Məhkəmə qərarları › İş №2-1(112)-3226/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3226/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3226/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 3607 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********39 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, hüquqmüəyyənedici sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.metr qeyd olunsa da, texniki inventarlaşdırma işləri keçirilən zaman bağ sahəsinin faktiki ölçüsünün 546 kv.metr olduğu aşkar olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin 3607 saylı bağ sahəsinə aidiyyəti yoxdur və bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilən X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə qərarın tarixində düzəliş olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan 546 kv.metr torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin X4 və İstismar Birliyinin 13 iyun 1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən 181 saylı Bağ Tikinti Kooperativinin nəzdində yerləşən Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0,12 hektardan ibarət 3607 saylı bağ sahəsi ona ayrılmışdır. Qeyd olunan bağ sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən 5 nömrəli order verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 14 sentyabr 2021-ci il tarixli arxiv arayışı, Bakı Şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarı ilə bağ sahəsinin adına ayrılması öz təsdiqini tapmışdır. Müvafiq torpaq sahəsi 13 iyun 1990-cı il tarixdə iddiaçıya ayrılsa da, o, bir müddət həmin torpaq sahəsini hasara almadığı üçün və 2 tərəfindən keçən yola düşdüyündən o, heç bir mübahisə yaratmamış, qalan 546 kv.metrlə razılaşmışdır və bu səbəbdən də ona qalan torpağın az olmasına heç bir etirazı yoxdur. İddiaçıya verilən bildirişdə qeyd olunur ki, bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bu cavab yanlışdır. Belə ki, bağ sahəsi ayrılarkən ümumiyyətlə, həmin ərazidə yüksək gərginlik elektrik xətti olmamışdır və hazırda həmin ərazidə istifadəçilərin istifadəsində olan elektrik xətti yüksək gərginlikli xətt deyil. Bununla yanaşı ona verilən cavab məktubunda qeyd olunur ki, sözü gedən torpaq sahəsinin 3607 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Əgər aidiyyəti yoxdursa, onda həmin bağ sahəsinin kimə aid olması niyə cavab məktubunda qeyd edilmir. Cavabdehin bildirdiyinə görə, iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı orderdə qərarın tarixində düzəliş var. Həmin qərarın 1990-cı ildə olması Bakı şəhər İcraiyyə Komitəsinin 4/143 saylı qərarında və arxiv arayışında öz əksini tapmışdır. İddiaçı daha sonra ərizəsinə əlavə təqdim edərək, qeyd etmişdir ki, torpaq sahəsi əvvəlcə atasının adına ayrılmış, bundan sonra order alınmış və həmin order onun adına verilmişdir.Hansı ki, qanunvericiliyin tələbinə uyğun olaraq, torpaq sahəsinin bir şəxsin adından digərinə keçməsi üçün qərar ilə rəsmiləşmə olmalı idi. Lakin inzibati orqan tərəfindən bu həyata keçirilməmişdir və bu onun günahı deyil. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin hallarından da göründüyü kimi, o, qəbul edilmiş qərar və orderə əsasən hal-hazırda sözügedən torpaq sahəsindən faktiki olaraq qanuni istifadəni davam etdirir. Bununla yanaşı torpaq sahəsi nə dövlət, nə də bələdiyyə torpağı deyil, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan xüsusi növə aiddir. Dolayısı ilə nə order, nə də xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərar heç kim tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, cavabdeh inzibati orqan öz imtina məktubu və etirazında göstərmişdir ki, torpaq sahəsinin koordinatları düzgün deyil və başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı qeyd etmək lazımdır ki, o, torpaq sahəsindən illərdir qanuni istifadəni davam etdirir və onunla hər hansı şəxs arasında qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mülki mübahisə yoxdur. Eyni zamanda uyğunsuzluğun olması onun günahı deyil və bu səbəbdən onun mülkiyyət hüquqları pozula bilməz. Bu məsələ birbaşa olaraq inzibati orqan tərəfindən həll edilməli və koordinatlardakı uğunsuzluq aradan qaldırılaraq onun öz mülkiyyət hüquqlarını qanunauyğun həyata keçirməsinə şərait yaradılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********96 saylı iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddia olunan torpaq sahəsi sxematik xəritəyə əsasən “2219’’ saylı bağ sahəsinin ərazisinə uyğun gəlir və “3607” nömrəli bağ sahəsinin həqiqi ərazisindən təqribən 2200 m aralı ərazidə yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki hazırkı müabhisə İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı bu iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarından görünür ki, həmin qərarla 29 nəfərdən ibarət 181 saylı Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, həmin qərara əlavə edilmiş siyahıda X5 adı 5-ci sırada göğstərilmişdir. 318994 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, X5 ölümündən sonra xx.xx.1991-ci il tarixdə İddiaçı X9 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək atası X13 vəfat etdiyindən onun adına olan 3607 nömrəli bağ sahəsinin öz adına keçirilməsini xahiş etmişdir. İşdə olan xx.xx.1991-ci il tarixli razılıq ərizələrindən görünür ki, X2, X8, X14, X11, X15, X1 Ənnağı Qüdrət oğlu vəfat etdiyindən onun adına olan 3607 nömrəli bağ sahəsinin İddiaçı adına keçməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsi X4 və X12 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderindən görünür ki, Bakı şəhər İK-nın xx.xx.1990cı il tarixli, 4/143 nömrəli qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 181 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3607 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı hazırda bu orderə istinad edərək faktiki sahəsi 546 kv.metr olan 3607 saylı bağ sahəsinə mülkiyət hüququnun onun adına qeydiyyata alınması və çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən orderi təqdim etsə də, həmin orderdəki məlumatlar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, orderdə 3607 nömrəli bağ sahəsinin xx.xx.1990-cı il tarixli qərarla iddiaçıya ayrıldığı göstərilsə də, işdə olan sənədlədən görünür ki, həmin tarixli qərar iddiaçı deyil, onun atası X13 barəsində qəbul edilmişdir. Ə.Əkbərov 1991-ci ildə öldükdən sonra onu ailə üzvləri 3607 saylı bağ sahəsinin iddiaçıya keçməsinə etiraz etməmədikləri ilə bağlı aidiyyəti orqana ərizə təqdim etsələr də, bağ sahəsinin addan-ada keçirilməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, BA-05183-2021 nömrəli məktubdan da görünür ki, keçmiş Bakı şəhər XDS İKnın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı 61 vərəq olmaqla Dövlət Arxivinin Bakı filialında mövcudur. Lakin həmin qərarda İddiaçı barədə heç bir məlumat yoxdur. Halbuki 1971-ci il tarixdən xx.xx.1992-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da X19 icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan qanunvericilik torpaq sahəsinin ayrılması üçün ilk əvvəl müvafiq qərarın qəbul edilməsini zəruri etmişdir. Lakin iddiaçı torpaq sahəsinin onun adına keçirilməsi barədə həmin qərarı məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, orderdə göstərilən qərar iddiaçı barəsində deyildir, deməli, həmin order hüququn qeydiyyatı üçün əsas kimi qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş mötəbər əsası təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, digər dəlillərə qiymət verilməsi zərurəti olmadan cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar