Məhkəmə qərarları › İş №2-1(112)-3220/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3220/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3220/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı X6 (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, göstərilən torpaq sahəsi mürəkkəb relyefli olmaqla sıx yaşıllıq ərazisidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ona verilən imtinanın araşdırılması ilə bağlı yenidən cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair imtinanın səbəbinin araşdırılması və baxışın keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 19 may 2022-ci il tarixdə X5 ünvan 2 X4 təsdiqi ilə alqı-satqı yolu ilə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 3 (üç) sot torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 19 may 2022-ci il tarixdə X5 ona məxsus ünvan 1 ünvanında yerləşən 3 (üç) sot torpaq sahəsini ünvan 2 X4 təsdiqi ilə alqısatqı yolu ilə əldə etmişdir. Lakin cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin çıxarışının onun adına verilməsindən imtina edir. Bu barədə onlar xx.xx.2022-ci il tarixində sənədləşmənin, yəni çıxarışın heç bir əsası olmadan onun adına keçirilməsinin mümkünsüzlüyü barədə məktub göndərmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Səbail Bələdiyyəsinin 37 nömrəli 11 iyun 2007-ci il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 may 2007-ci il tarixli 18/03-8/3148 razılıq məktubunu əsas götürərək Səbail rayonu, 7-ci Bayıl küçəsində fərdi ev tikintisi üçün vətəndaş X8 göstərilmiş cizgi əsasında 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. - xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Səbail Bələdiyyəsinin 37 nömrəli 11 iyun 2007-ci il tarixli qərarı ilə X8 ayrımış Səbail rayonu, 7-ci Bayıl küçəsində yerləşən 1000 kv.metr torpaq sahəsinə dair A №027401 nömrəli plan və ölçü verilmişdir. - ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,099562 ha torpaq sahəsinə X7 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,099562 ha olan torpaq sahəsinin 0,03 ha hissəsini alıcı X3 mülkiyyətinə vermişdir. İddiaçı hazırda bu alqı- satqı müqaviləsinə əsasən satın aldığı 0,03 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı - Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını konkret olaraq müəyyən etmiş, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan birinə aid olmuşdur. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə mübahisəli torpaq sahəsini Elxan Hacıyevdən onun daşınmaz əmlakın dövlət reyestrindəki qeydinə əsaslanaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almış, bununla da onun həmin torpaq sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Həmin müqavilə yuxarıda istinad olunan normalara əsasən iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun qeydə alınması üçün qanuni əsas olmuş, lakin cavabdeh əsassız olaraq iddia tələbini təmin etməkdən imtina etmişdir. İşdən görünür ki, cavabdeh imtinasını mübahisəli ərazinin mürəkkəb relyefli olmaqla sıx yaşıllıq ərazisi olması ilə əsaslandırmışdır. İşdə olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 02 sentyabr 2022-ci il tarixli müayinə (baxış) aktından da görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 300,0 kv.metr, faktiki sahəsi 300,0 kv.metrdir (şərti sərhədlərlə). Torpaq sahəsi hər tərəfdən şərti olaraq sərhədlənib. Tikili yoxdur. Ərizəçi tərəfindən bildirilən hissələrə uyğun bölgü sxemi tərtib olunaraq baxılması üçün akta əlavə olunmuşdur. Bölünən torpaq sahəsi sərhədləri şərti olmaqla relyefi mürəkkəb (mayilli) yaşıllıq (şam ağacları) ərazidə yerləşir. Lakin məhkəmə iclası zamanı təqdim edilmiş ortofoto xəritəsindən çıxarış və torpaq sahəsinin fotoşəkilləri ilə həmin ərazinin sıx yaşıllıq ərazisi olması öz təsdiqini tapmamışdır. Ərazinin mürəkkəb relyefli olmasına gəldikdə, məhkəmə iclasında cavabdehin nümyəndəsi bunu, ərazinin maililik dərəcəsi yüksək sahə olması ilə əsaslandırmışdır, hansı ki, bu hal iddiaçının hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Bundan başqa, məhkəmə tərəfindən məsələnin araşdırılması ilə bağlı verilmiş sorğuya cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 xx.xx.2023-cü il tarixli, 3-14-18/2-075/2023 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən, koordinat nöqtələri 1. X 400683.4712 Y 4466916.5009; 2. X 400689.4498 Y 4466907.7498; 3. X400711.0841 Y 4466926.2133; 4. X 400705.1049 Y 4466934.9660 elan 300,0 m2 və 1. X 400711.0841 Y 4466926.2133; 2. X 400723.3132 Y 4466908.3116; 3. X 400721.6425 Y 4466903.7150; 4. 400703.9274 Y 4466886.5536; 5. 400689.4498 Y 4466907.7498 olan 695,62 m2 torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 mart tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasının digər ərazilərinin torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatları”nda qeyd edilmiş təhlükəli sürüşmə sahələrinin sərhədləri daxilində yerləşmir. Sürüşmə sahəsinə düşməməsinə dair sənəd kimi “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 mart tarixli 56 nömrəli qərarına istinad edilib. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir, həmin müqavilə mübahisələndirilməmiş və ləğv olunmamışdır, hazırda qüvvədədir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsini cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı X3 AN-İ №105506 nömrəli 19 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar