Məhkəmə qərarları › İş №2-1(112)-3227/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3227/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3227/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı sərəncamın ləğv olunmasına dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı sərəncamın ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin 130 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə kirayə müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, X7, 2-ci Döngə, ev 14F ünvanında yaşayır. Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli, 154 saylı “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında" Sərəncamı ilə o,-ehtiyata buraxılmış 2-ci qrup hərbi xidmət əlili İddiaçı oglu Suraxanı rayon İcra hakimiyyətində yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi (özü, arvadı, oglu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Mənzil uçotuna götürülmüş şəxs kimi ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada kompensasiya ödənilməsi rayon İHB-na həvalə edilmişdir. Sərəncamdan irəli gələn məsələlər təmin edilmiş və göstərilən tələblər yerinə yetirilmişdir. Son iki aydır ki, onun adına ödənilən müavinət (300 manat) dayandırıldığından məsələni aydınlaşdırmaq məqsədi ilə Suraxanı rayon İcra hakimiyyətinə müraciət etdikdə ona məlum olmuşdur ki, Suraxanı rayon İcra hakimiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli, 130 saylı “vətəndaşlar İddiaçı və X1 mənzil uçotundan çıxarılmaları haqqında" sərəncamı ilə yaşayış sahəsinə ehtiyaçı olan qismində uçota alınmış hərbi qulluqçulara mənzil kirayəsi üçün ayrılmış vəsaitə qənaət edilməsi və ödənişlərin vaxtında təmin olunması məqsədi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, ehtiyatda olan hərbi qulluqçular Ceyhun Ələsgər oglu Həsənova və M.F.Mustafayevə mənzil kirayəsi xərclərinin (kompensasiyanın) ödənilməsi dayandırılmaqla mənzil uçotundan çıxarılmış, Suraxanı rayon İcra hakimiyyəti başçısının ona münasibətdə olan xx.xx.2019-cu il tarixli, 154 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş və mənzil uçot işlərinin RİH-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Hesab edir ki, sərəncam qanunsuzdur. Belə ki, onunla “xxxx" ASC arasında xx xxxxxx 2012-ci il tarixdə. 06/002/AİF saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtinə əsasən ipoteka müqaviləsi ilə mənzil almışdır. Mənzili aldığı müddətdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit olaraq fəaliyyət göstərmişdir. Aylıq gəliri mənzilin kreditlə əldə etməsinə imkan yaratmış və bununla da bankla müvafiq qaydada kredit müqaviləsi bağlamışdır. 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etmiş və döyüş zamanı hərbi xidmət vəzifələrimi yerinə yetirərkən xəsarət almışdır. Hal-hazırda 2 qrup əlildir. Hazırda maddi gəliri yalnız ona ödənilən pensiyadan ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdən ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, bunun əsası olaraq mülkiyyətçi X6 oglu ilə onun arasında Bakı şəhəri, Suraxan rayonu, X7, 2-ci Döngə, ev 14F ünvanında yerləşən mənzilə dair notariat qaydasında kirayə müqavilə bağlanmışdır. Bütün tələb olunan sənədlər tərəfindən 2019-cu il tarixdə Suraxanı rayon İcra hakimiyyətinə təqdim edilmiş və buna görə də yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində müvafiq sərəncamla xx.xx.2019-cu il tarixdə uçota götürülmüşdür. Cavabdeh Suraxanı rayon İcra hakimiyyəti tərəfindən onun yaşayış sahəsinə ehtiyacı olan vətəndaş olaraq uçotunun ləgv edilməsi barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli sərəncam qanunsuzdur və qeyd olunan sərəncam məhkəmə qərarı əsasında ləgv edilməlidir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 1/1809 №li xx.xx.2021-ci il tarixli yazılı etirazda göstərilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış hərbi qullqçuları mənzil kirayəsi üçün vəsaitə qənaət edilməsi və ödənişlərin vaxtında təmin olunması məqsədilə Suraxanı rayon İcra hakimiyyətində mənzil növbəsində olan hərbi qulluqçuların mənzil-uçotu işlərinin yenidən araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Suraxanı rayon İHB-nin xx.xx.2019-cu il tarixli 154 saylı sərəncamına əsasən vətəndaş İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) ehtiyatda olan hərbiçi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 183 saylı Qərarına əsasən onlara ailə sayına uyğun olaraq mənzil kirayəsi xərci (kompensasiya) ödənilmişdir. RİH-ə təqdim edilən sənədlərdən (DƏDRX-dən çıxarış və arayış) məlum olmuşdur ki, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, ev 19 ünvanında yerləşən yaşayış sahəsi 40,62 kv. metr olan 97 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan ona mənzil kirayəsi xərclərinin (kompensasiyanın) ödənilməsi dayandırılmaqla mənzil uçotundan çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı və lazimi sorğulara cavab məktublarının daxil olduğu üçün şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv. metr, yaşayış sahəsi 42.62 kv. metr, 3 otaqdan ibarət 97 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1559 nömrəli reyestr kitabının 142556 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər Suraxanı rayon İcra hakimiyyəti başçısının “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə qismində güzəştli şərtlərlə uçota alınması haqqında” xx.xx.2019-cu il tarixli 154 nömrəli sərəncamından görünür ki, vətəndaş Həsənov X3 rayon İcra hakimiyyətinə müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına və ona kirayə haqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, 14 ildən artıq xidmət etmiş, hərbi xidmət vəzifəsini yerinə yetirərkən İİİ qrup əlil olmuş və xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V" yaşayış sahəsi ev 19 mənzil 97 ünvanda 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) 2012-ci ildən qeydiyyatda olmaqla Qaraçuxur qəsəbəsi, X7, 2-ci döngə ev 14F ünvanda kirayənişin yaşadığı və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli 174 №-li Qərarına və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31ci maddəsinə müvafiq olmaqla ehtiyata buraxılmış İİİ qrup hərbi xidmət əlili İddiaçı Suraxanı rayon İcra hakimiyyətində yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ile (özü, arvadı, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhər Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 130 nömrəli sərəncamından görünür ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış hərbi qulluqçulara mənzil kirayəsi üçün ayrılmış vəsaitə qənaət edilməsi və ödənişlərin vaxtında təmin olunması məqsədi ilə Suraxanı rayon İcra hakimiyyətində mənzil növbəsində olan hərbi qulluqçuların mənzil-uçotu işlərinin yenidən araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Suraxanı RİHB-nin xx.xx.2019-cu il tarixli 154 saylı sərəncamına əsasən vətəndaş İddiaçı oğlu 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) və RİHB-nin xx.xx.2017-ci il tarixli 36 saylı sərəncamına əsasən vətəndaş X2 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) ehtiyatda olan hərbiçi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 183 saylı qərarına əsasən onlara ailə sayına uyğun olaraq mənzil kirayəsi xərci (kompensasiya) ödənilmişdir. RİH-ə təqdim edilən sənədlərdən (DƏDRX-dən çıxarış və arayış) məlum olmuşdur ki, Suraxanı rayonu, Yeni Günəşli “V" yaşayış sahəsi, ev 19 ünvanda yerləşən yaşayış sahəsi 40.62 kv.m olan 97 saylı mənzil mülkiyyət hüquqi ilə İddiaçı və Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3, yaşayış sahəsi 67.20 kv.m olan 4 saylı mənzil mülkiyyət hüquqi ilə M.F.Mustafayevə məxsusdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, ehtiyatda olan hərbi qulluqçular İddiaçı və M.F.Mustafayevə mənzil kirayəsi xərclərinin (kompensasiyanın) ödənilməsi dayandırılmaqla mənzil uçotundan çıxarılmaları və Suraxanı RİHB-nin xx.xx.2019-cu il tarixli 154 saylı və RİHB-nin xx.xx.2017-ci il tarixli 36 saylı sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və mənzil-uçot işlərinin RİH-in arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırda iddiaçı Bakı şəhər Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 130 nömrəli sərəncamının ləğv olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 55.1.2-ci maddəsinə əssən vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Beləliklə iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmaqla, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmiş, sonradan iddiaçının xüsusi mülkiyyətində yaşayış sahəsinin olduğu müəyyən olunduğundan, ona ödənilən kirayə xərcləri (kompensasiya) ödənilməsi dayandırılmaqla, o. mənzil uçotundan çıxarılmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar