Məhkəmə qərarları › İş №2-1(112)-3225/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3225/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3225/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ev 20, mənzil 95; iş yeri və vəzifəsi: "xxxx" MMC-nin direktoru), cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq idarəsinin böyük hüquqşünası) iştirakları ilə, iddiaçı - "xxxx" MMC-nin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 noyabr 2020-ci il tarixli, **********205300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsitələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 19.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 21.10.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 noyabr 2020-ci il tarixli, **********205300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsəsən kameral vergi yoxlaması nəticəsində müəssisəyə iyul 2019 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Uçot baza məlumatlarına əsasən cəmiyyət 26.01.2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış topdansatış” olduğu, 24.03.2017-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı və ünvan 2 ünvanında əsas sahəsi 50 m2 olan “Anbar və Satış Obyekti” adlı təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Araşdırma zamanı 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsinin Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə 03.09.2019-cu il tarixli **********539700 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xəbərdarlıq göndərilmişdir. Yaranmış uyğunsuzluqlar əsasında Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi üzrə 42 337,70 manat vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17.12.2019-cu il tarixli **********825000 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra cəmiyyət tərəfindən müvafiq dövr üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə cari və dəqiqləşdirilmiş hesabatlar təqdim edilərək vergiyə cəlb ediləcək dövriyyə məbləği azaldılmasına baxmayaraq, vergi orqanı tərəfindən həmin dövr üzrə yaranmış kənarlaşma ilə bağlı yenidən müvafiq hesablama aparılaraq 10.04.2020-ci il tarixli **********903300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati şikayətin tam, ətraflı və obyektiv araşdırılması məqsədilə məktub göndərilərək cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndə) inzibati araşdırmaya dəvət edilmiş və cəmiyyətin rəhbəri X3 12.03.2020-ci il tarixdə araşdırmada iştirak etmiş, lakin şikayətin məzmununa uyğun ətraflı izahat verməmişdir. R.Rəsulzadə araşdırmaya təqdim etdiyi izahatında yaranmış kənarlaşma ilə bağlı məlumatsız olduğu üçün araşdırma apardıqdan sonra 30.03.2020-ci il tarixə kimi cavab verəcəyini bildirmişdir. Daha sonra cəmiyyət tərəfindən izahatda verilmiş suallara cavab olaraq müraciət edilərək 2018-ci ilin sentyabr ayından cəmiyyətin heç bir fəaliyyətinin göstərmədiyini və mal qalığının olmadığı bildirilmişdir. Araşdırma zamanı cəmiyyət tərəfindən 01.01.2017-ci il tarixdən 31.12.2017-ci il tarixə kimi ƏDV məbləği 426 932,53 manat dəyərində elektron qaimə faktura verilməsinə baxmayaraq, 01.01.2017-ci il tarixdən 31.01.2020-ci il tarixə kimi olan dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV məbləği 396 207,59 manat göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda, 21.04.2020-ci il tarixli məktubla “məlumatların təqdim edilməsi” ilə bağlı göndərilmiş cəmiyyətin 2017-ci və 2018-ci illər üzrə ƏDV dövriyyələri barədə məlumatlarda 2017-ci ilin avqust ayının ƏDV bəyannaməsi üzrə dövriyyə 1 313,0 manat (ƏDV-si 236,34) olmasına baxmayaraq, tərəfinizdən 05.12.2017-ci il tarixdə 2017-ci ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 24 988,59 manat (ƏDV-si 4 497,95) dövriyyə məbləği göstərilmişdir. Həmçinin, 09.04.2018-ci il tarixdə cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlir sətrində 2 164 003,94 manat, xərclər bölməsinin ümumi xərclər hissəsində 2 162 856,51 manat, bəyannamənin 1 nömrəli əlavəsinin mallar sətrinin dövrün sonuna qalıq sütununda 0,0 manat göstərilmişdir. Bundan əlavə 01.04.2019-cu il tarixdə cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş cari mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlir sətrində 37 887,76 manat, xərclər bölməsinin ümumi xərclər hissəsində 42 525,78 manat, bəyannamənin 1 nömrəli əlavəsinin mallar sətrinin dövrün sonuna qalıq sütununda 0,0 manat göstərilmişdir. Həmçinin, cəmiyyət tərəfindən 2017-ci il ərzində 106 441,25 manat, 2018-ci il ərzində 784,99 manat ödəniş edilməsinə baxmayaraq, 19.02.2018-ci il tarixdən sonra dövlət büdcəsinə heç bir ödəniş edilməmişdir. Eyni zamanda müraciətin tam, obyektiv və ətraflı araşdırılması məqsədilə 26.02.2020-ci il tarixli **********736100 nömrəli məktubla vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, idxal-ixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, bank hesabından çıxarışı, müqavilələr, üzləşmə aktı, qaimə-fakturaları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s) baş idarəyə təqdim edilməsi bildirilmiş, lakin bu günədək təsdiqedici sənədlər inzibati araşdırmaya tam təqdim edilməmişdir. “İnzibati icraat haqqında” qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. 32.5-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa "xxxx" MMC 26.01.2017-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi ödəyicisinə 03.09.2019-cu il tarixli **********539700 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xəbərdarlıq göndərilmişdir. İş materiallarından görünür ki, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi üzrə 42 337,70 manat vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17.12.2019-cu il tarixli **********825000 nömrəli Qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, daha sonra cəmiyyət tərəfindən müvafiq dövr üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə cari və dəqiqləşdirilmiş hesabatlar təqdim edilmiş, vergi orqanı tərəfindən həmin dövr üzrə yaranmış kənarlaşma ilə bağlı yenidən müvafiq hesablama aparılaraq 10.04.2020-ci il tarixli **********903300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya əlavə vergilər hesablamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Göründüyü kimi vergi ödəyicisinə vergi məbləğlərinin hesablanması üçün qanunvericiliklə dairəsi dəqiq müəyyən edilən məlumat mənbələri müəyyən edilmişdir. Lakin vergi orqanı tərəfindən mübahisələndirilən inzibati aktla iddiaçıya əlavə vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, əlavə vergilərin hesablanmasının əsası kimi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, istər mübahisələndirilən inzibati aktda, istərsə də cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatların məzmununun nədən ibarət olması, bu məlumatların hansı rəsmi maliyyə-uçot sənədləri ilə təsdiq olunması qeyd edilməmiş, ümumiyyətlə iddiaçı tərəfindən həmin məlumatlarda göstərilən əməliyyatların aparılması, eləcə də həmin məlumatların mənbəyi barədə hər hansı rəsmi təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh vergi orqanının mübahisləndirilən qərarının qanuniliyi araşdırılarkən məlum olmuşdur ki, həmin inzibati akt qəbul edilərkən qanunvericiliyin forma və icraat ilə bağlı bir sıra müddəaları pozulmuşdur. Belə ki, İnzibati icraat haqqında qanunun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsində əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bu baxımdan cavabdehin mübahisəli qərarı iddiaçıya münasibətdə icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş akt qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya mübahisələndirilən qərarla 2019-cu ilin iyul ayı üzrə hansı əsasla verginin hesablanmasına dair sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən 2019-cu ilin iyul ayı üzrə verginin tutulan dövriyyəsi barədə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, hazırkı tələblə mübahisələndirilən qərar cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və MMCnin təqsiri sübuta yetirilmədiyindən, eləcə də müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər mövcud olmadığından 18 noyabr 2020-ci il tarixli **********205300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla "xxxx" MMC vergi məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 noyabr 2020-ci il tarixli **********205300 nömrəli qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 noyabr 2020-ci il tarixli **********205300 nömrəli qərar ləğv edilsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar