Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3224/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Kasımov Vagifin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Kasımov Vagif cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı X11 İcraiyyə Komitəsi ilə Kasımov Vaqif arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 15895saylı müqaviləyə əsasən ona icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.12 ha, 788 nömrəli bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X11 İcraiyyə Komitəsi ilə mənim aramda bağlanmış xx.xx.1992-ci il tarixli, 15895 saylı müqaviləyə əsasən Binəqədi rayonu, Goradil qəsəbəsində 0.12 ha, 788 nömrəli bağ sahəsi 10 il müddətinə mənə icarəyə verilmişdir. Elə həmin ildən də tərəfindən bağ sahəsində abadlıq işləri aparılaraq, ev tikilmiş və yaşayış üçün yaralı vəziyyətə gətirilmişdir. Hazırda da bağ sahəsi qanuni olaraq mənim istifadə və sahibliyimdədir. Sonradan xx.xx.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə müqavilə bağlayaraq bağ sahəsinin icarə müddəti daha 10 il uzadılmışdır Beləliklə də qeyd olunan bağ sahəsi 32 ildən artıq müddətdir ki, faktiki olaraq sahibliyindədir. Tərəfindən rəsmi qaydada ərizə ilə cavabeh inzibati orqana müraciət olunaraq Bakı Şəhər X11 İcraiyyə Komitəsi ilə aramda bağlanmış xx.xx.1992-ci il tarixli, 15895 saylı müqaviləyə əsasən ona icarəyə verilmiş Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.12 ha, 788 nömrəli bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi xahiş olunmuşdur. DƏDKR-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müraciətimdən imtina edilmişdir. Məktubda qeyd olunmuşdur ki, İddiaçı xarici vətəndaş olduğu üçün müraciətimdən imtina olunur. Cavabdeh orqan öz imtinasını Torpaq Məcəlləsinin 48.3-cü maddəsi ilə əsaslandırmışdır. İmtina məktubunda qeyd olunan səbəblər əsassızdır, cavabdeh orqan müraciətə formal imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********43 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, hüquq sahibi əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Əlavə olaraq qeyd edirik ki, torpaq sahəsinin ölçüsü 1162 kv.m təşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edirik. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri X11 İcraiyyə Komitəsi ilə Kasımov Vaqif arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 15895 saylı müqaviləyə əsasən ona icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.1162 ha, 788 nömrəli bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun Kasımov Vaqifın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsininxx.xx.2024-cü il tarixli **********44 saylı mətubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Bakı şəhər X11 X9 ilə X10 arasında bağlanmış xx.xx.1992-ci il tarixli ilə “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Goradil qəsəbəsində 0.12 ha bağ sahəsi icarədar X6 istifadəsinə verilmişdir. -xx.xx.2006-cı il tarixli ərizədə X1 Vaqifin adından Görədil ərazisindəki 788b saylı bağın müqaviləsinin müddətinin artırılmasını xahiş etmişdir. -Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 544 nömrəli qərarı əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli Goradil ərazisindəki 7885 nömrəli bağın istifadəyə verilməsi haqqında 15895 saylı müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərasinində 0.12 ha torpaq sahəsi olan 788 nömrəli bağ X8 istifadəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsininxx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-50095/2024 nömrəli məktubu ilə təqdim olunmuş yerli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsi faktiki olaraq 1162.0 kv.m təşkil edir. 788 saylı bağ sahəsi kimi göstərilən sahə 788a saylı bağ sahəsi ilə bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. Keçid yolu ilə birlikdə sahə 1162.0 kv.m təşkil edir. 788a saylı bağ sahəsi qeydiyyatdan keçib. Sahədə tikili yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsininxx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-47667/2024 saylı məktubu ilə Binəqədi rayonu, Goradil qəsəbəsi ünvanında yerləşən 788 saylı torpaq (bağ) sahəsinin ətrafında yerləşən bağ nömrələri göstərilməklə ortofo görüntüsü təqdim edilmişdir. Görüntüdə iddia olunan bağ sahəsinin ətrafında 787, 788a, 789 nömrıli bağ sahələrinin yerləşdiyi əks olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin iddiaçı Kasımov Vaqifə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********43 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən "788" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, hüquq sahibi İddiaçı xarici vətəndaşdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Sözügedən bağ sahəsinə dair icarə müqavilələri cavabdehin arxivində mövcuddur. Hazırkı iş üzrə müəyyən olunur ki, Binəqədi rayonunun Goradil ərazisində 0.12 ha torpaq sahəsi olan 788 nömrəli bağ sahəsi ilkin olaraq X9 ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqavilə əsasında, daha sonra xx.xx.2006-cı il tarixli Goradil ərazisindəki 7885 nömrəli bağın istifadəyə verilməsi haqqında 15895 saylı müqaviləyə əsasən iddiaçı Kasımov Vaqifin icarəsinə verilmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixli 7885 nömrəli müqavilə Binəqədi rayonu Goradil ərazisində 788№li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Eyni zamanda, təqdim olunan ərazinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuğlunda 788a, 787 və 789 nömrəli bağ sahələrinin yerləşdiyi görünür. Başqa sözlə, bağ sahəsinin yerləşməsinin bağların sıra nömrələri ilə uyğun olduğu müəyyən olunur. Cavabdeh iddia olunan bağ sahəsinin yerləşməsi ilə bağlı uyğunsuzluğa dair hər hansı dəlil irəli sürməmişdir. Cavabdehin hazırkı tələb üzrə imtina və etirazının əsası ondan ibarətdir ki, iddiaçı xarici ölkə vətəndaşı olduğundan Torpaq Məcəlləsinin 48.3-cü maddəsi həmin torpaq sahəsinin onun adına qeydiyyata alınmasını istisna edir. Məhkəmə qeyd edilən imtina əsası ilə bağlı aşağıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Qanunun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin: -48.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. -49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. -49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. -49.4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Yuxarıda sadalanan qanunvericilik normalarının müqayisəli təhlilindən müəyyən olunur ki, bağlar təsərrüfatı idarəsi tərəfindən vətəndaşların qanuni istifadələrinə ayrılmış bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd edilən bağlar təsərrüfatı ilə bağlanmış icarə müqavilələri torpağa mülkiyyət hüququnun qeydiyyatına əsas verir. Adıçəkilən müqavilələr əsasında icarəyə verilmiş torpaq sahələri əcnəbinin adına qeydiyyata alınmış olduqda həmin torpaq sahələri ilə bağlı mülkiyyət hüququ yalnız 1 il ərzində əcnəbinin adına qeydiyyatda qalmış ola bilər, qeyd edilən müddət ərzində əcnəbinin mülkiyyət hüququ özgəninkiləşdirilməlidir. Sözügedən özgəninkiləşdirməyə nəzarət isə müvafiq icra hakimiyyəti orqanına aid olmaqla həmin torpaq sahələrinin məcburi alınması inzibati orqanın bilavasitə səlahiyyətində qalır. Hazırkı iş üzrə iddia olunan bağ sahəsi iddiaçının ölkə vətəndaşı olduğu dövrdə bağlanmış icarə müqaviləsi ilə icarəsinə verilmiş və “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsi həmin torpağa iddiaçının mülkiyyət hüququnun yaranmasına hüquqi əsas vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.1162 ha ölçüdə 788 nömrəli bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun Kasımov Vagifin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.1162 ha ölçüdə 788 nömrəli bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun Kasımov Vagifin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3224/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3224/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver