Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3223/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 iyun 1974-cü ildə “Bakqiproqof” instituna cildçi vəzifəsinə müvəqqəti olaraq qəbul edilmiş və 6 sentyabr 1974-cü ildə işdən azad olmuşdur. 17 iyun 1975-ci ildə yay tətili vaxtında “Bakqiproqor” instituna cildçi vəzifəsinə müvəqqəti olaraq qəbul edilmiş və 22 avqust 1975-ci ildə işdən azad olmuşdur. 01 sentyabr 1975-ci ildə Bakı dəniz yolları məktəbinə gəmi sürücüsü ixtisasına, birinci kursuna qəbul olmuş və 05 fevral 1980-ci ildə gəmi sürücüsü ixtisasını tam bitirib və X4 işə təyinatla göndərilmişdir. 24 mart 1980-ci ildə X4 nəqliyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul olmuşdur. 30 may 1981-ci ildə nəqliyat donanmasında kapitanın 3 köməkçi vəzifəsinə keçirilmişdir. 19 iyul 1984-cü ildə nəqliyat donanmasında kapitanın 2 köməkçisi vəzifəsinə keçirilmişdir. 05 mart 1986-cı ildə nəqliyat donanmasında kapitanın baş köməkçisi vəzifəsinə keçirilmişdir. 25 noyabr 1989-cu ildə işdən azad olmaqla keçirilmə yolu ilə Azərbaycan Respublikasının gömrükxanasına keçirilmişdir. 27 noyabr 1989-cu ildə Azərbaycan Respublikasının gömrükxanasına böyük inspektor vəzifəsinə qəbul edilmiş və həmin əmrlə gömrükxananın T/X “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsini 20 dekabr 1994-cü il tarixədək, yəni Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarından xaric olunan tarixədək icra etmişdir. 19 mart 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Xarici iqtisadi birliyi Bakı şöbəsinə müvəqqəti icra edən şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. 07 may 1996-cı ildə Ərazi terminalı üzrə Bakı şöbəsinə baş inspektor keçirilmişdir. 02 aprel 2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda 62 yaşı var. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin 05 oktyabr 2021-ci il tarixdə ona imtina edilmişdir. Halbuki, iddiaçının ümumi iş stajı 33 il 7 ay 7 gün, lakin güzəştli şərtlərlə iş stajı isə 14 il 8 ay 24 gün təşkil edir. X9 Gəmiçiliyində 9 il 8 ay 1 gün, Dövlət Gömrük Komitəsində 5 il 23 gün təşkil edir. Bu faktlar imkan verir ki, iddiaçı güzəştli şərtlərlə 57 yaşında yaşa görə pensiyaya çıxsın. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşdan, yəni 17 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 1 gün (xx.xx.1980-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X7 Akademiyası tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışda bildirilmişdir ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən 1975-1979-cu illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. İş materiallarına əlavə edilmiş 2074/80 nömrəli, xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə cildləyici vəzifəsinə müvəqqəti işə təyin edilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə Bakinproqor cildləyici vəzifəsinə işə təyin edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə Bakı Dənizçilik Məktəbi 1-ci kursa kursant kimi qəbul edilmiş, xx.xx.1980-ci ildə Naviqasiya/gəmiçilik/ixtisası üzrə tam kursu bitirmiş və X8 işə göndərilmişdir. xx.xx.1980-ci ildə Nəqliyyat donanması gəmilərinə matros qəbul edilmiş, xx.xx.1981-ci ildə Nəqliyyat donanması gəmilərində kapitanın 3-cü köməkçisi təyin edilmiş, xx.xx.1984-cü ildə Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi təyin edilmiş, xx.xx.1986-cı ildə Nəqliyyat donanması gəmilərində kapitanın baş köməkçisi təyin edilmiş, xx.xx.1989-cu ildə Az.SSR Azərbaycan Respublikası Gömrüyünə keçirilməklə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Gömrüyün baş inspektoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə vəzifəsindən azad edilmişdir. xx.xx.1996-cı ildə Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Xarici iqtisadi birliyinin Bakı şöbəsinə müvəqqəti icra edən şöbə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə ərazi terminalı üzrə Bakı şöbəsinə baş inspektor keçirilmiş, xx.xx.2010-cu ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1989-cu il tarixli, 212-Л nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən etibarən ayda 170 rubl əmək haqqı ilə Azərbaycan Respublikası gömrükxanasına baş müfəttiş vəzifəsinə işə qəbul edilmiş, gömrükxanasının katerini idarə etmək vəzifələrini həvalə edərək, ona 6 aylıq sınaq müddəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Gömrükxanası tərəfindən Fərdi rütbənin verilməsinə dair təqdimatda göstərilmişdir ki, İddiaçı (.....) Gömrükxananın bütün fəaliyyət sahələrində çalışmışdır. Təcrübəli əməkdaşdır. Hazırda “Azəri” xidməti-operativ katerin t/x kapitanı vəzifəsini yerinə yetirir (.....). İş materiallarına əlavə edilmiş Bakı Gömrükxanası tərəfindən xx.xx.1990-cı il tarixli Fərdi rütbənin verilməsinə dair təqdimatda göstərilmişdir ki, (....) yoldaş İddiaçıP (.......) Xidməti səyyar gömrük kateri kapitanının vəzifələrini icra edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1000-180/1xx-xx/01333 nömrəli məktubunda bildirilmişdir ki, siz 27 noyabr 1989-cu il tarixli 212-İ nömrəli əmr ilə Azərbaycan Respublikası gömrükxanasının böyük inspektoru vəzifəsinə təyin olunmusunuz və həmin əmrlə sizə gömrükxananın “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsinin icrası həvalə olunmuşdur. Siz “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsini 20 dekabr 1994-cü il tarixədək, yəni Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarından xaric olunan tarixədək icra etmisiniz. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-İi Qərarı ilə təsdiq edilmiş 2 №-İi siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********)) uyğun göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000-210/2xx-xx/017563 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixli 212-İ nömrəli əmrlə Azərbaycan Respublikası gömrükxanasının böyük inspektoru vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda İddiaçı hərnin əmrlə Azərbaycan Respublikası gömrükxanasının “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsinin icrası da həvalə edilmişdir. İddiaçı “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsini xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək icra etmişdir. Əlavə olaraq qeyd edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası gömrükxanasının “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsinin icra etsə də İddiaçı hər hansı bir əlavə əmək məzuniyyəti və əmək haqqına əlavə ödənilməmişdir. İddiaçı Azərbaycan Respublikası gömrükxanasının böyük inspektorunun vəzifə maaşı ödənilmişdir. Eyni zamanda qeyd edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək icra etdiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” (üzən heyyət) yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod 23003010-üzən heyət) uyğun göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/03-B-230/259 nömrəli məktubunda bildirilmişdir ki, ”Azəri” xüsusioperativ kateri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) donanmalarına məxsus olmadığına görə tələb olunan məlumatların verilməsi ASCO-nun səlahiyyətlərinə aid deyildir. Bununla bağlı aidiyyəti dövlət qurumuna müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X2 xx.xx.2022-ci il tarixli, ÇS02/02-215 nömrəli məktubunda bildirilmişdir ki, “Azəri” xüsusioperativ kateri Gəmiçiliyin balansında olmamışdır, həmçinin İddiaçı adlı şəxs Gəmiçilikdə çalışmamışdır və hal-hazırda da çalışmır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X2 xx.xx.2021-ci il tarixli, AM03102-1572 nömrəli arayışda bildirilmişdir ki, verilir İddiaçı oğluna ondan ötrü ki, o, həqiqətən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu il tarixinə kimi matros, kapitanın 3-cü, 2-ci və baş köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 09 il 08 ay 01 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, sorğunuzda qeyd edilən məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06 1993-cü il tarixli 320 nömrəli qərarı ilə tənzimlənir. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşından pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 8 ay 1 gün (xx.xx.1980-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2016-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçıya aid yuxarıda qeyd olunan təhsil barədə sənəd, əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1979-cu illərdə əyani təhsil aldığı dövr 04 il 04 ay 01 gün, əmək fəaliyyəti dövrü xx.xx.1974-xx.xx.1974-cü ilədək 02 ay 20 gün, xx.xx.1975-xx.xx.1975-ci ilədək 02 ay 06 gün, xx.xx.1980-xx.xx.1989-cu ilədək 09 il 08 ay 02 gün, xx.xx.1989-xx.xx.1994-cü ilədək 05 il 24 gün, xx.xx.1996-xx.xx.2006-cı ilədək 09 il 09 ay 13 gün olmaqla ümumilikdə 29 il 03 ay 06 gün təşkil edir. Beləliklə, iddiaçı xx.xx.2006-cı ilədək tələb olunan 25 il ümumi iş stajını toplamışdır. Güzəştli iş stajına gəldikdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsi, 23003010 kodu altında üzən heyət zərərli peşə kimi nəzərdə tutulmuşdur. Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən iddiaçının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1980-cı il tarixdən xx.xx.1989-cu ilə tarixinə kimi matros, kapitanın 3-cü, 2-ci və baş köməkçisi vəzifələri və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. İddiaçının işlədiyi gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu ilə tarixinə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsi, 23003010 kodu altında işlədiyi vəzifələr üzrə 09 il 08 ay 01 gün iş stajı onun güzəştli iş stajını təşkil edir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası gömrükxanasının böyük inspektoru vəzifəsində işləyərkən eyni zamanda Azərbaycan Respublikası gömrükxanasının “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsini icra etdiyini və bu vəzifənin də ona güzəştli iş stajına hesablanmalı olduğunu iddia edir. Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş güzəştli arayışda İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək icra etdiyi işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod 23003010- üzən heyət) uyğun göstərilmişdir. Məhkəmə qeyd edilən dövrün güzəştli iş stajına hesablanmaması ilə bağlı aşağıdakıları qeyd edir. DGK tərəfindən verilmiş arayışlarda, eləcə də iddiaçı barəsində təqdim edilmiş əmr, təqdimatlarda göstərilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə Azərbaycan Respublikası gömrükxanasının böyük inspektoru vəzifəsinə təyin olunmaqla bərabər ona eyni zamanda gömrükxananın “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsinin icrası da həvalə edilmiş və o bu vəzifəni xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək icra etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsində 23003010 1) Üzən heyət bəndində 23003010 kodu altında dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) nəzərdə tutulmuşdur. Göründüyü kimi 23003010 kodu altında üzən heyətə aiddir: -dəniz donanmasının gəmi heyəti -çay donanmasının gəmi heyəti -balıqçılıq sənayesi donanmasının gəmi heyəti Məhkəmə iddiaçının işləmiş olduğu “Azəri” xüsusi-operativ katerinin siyahıda 23003010 kodu altında göstərilmiş hansı donanma və ya gəmi heyətinə, yəni dəniz, çay, balıqçılıq sənayesi donanmasının gəmi heyətinə aid edilməsi və bunun əsasları barədə DGK-nə və oxşar qurumlara sorğu göndərmiş, lakin həmin nəqliyyatın qeyd edilən kateqoriyaya aid edilməsi ilə bağlı əsaslandırılmış məlumat əldə edə bilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan dilinin izahlı lüğətində katerə yaxın məsafələrdə işləmək üçün motorlu və ya yelkənli kiçik gəmi kimi anlayış verilmişdir. Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsinə əsasən gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə bilər. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdir. Deməli, “Azəri” xüsusi-operativ kateri nəqliyyat növü olaraq gəmi kateqoriyasına daxildir. Eyni zamanda həmin nəqliyyatın kapitanı gəmi heyətinə aiddir. Lakin qeyd edilməlidir ki, yuxarıda göstərilən siyahıda 23003010 kodu altında üzən heyətə bu gəmi heyəti aid deyil: -daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, -yardımçı-xidmət gəmiləri, -xidmət gəmiləri, -şəhərətrafı gəmilər, -şəhərdaxili yol gəmiləri. Başqa sözlə, adları çəkilən gəmilərdə üzənlər üzən gəmi heyəti olsalar da lakin zərərli iş kimi nəzərdə tutulan “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti”nə aid deyillər. İddiaçının əmək fəaliyyətinə dair sənədlərə əsasən onun gömrük xidmətində, gömrük inspektoru vəzifəsində və gömrükxananın tabeliyində olan “Azəri” xüsusi-operativ katerini idarə edən kapitan olması nəzərə alındıqda həmin gəminin “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti”nə deyil, bu heyətə aid edilməsi istisna edilən “xidmət gəmi heyətinə” aid olduğu müəyyən olunur. “Azəri” xüsusioperativ katerinin adında onun xüsusi, operativ sözünün olması, eləcə də katerin məhz gömrük xidmətində istifadə olunması belə növ gəminin xidmət gəmi kateqotiyasına aid olduğunu deməyə əas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. Beləliklə, iddiaçının xx.xx.1989- 20 12.1994-cü il tarixədək “Azəri” xüsusi-operativ katerində kapitan vəzifəsi yuxarıda adı çəkilən siyahıda üzən heyət bəndində 23003010 kodu altında dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə aid edilə bilmədiyindən həmin dövr iddiaçının güzəştli iş stajına hesablana bilməz. Hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixinə azı 12 il 6 ay xüsusi stajı mövcud olmadığı müəyyən olunduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da yaranmır. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3223/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3223/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver