Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3220/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müalicə aldığı tibbi müəssisələrə yaxın ərazidə mənzil ilə növbədənkənar təmin edilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birinci qrup əlil olaraq ağır xroniki xəstəliklərinə görə müalicə aldığı tibbi müəssisələrə yaxın ərazidə mənzil ilə növbədənkənar təmin edilməyini cavabdehin üzərinə vəzifə kimi qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə hərbi xidmət keçdiyi dövrdə ağır xroniki xəstəliyə yoluxmuşdur. 2023-cü ildə sağlamlıq vəziyyətinin get-gedə ağırlaşması nəticəsində ona Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən orqanizmin 81-100 faiz pozulmasına görə birinci qrup əlillik təyin edilmişdir. Həmçinin, atası Həsənov Yaşar ona qulluq edən şəxs olaraq rəsmi qeydə alınmışdır. Səhhəti ilə əlaqədar, mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Respublika QİÇS-lə Mübarizə Mərkəzində stasionar və ambulator müalicə alır. Həmçinin, mərkəzin göndərişi ilə Bakı şəhərində yerləşən digər tibbi müəssisələrdə də mütəmadi müayinələrdən keçir. Daimi yaşayış yerinin olmaması səbəbindən, ona qulluq edən valideyni ilə birlikdə müalicə olunduğu xəstəxanaya yaxın ərazidə yaşayış yeri ilə təmin olunmağa ehtiyac duyur. Bu səbəbdən, müalicə olunduğu mərkəzin yerləşdiyi ərazi üzrə Cavabdehnə və Bakı Şəhəri İcra Hakimiyyətinə 1-ci qrup Əlillər üçün nəzərdə tutulan imtiyazlı mənzil növbəsinə qeydiyyat üçün ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə imtina cavabı almışdır. Səbəb olaraq daimi qeydiyyat yerinin Gəncə şəhəri olması göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda göstərilmişdir ki, cavabdehin iddiaçının müraciətinə cavab məktubunda göstərilmişdir ki, onun Nəsimi rayonunda qeydiyyatı və mənzil növbəsi olmadığından xahişini təmin etmək səlahiyyətləri xaricindədir. Hazırda Bakı şəhərində vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı məsələlər Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi Qaydaları”na və Bakı şəhər X3 4-cü sessiyasının 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş ”Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən həll edilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin Qaydaların 8-ci bəndinə əsasən bu qaydaların 7-ci bəndində göstərilmiş əsaslarla mənzil şəraitinin yaxşılaşdırmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində, pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda müalicə aldığı tibbi müəssisələrə yaxın ərazidə mənzil ilə növbədənkənar təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi şəxsin dövlət tərəfindən mənzillə təmin edilməsi üçün onun əvvəlcə yaşayış yeri üzrə mənzil uçotuna alınması zəruridir. İddiaçı isə yaşayış yeri üzrə cavabdeh tərəfindən mənzil uçotuna alınmamışdır. Belə olan halda iddiaçının hüquqi marağı onun mənzil uçotuna götürükməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Çünki mənzil uçotuna götürülmədən şəxsin dövlət tərəfindən mənzillə təmin edilməsi mümkün ola bilməz. Göründüyü kimi iddiaçı öz hüquqi marağına nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddia tələbinin dəqiqləşdirilərək mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi yazılması iddiaçıya məhkəmə iclasında təklif edilsə də, iddiaçı bununla razılaşmamış və iddia tələbinin qeyd olunan formada dəyişdirilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün sayılmamalı və iddiaçıya mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müalicə aldığı tibbi müəssisələrə yaxın ərazidə mənzil ilə növbədənkənar təmin edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3220/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3220/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver