu il tarixli, 42/k saylı əmrlə xx.xx.1979cu il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunması və xx.xx.1981ci il tarixli, 77/s saylı əmrlə xx.xx.1981-ci il tarixdən 4-cü dərəcəli bənna vəzifəsinə işə qəbul olunması və 1978, 1979, 1981, 1982-ci illərə dair hesabat cədvəllərində barəsində məlumatlar vardır. Həmin idarənin 1982-ci ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, 1978-ci ilin iyul-noyabr, 1979-cu ilin aprel, 1981-ci ilin iyul-dekabr, 1982-ci ilin yanvar-dekabr ayları üçün ödənişlər edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasl Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-049033-2022 nömrəli məktubunda qeyd edilmişdir ki, vət.İddiaçı işlədiyi 300 nömrəli Tikinti İdarəsinin 1991-2007-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 3701/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətinizdə qeyd olunan "xxxx" Layihə Sənaye Tikinti Birliyinin 300 saylı Tikinti İdarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, həmin Nazirliyin digər 19 fevral 2001-ci il tarixli, 38 nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sorğuda qeyd olunan digər hallarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 3-52/2-4774/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının arxivində qeyd olunan xüsusatlara dair hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********888000 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.1995-ci il tarixdə D-474 nömrə ilə dövlət qeydiyyatına alınmış Bakı şəhəri İcra hakimiyyətinin “Bakıbaştikinti” İdarəsinin Layihə-Sənaye Tikinti Birliyinin "xxxx" Müəssisəsinin təşkilatıhüquqi forması və adı dəyişdirilərək çevrilmə formasında onun bazasında yaradılmışdır və hüquqi varisidir. Eyni zamanda bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1997-ci il tarixdə D-2153 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Həmçinin bildiririk ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, məktəb, ev 4A, rəhbəri X1r. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nın "xxxx" Trestinin 302 saylı Tikinti idarəsinin hüquqi varisidir. İddiaçı 1984-cü il 26 oktyabr tarixdən xx.xx.1990-ci il tarixə qədər oblisovşik (üzlükçü) vəzifəsində işləmişdir. Ona aid olan əmək haqqı üzrə sənədləri tələb olunursa hazırlayıb sizə təqdim edə bilərik. "xxxx" MMC 300 saylı Tikinti idarəsinin hüquqi varisi deyildir. "xxxx" MMC-də 300 saylı Tikinti idarəsinə aid heç bir sənəd yoxdur. İddiaçı 302 saylı Tikinti idarəsində işlədiyi oblesovşik (üzlükçü) peşənin zərərli işə aid olub olmaması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatda peşələrin, vəzifələri və göstəriciləri siyahısında Bənd 29. “ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, təmiri ” bölümünün, Mərmərdən üzçəkən vəzifəsi güzəştlər siyahısında göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 05a nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı aid olan sənədləri sizə 15 yanvar 2024-cü il tarixli 02 saylı məktubla göndərilmişdir. Bundan əlavə olaraq təqdim ediləsi heç bir sənəd və məlumatımız yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Güzəştli şərtlənə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 fevral 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının rəyin edilməsi məsələsinə 5 iyun 1978-ci il tarixii MT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1991-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində 300 nömrəli Tikinti idarəsində işlədiyinizə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasını iddiaçının xx.xx.1991 -xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində 300 nömrəli Tikinti idarəsində işləməsi ilə bağlı arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması, bununla da həmin dövrün güzəştli şərlərlə yaşa görə pensiya hüququ verən sığorta stajına daxil edilmədiyi ilə əsaslandırmışdır. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan (iddiaçının pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2017-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1981-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi peşə təhsili dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1978- xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990-cı ildə xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.2006-cı ilədək 28 il 01 ay 13 gün təşkil edir. Cavabdeh iddiaçının xx.xx.1991-ci ildən xx.xx.2007-ci il tarixədək olan dövrü arxiv arayışının olmaması əsası ilə iddiaçının ümumi və güzəştli stajına hesablamır. Məhkəmə cavabdehin qeyd edilən dövrün iddiaçının ümumi sığorta stajına daxil edilməməsi əsası ilə razılaşmır. Cavabdeh imtinasında iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1991-ci ildən xx.xx.2007-ci il tarixədək dövr ərzində işləməsi ilə bağlı qeydlərin arxiv arayışı əsasında təsdiq edilməli olduğunu qeyd etsə də sözügedən əmək fəaliyyəti dövrlərinin əmək kitabçası ilə təsdiq olunduğu halda əlavə olaraq arxiv arayışı ilə təsdiq olunması ilə bağlı sənədlərin tələb edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya aid əmək kitabçasına iddiaçının xx.xx.1991-ci il tarixli 51-c nömrəli əmrlə 300 nömrəli tikinti trestinə üzlükçü vəzifəsinə qəbul edildiyi, 26 mart 2007-ci ildə 1095 nömrəli əmrlə xx.xx.2007-ci ildən öz xahişi ilə azad edildiyi,həmin qeydlərin trestin kadrlar şöbəsinin rəisinin imza və trestə aid möhürlə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. 300 nömrəli Tikinti İdarəsinin 1991-2007-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi, trestin Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilməsi, müəssisənin Nazirliyin 19 fevral 2001-ci il tarixli, 38 nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılması, hazırkı halda qeyd edilən trestə aid sənədlərin təqdim edilməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Məhkəmə qeyd edilən dövrü ümumi staja daxil etsə də həmin dövrün güzəştli iş stajına dxail edilməsi ilə razılaşmır. İddiaçı xx.xx.1991-xx.xx.2007-ci il tarixədək olan dövrdə üzçəkən (облецовщик) peşəsində işlədiyi dövrün güzəştli pensiya təyinatına əsas verdiyini bildirmişdir. Hazırki halda adıçəkilən "xxxx" trestinin 300 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyindən və hüquqi varisi müəyyən olunmadığından, həmçinin 300 və 302 saylı Tikinti İdarələrinin Bakıyaşayıştikinti" Trestinin tabeliyində və oxşar sahədə fəaliyyət göstərən idarələr olduğu nəzərə alınaraq məhkəmə oxşar sahədə fəaliyyət göstərən Bakıyaşayıştikinti” MMC-dən sorğu əsasında sonuncudan İddiaçı "xxxx" trestinin 300 saylı Tikinti İdarəsində işlədiyi облецовщик (üzlükçü) peşəsinin zərərli işə aid olub-olmaması barədə məlumat, olduğu halda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabientinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda uyğun gəldiyi sahə və vəzifə kodu barədə məlumat sorğu edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda İddiaçı işlədiyi oblesovşik (üzlükçü) peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatda peşələrin, vəzifələri və göstəriciləri siyahısında (Bənd 29). “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, təmiri” bölümünün, mərmərdən üzçəkən vəzifəsinə uyğun gəldiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabientinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində, 22901000 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) yarımbölməsində 2290100a a) fəhlələr kateqoriyasında üzçəkənlər vəzifəsi olaraq 3 vəzifənin adı:2290100a—15216 mərmərdən üzçəkənlər, 2290100a—15220 lövhələrdən üzçəkənlər və 2290100a—15222 pardaxlayıcı üzçəkənlər vəzifəsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi vəzifə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində “mərmərdən üzçəkənlər”, “lövhələrdən üzçəkənlər” və“pardaqlayıcı üzçəkənlər” vəzifəsi təsbit olunsa da, bu vəzifələr “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” yarımqrupunda yerləşməklə, bilavasitə metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə işləyən şəxslərə şamil edilir, iddiaçının işlədiyi vəzifələr isə qeyd edilən sahə ilə əlaqədar olmamışdır. Beləliklə, iddiaçı qanunla tələb olunan güzəştli iş stajını toplamadığından cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar