Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3224/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs X2 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka 2 bağ sahəsi, 1108A ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka 2 bağ sahəsi, 1108A ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka 2 bağ sahəsi, 1108A iddiaçının mülkiyyətindədir. (**********(**********37-11301 saylı, dövlət reyestrindən çıxarış). İddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka 2 bağ sahəsi, 1108A ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Sonuncu xx.xx.2023-cü il tarixli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanuna istinad edərək ona imtina vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka 2 bağ sahəsi, 1108A ünvanda deyil, başqa ünvanda yaşadığını qeyd edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması- yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə ki, iş üzrə materiallardan görünür ki, üçüncü şəxs mülkiyyətçininiddaçının yaxın qohumudur. Bununla belə məhkəmə, üçüncü şəxsin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına etirazı olmamasını onların ailə münasibətlərindən yaranan yaşayış sahəsindən istifadə hüquqlarından könüllü imtina etmə əsası kimi nəzərə alır və prosessual qənaət prinsipindən çıxış edərək məsələyə ümumi məhkəmələr tərəfindən hüquqi qiymət verilməli olmasına toxunmağı zəruri hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 1108A ünvanında yerləşən evin mülkiyyətçisi, üçüncü şəxs isə onun yaxın qohumudur. Lakin üçüncü şəxs faktiki olaraq həmin ünvanda yaşamır, yaşayış yerini dəyişmiş, eyni zamanda həmin ünvandan qeydiyyatdan çıxmağa etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məxsus evdə faktiki olaraq yaşamamaqla yaşayış yerini dəyişdiyinə görə iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməli, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxs X1 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 1108A ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3224/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3224/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver