Məhkəmə qərarları › İş №2-1(112)-3226/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3226/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3226/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının (İddiaçı) 12 il 6 aylıq güzəştli iş stajının toplandığı 24 oktyabr 2015-ci il tarixinə kimi topladığı ümumi iş stajı 38 ildən çox təşkil edir. Bu səbəblə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 1 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesabanaraq ödənilməsi xahişi ilə iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qayadda müraciət etmişdir. Lakin cavabdeh 5 noyabr 2020-ci il tarixli məktubla müraciəti təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iş stajında 12 oktyabr 1981-ci il tarixdən 4 yanvar 1988-ci il tarixədək, 2 aprel 1990-cı il tarixdən 18 aprel 1994-cü il tarixədək və 2 aprel 2002-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək olan dpvrlərlə işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. İmtina məktubunu iddiaçı 20 noyabr 2020-ci il tarixdə almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı 8 dekabr 1957-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuşdur, halhazırda Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5, mənzil 19-da yaşayır. O, orta təhsilini başa vurduqdan sonra 5 may 1976-cı il tarixdən 18 iyun 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 13 sentyabr 1979-cu il tarixdə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) X3 nəzarət ölçü cihazları və avtomatika üzrə 2- ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmiş, 3 iyul 1981-ci il tarixdə Quyuların Əsaslı və Yeraltı Təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə keçirilmiş və 29 sentyabr 1981-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 12 oktyabr 1981-ci il tarixdə “Cənubneftavtomatika” Trestinin Bakı Yaraşdırma-Sazlama İdarəsinin Əli-Bayramlı sahəsinə aparat və cihazların avtomatik nəzarəti, Tənzimlənməsi və idarə edilməsi üzrə 4cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilmiş, 3 iyun 1985-ci il tarixdə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilmişdir. 1 dekabr 1987-ci il tarixdə (əmr -V 370k, tarix 30 noyabr 1987-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-ci maddəsinin 5-ci bəndinə əsasən '‘Cənubneftavtomatika” Trestinin Bakı Quraşdırma- Sazlama İdarəsinin ləğv olunması və yeni yaradılmış “Cənubneftenerjiquraşdırmaavtomatika” İstehsalat Birliyinin Bakı Quraşdırma-Sazlama İdarəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 1 dekabr 1987-ci il tarixdə “Cənubneftenerjiquraşdırmaavtomatika” İB-nin Bakı Quraşdırma-Sazlama İdarəsinə köçürülmə yolu ilə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə işə qəbul edilmiş, həmin tarixdə Qroznensk sahəsinə aparat və cihazların avtomatik nəzarəti, tənzimlənməsi və idarə edilməsi üzrə 5-ci dərəcəli axraşdıncı peşəsinə keçirilmişdir. 4 yanvar 1988-ci il tarixdə 1 ay müddətinə müvəqqəti olaraq mexanizasiya sahəsinə 3-cü dərəcəli sürücü peşəsinə, 18 aprel 1988-ci il tarixdə isə, Əli-Bayramlı sahəsinə 3-cü zərəcəli sürücü peşəsinə keçirilmişdir. 2 aprel 1990-cı il tarixdə ikinci peşə olaraq ikinci xətt üzrə 3-cü dərəcəli elektrik quraşdırıcısı peşəsinə təyin edilmiş, 18 aprel 1994-cü il tarixdə sahənin bağlanması ilə əlaqədar işdən azad olunmuş, 15 iyul 1994-cü il tarixdə “Xəzəneftenerjiquraşdırmaavtomatika” İdarəsinin Texnoloji Nəqliyyat Sahəsinə 3-cü dərəcəli sürücü pəşəsinə işə qəbul edilmiş və 1 iyul 2000-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 1 iyul 2000-ci tarixdən 2 saylı Bakı sahəsinə müvəqqəti olaraq 5-ci dərəcəli Cihazlar və Avtomatika üzrə quraşdırıcı sahəsinə keçirilmiş və 20 dekabr 2000-ci il tarixədək orada işləmişdir. 20 dekabr 2000-ci il tarixdən 23 aprel 2001-ci il tarixədək həmin idarədə 4-cü dərəcəli rabitə xətti quraşdırıcısı peşəsində işləmişdir. 2 aprel 2002-ci il tarixdən 1 noyabr 2004-cü il tarixədək "xxxx" Birgə MMM-in X3 5-ci dərəcəli elektrik quraşdırma çilingəri peşəsində işləmişdir. 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək "xxxx" Birgə MMM-in Tikinti Təmir Sexində 5-ci dərəcəli quraşdırma çilingəri peşəsində işləmişdir. 22 iyun 2009-cu il tarixdə X1 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş və 5 oktyabr 2009-cu il tarixdə işdən azad olunmuşdur. 5 oktyabr 2009-cu il tarixdə Şirvan Əməliyyat Şirkətinə X3 beşinci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. Tələb onunla əsaslandırılır ki, əmək fəaliyyəti dövründə 24 oktyabr 2015-ci il tarixdə o, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan 12 il 6 aylıq xüsusi iş stajını toplanmışdır. Güzəştli iş stajı AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq, 13 sentyabr 1979-cu il tarixdən 3 iyul 1981-ci il tarixədək “Şirvanneft” NQÇİnin X2 nəzarət ölçü cihazları çilingəri peşəsində 1 il 9 ay 20 gün Siyahıda “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər, 3 iyul 1981-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində yeraltı təmir Sexində operator peşəsində 2 ay 26 gün Siyahıda “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində quyuların yeraltı təmiri üzrə operatorlar, 10 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək Şirvanoyl BMMM-in Tikinti Təmir Sexində quraşdırma çilingəri peşəsində 4 il 1 ay 11 gün Siyahıda “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, 19 iyun 2009-cu il tarixdən 24 oktyabr 2015-ci il tarixədək X9 şirkətinin X4 5ci dərəcə elektrik montyoru peşəsində 6 il 4 ay 2 gün Siyahıda “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində neft, qaz və qaz kondensatı hasilatı ikilərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğun olmaqla, cəmi 12 il 06 ay 1 gün güzəştli əmək stajı toplanmışdır. Cavabdehin onun müraciətinə imtina məktubu təzadlarla doludur. Belə ki, cavabdeh imtina məktubunda bildirir ki, 1) 12 oktyabr 1981-ci il tarixdən 4 yanvar 1988-ci il tarixədək və 1990-cı ilin aprel ayından 1994-cü ilin aprel ayınadək işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı bu staj dövrlərinin güzəştli iş stajına daxil edilməsini iddia etməmişdir. Həmin dövr onun ümumi iş stajına daxil edilməlidir, çünki, hətta bu dövr olmadan da güzəştli iş stajı 12 il 6 aydan çoxdur; 2) 2 aprel 2002-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədyi quraşdırıcı-çilingər vəzifəsi də Siyahıda nəzərdə tutulmamışdır. Həmin yeddi ildən artıq bir dövr "xxxx" BMMM və X9 şirkətlərində (sonuncu şirkət Şirvanoyl BMMM-in hüquqi varisidir) iş dövrünü əhatə edir. Hazırki şirkətin ona təqdim etdiyi güzəştli iş stajı barədə arayışda 2 aprel 2002-ci il tarixdən 1 noyabr 2004-cü illər üçün işlədiyi vəzifə üçün güzəştli arayışda nəzərə almamışdır, bu səbəblə də cavabdehin hansı səbəblə həmin dövrü ona irad tutması, stajı qəbul etməməsini bildirməsi həqiqətə uyğun deyil, çünki o (iddiaçı), həmin dövrün güzəştli iş stajına daxil edilməsində deyi, yalnız güzəştli iş stajı barədə arayışda qeyd edilən peşələr və staj dövrünün güzəştli iş stajı kimi qəbul edilməsində iddialıdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 5 gün) təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş (başqa sözlə, həmin tarixədək toplalan ümumi və xüsusi iş stajına əsasən) redaksiyasının tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinin həllinə cavabdehin münasibəti qeyri-peşəkar, səriştəsiz yanaşma kimi qəbul edilməlidir. Çünki, xahiş olunan məsələyə mahiyyətcə aid olmayan «Əmək pensiyaları haqqında» AR Qanununun Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun araşdırılma aparılaraq, əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun hüquqi meyarları tətbiq edilmiş və məsələyə münasibətdə yanlış inzibati qərar çıxarılaraq imtina edilmişdir. İmtina araşdırılarkən məlum olur ki, cavabdeh onun ümumi iş stajına irad bildirmir, 13 sentyabr 1979-cu il tarixdən 3 iyul 1981ci il tarixədək “Şirvanneft” NQÇİ-nin X2 nəzarət ölçü cihazları çilingəri peşəsində 1 il 09 ay 1 gün, 3 iyul 1981-ci il tarixdən 29 sentyabr 1981-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində yeraltı təmir üzrə operator peşəsində 02 ay 26 gün, 4) 19 iyun 2009-cu il tarixdən 24 oktyabr 2015-ci il tarixədək “X9” şirkətinin X2 5-ci dərəcə elektrik montyoru peşəsində 6 il 4 ay 2 gün müddəti güzəştli iş stajı kimi qəbul edir. Bu hal məhkəmə tərəfindən mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Cavabdeh iddiaçının 10 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək "xxxx" BMMM-in Təmir Sexində quraşdırma çilingəri peşəsində 4 il 1 ay 11 gün stajını öz mülahizəsinə görə (əsaslandırmadan) güzəştli iş stajı kimi qəbul etməmişdir. Hesab edilir ki, hazırki iddiada həmin stajın güzəştli iş stajı olması sübuta yetirildiyi təqdirdə, ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə heç bir maneə qalmır. 11 may 2005-ci il tarixdə isə, "xxxx" BMMM-nin Tikinti Təmir Sexinə quraşdırma çilingəri vəzifəsinə qəbul edilmişdir ki, artıq həmin işəgötürən onu güzəştli iş stajına daxil etmişdir və bu qanunauyğundur. Cavabdeh güzəştli pensiya təyinatı üçün güzəştli iş stajı barədə arayış təqdim edilməsini vacib şərt kimi qoymuşdur, həmin arayış təqdim edildiyi halda, hansı əsas gətirməklə həmin iş dövrünü güzəştli saymadığı məlum olmur. Halbuki, sexin adından da göründüyü kimi, həmin sex tikinti və təmir işləri görməklə məşğuldur. Belə olan halda, arayışda da göstərildiyi kimi, “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə həmin vəzifənin uyğun olmamasına cavabdehin əks dəlilinin nə olduğu naməlumdur. Cavabdehin inzibati orqanın əlavə araşdırma aparmaq hüququ və lazım gəldikdə, işlədiyi müəssisəyə sorğular göndərmək və cavab almaq hüququ vardır. Cavabdeh istənilən halda öz imtinasını əsaslandırmalıdır, sadəcə “nəzərdə tutulmamışdır” deməklə kifayətlənə bilməz, çünki onun mülahizəsinə əks olan iddiaçının hüququnu təsdiq edən rəsmi sənəd ona təqdim edilmişdir. iddiaçı ilə eyni şirkətdə eyni vəzifədə işləmiş şəxsə Ali Məhkəmənin qərarı ilə güzəştli staj kimi qəbul edilərək güzəştli pensiya təyin edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, İPM-in 1.2, 14.3, 73.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 21.2, 24.1, 28.1, 45.1, 52.1, 61.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 5, 4.1, 9.1, 21.1.7, 30.2, 31.1, 32 və 37.7-ci maddələrinə əsaslanaraq, iddiaçıya 24 oktyabr 2015-ci il tarixdən (57 yaş, 10 ay, 12 gün) «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və son üç il üçün yaranmış pensiya məbləği fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 23 aprel 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 9 oktyabr 2020-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SQCAR**********80020123X00196 nömrəli 18 sentyabr 2020-ci il tarixli arayışında qeyd olunan 12 oktyabr 1981-ci il tarixdən 4 yanvar 1988-ci il tarixədək, 2 aprel 1990-cı il tarixdən 18 aprel 1994-cü il tarixədək və 2 aprel 2002-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək olan dövrlər ərzində işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 5 gün) təşkil edir. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 8 dekabr 1957-ci il tarixdə doğulmuşdur və 57 yaş, 10 ay 2 gün tamam olduğu 24 oktyabr 2015-cü il tarixdə onun 38 ildən artıq ümumi iş satajı, 12 il 6 ay 1 gün güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajının toplandığını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun tələb olunan 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə (işlərdə) stajının toplanmadığını, həmin işlərdə 8 il 3 ay 5 gün işlədiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehi imtinasını mübahisələndirir. Qeyd olunmalıdır ki, iş materiallarında olan “X9 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 13 nömrəli 1 iyul 2017-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışında aşağıdakılar bildirilmişdir: - X8 hal-hazırda “X9 Limited” Şirkətinin X2 6-cı dərəcə elektrik montyoru peşəsində işləyir. Onun əmək kitabçasına əsasən ümumi əmək stajı 1 iyl 2020-ci il tarixə 39 il 19 gündür. X6 1 iyul 2017-ci il tarixə ümumi əmək stajı 36 il 19 gündür. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 10-cu bəndinin 10.2 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensantının hasilatı) X6 “Şirvanneft” NQÇİ, "xxxx" BMMM, “X9 Limited” Şirkətində 1 iyul 2017-ci il tarixə 14 il 2 ay 6 gün güzəştli şərtlərlə iş stajı vardır. Belə ki, 12 sentyabr 1979-cu il tarixli 149/k saylı əmrlə 13 sentyabr 1979-ci il tarixdən 3 iyul 1981-ci il tarixədək “Şirvanneft” NQÇİ X2 2-ci dərəcəli nəzarət-ölçü cihazlarının çilingəri peşəsində işləmişdir (1 il 9 ay 20 gün, “Mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın, kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər”, 2 iyul 1981-ci il tarixli 88/k saylı əmrlə 3 iyul 1981ci il tarixdən 29 sentyabr 1981-ci il tarixədək quyuların əsaslı və yeraltı təmiri sexində yeraltı təmir üzrə operator peşəsində (2 ay 26 gün). 10 may 2005-ci il tarixli 69/k-b saylı əmrlə 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək "xxxx" BMMM-in Tikinti Təmir Sexində 5-ci dərəcəli quraşdırma çilingəri peşəsində işləmişdir (4 il 1 ay 11 gün, “Buna, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar). 19 iyun 2009cu il tarixli 186 saylı əmrlə 22 iyun 2009-cu il tarixdən 1 iyul 2017-ci il tarixədək "xxxx" BMMM-in və “X9 Limited” Şirkətinin X2 5-ci dərəcə elektrik montyoru peşəsində işlmişdir – 8 il 9 gün (Neft və qaz kondensantı hasilatı obyektlərində məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları). Cəmi 14 il 2 ay 6 gün güzəştli şərtlərlə iş stajı vardır. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakılar Fondun fəaliyyət istiqamətlərinə aiddir: əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək. Məhkəmə hazırkı iddianı mümkün sayır. Bu nəticə ondan yaranır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ var, DSMF orqanına müraciət etmiş və imtina cavabı almışdır, bununla da inzibati mübahisə mövcuddur, cavabdeh qaldırılan məsələ üzrə səlahiyyətli qurumdur, iddianın nüvünə görə iddia müddəti nəzərdə tutulmur və iddianın mümkünsüzlüyü ilə bağlı hər hansı xüsusat mövcud deyil. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2017-ci il tarixdən sonra qüvvəyə minmiş tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Siyahının “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində aşağıdakı peşələr nəzərdə tutulmuşdur: - mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər; - quyuların yeraltı təmiri üzrə operatorlar; - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər; Siyahının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində aşağıdakı peşələr nəzərdə tutulmuşdur: - polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; Məhkəmə vurğulayır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələbləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq müvafiq yaş həddinə, yəni kişilərin 57 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraitli güzəşti şərtlərlə yaşa görə pensiya hüququ verən (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırkı işin halları ilə bağlı isə məhkəmə vurğulayrır ki, iddiaçının əmək faəliyyəti dövründə işlədiyi peşələrdən 1979 – 1981-ci illərdə 1 il 9 ay 20 gün müddət işlədiyi nəzarət-ölçü cihazları çilingəri, yeraltı təmir üzrə oprator və elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aiddir. Lakin onun əmək kitabçası və işlədiyi müəssisənin güzəştli arayışına əsasən 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədiyi “quraşdırma çilingəri” peşəsi müvafiq Siyahının aidiyyəti bölməsində nəzərdə tutulan “quraşdırıcılar” peşəsi ilə eyniləşdirilə bilməz. Nəzərə alınmalıdır ki, Siyahının həmin bölməsində ayrı sahə üzrə olsa da, “çilingərlər” peşəsi göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədiyi “quraşdırma çilingəri” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul olunmamalıdır. Qeyd olunanlara əsasən iddiaçının 24 oktyabr 2015-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajı toplanmadığından, onun həmin tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensuyası hüququ yaranmış olmur. Odur ki, məhkəmənin qənaətinə görə iddia “iddiaçıya əmək pensiyası təyin edilməsi” hissəsində əsaslı deyil. İddiaçının ikinci tələbi – “keçmiş üç illik dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbi ikin tələbdən asılı və törəmədir. Ona görə də ilkin tələb əsaslı olunmadığı halda, pensiyanın hesablanmasında fərq məbləği də yaranmır və bu səbəbdən həmin tələb də təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar