Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3229/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “daimi yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 26.11.2020-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilərək ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 izahatında bildirdi ki, iddiaçı 01.01.1972-ci ildə Türkiyə Respublikasının Gaziantep şəhərində doğulmuş və Türkiyə Respublikasının vətəndaşıdır. İddiaçı 1992-ci ilin sentyabr ayından Azərbaycan Respublikasına gəlmiş, Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmaqla bu günədək yaşayır. İddiaçı 1992-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Həmin dövrdə Bakı şəhəri, Mətbuat prospektində yerləşən 5 nömrəli yataqxanada yaşamışdır. İddiaçı 1994-cü ildə Azərbaycan Respublikasının vətəndaşı X4 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 11.06.2000-ci il təvəllüdlü X9, 23.03.2003-cü il təvəllüdlü X10 və 10.02.2008-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçının övladları Azərbaycan Respublikasının vətəndaşlarıdır və onun himayəsində yaşayırlar. İddiaçı birgə nikah dövründə əldə etdiyi və arvadı X1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda müvəqqəti qeydiyyata alınmışdır. İddiaçı 1997-ci ildən Azərbaycan Respublikasının ərazisində tikinti və istehsal sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 03.10.2003-cü ildə tikinti və digər fəaliyyət növləri ilə məşğul olan "ŞAHMAR-M” MMC-nin direktoru, 19.04.2005-ci ildə isə idxal və ixracla məşğul olan "xxxx" MMC-nin direktoru olmuşdur. Hal-hazırda 19.10.2009-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində qeydiyyata alınmış, “ER-İNŞAAT SANAYİ TİCARƏT" MMC-nin təsisçisi və direktorudur. “ER-İNŞAAT SANAYİ TİCARƏT" MMC-nin 30 nəfər işçisi vardır. İddiaçı 28 ildir ki, Azərbaycan Respublikasının ərazisində fasiləsiz yaşayır. İddiaçı 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan, yəni əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələb olunan sənədləri də təqdim etmişdir. Lakin cavabdeh orqan tərəfindən 26.11.2020-ci il tarixli, 04/4437 saylı məktubla cavab olaraq bildirilmişdir ki, müraciətinə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinə əsasən imtina verilmiş və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 26.11.2020-ci il tarixli, ******* nömrəli qərarda guya iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində onun Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün yalan məlumat verdiyinin müəyyən edildiyi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsi rəhbər tutularaq 30.09.2020-ci il tarixli müraciətinin təmin edilmədiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması üçün lazım olan sənədləri cavabdehə təqdim etmiş və Azərbaycan Respublikasınin ərazisində yaşamaq icazəsi almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə yalan məlumat verməmişdir. İddiaçı ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoymuş, Azərbaycan Respublikasının ərazisində ailə üzvləri yaşayır, həmin ailə üzvləri də Azərbaycan Respublikasının vətəndaşlarıdır, Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin rəhbəridir. Cavabdeh orqanın 26.11.2020-ci il tarixli, 04/4437 saylı məktubda və həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 26.11.2020-ci il tarixli, ******* nömrəli qərarında onun Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün hansı yalan məlumat verməsi göstərilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 izahatında bildirdi ki, İddiaçı 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinə əsasən ona daimi yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi barədə 26.11.2021-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində heç bir yalan məlumat təqdim etmədiyini bildirmişdir. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, əcnəbi 30.09.2020-ci il tarixdə daimi yaşamaq üçün icazə almaq üçün sənədlərini Dövlət Miqrasiya Xidmətinə təqdim edərkən ərizə-anketində 13-cü “Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu” qrafasında “xeyr” xanasını işarələmişdir. X17 Nazirliyindən əldə edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, şəxs əvvəllər 2 dəfə (2007, 2008-ci il tarixlərdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Daxili İşlər Nazirliyinin 13.11.2020-ci il tarixli 369-304221-3220 nömrəli arayışına əsasən DİN-in mərkəzləşdirilmiş uçotlarında qeydə alınan məlumatlara görə 01.01.1972-ci il tarixli Türkiyə Respublikasının vətəndaşı İddiaçı məhkumluğunun olmadığı bildirilmişdir. Lakin qrafaya diqqət yetirsək onun hazırda məhkumluğunun olub-olmaması soruşulmur. Qrafada konkret olaraq şəxsin cinayət törətdiyinə görə əvvəllər məhkum olub-olmaması soruşulmuşdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı ilə bağlı düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26.11.2020-ci il tarixli 04/4437 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması ilə bağlı 30 sentyabr 2020-ci ildə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 326625/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Sizin müraciətinizə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinə əsasən imtina verilmiş, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəniz ləğv edilmiş və barənizdə qəbul edilmiş qərarın surəti ünvanınıza göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” 26.11.2020-ci il tarixli ******* saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, 01.01.1972-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı U23565843 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması barədə 30.09.2020-ci il tarixli 326625/m nömrəli müraciətinə baxılmış, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün yalan məlumat verdiyi müəyyən edilmiş, İddiaçı 30.09.2020-ci il tarixli müraciətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 26.11.2020-ci il tarixli 6833450-L saylı qərarının surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün yalan məlumat verdiyi müəyyən edilmiş, Türkiyə Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10.12.2020ci il tarixli 369-4270U-3220 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 01.01.1972-ci il tarixdə Türkiyə Respublikasında doğulmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə arayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83 və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02.06.2021-ci il tarixli 012-9262-1221 saylı məktubda qeyd edilir: 01.01.1972-ci il təvəllüdlü İddiaçı Hanifi Binəqədi Rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 213.4-cü maddələri ilə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.11.2008-ci il tarixli qərarı ilə 14.11.2007-ci il tarixli hökm dəyişdirilərək cəza müddəti 3 ilədək artırılmışdır. Bundan başqa İddiaçı Hanifi 29.11.2008-ci il tarixdə Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 26.12.2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nin 15.06.2015-ci il tarixli 125 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsindəki "xxxx" MTK-ya məxsus 14 nömrəli 15-16-17 mərtəbəli kooperativ yaşayış binasının giriş 9, mərtəbə 2, ümumi sahəsi 108.0 kv.m., yaşayış sahəsi 64.2 kv.m. olan 3 otaqlı 461 saylı mənzildə yaşayır. Mənzilin sahibi X2r. İddiaçı ailəsi 5 nəfərdən ibarətdir: 1971 təvəllüdlü X4, 2000-ci il təvəllüdlü X9, 2003-cü il təvəllüdlü X10 və 2008-ci il təvəllüdlü X5 2014-cü ildən həmin ünvanda daimi qeydiyyatdadırlar. İş materiallarında olan iddiaçıya məxsus U02698262 nömrəli Türkiyə Cumhuriyyəti vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01.01.1972-ci il tarixdə Oğuzelində doğulmuşdur. İş materiallarında olan Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətin uzadılması) üçün ərizə-anketin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13-cü “Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu” qrafasında “xeyr” xanasını işarələmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 9-cu bəndinə əsasən Dövlət Miqrasiya Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vermək, o cümlədən həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin etmək; 9.7-1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq; 9.7-
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri olduğu yer üzrə qeydiyyata almaq; 9.8. qanunvericiliklə müəyyən edilmiş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazələrini ləğv etmək; 9.9. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina və ya daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. O, 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün yalan məlumat verdiyi müəyyən edilmiş, bu səbəbdən də Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsini rəhbər tuturaq cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətin uzadılması) üçün ərizə-anketdə İddiaçı 13cü “Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu” qrafasında “xeyr” xanasını işarələmiş, bununla da cinayət törətdiyinə görə məhkum olunmadığını təsdiq etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02.06.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 213.4-cü maddələri ilə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.11.2008-ci il tarixli qərarı ilə 14.11.2007-ci il tarixli hökm dəyişdirilərək cəza müddəti 3 ilədək artırılmış, bundan başqa iddiaçı 29.11.2008-ci il tarixdə Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 26.12.2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün müraciət edərkən yalan məlumat vermişdir. Ona görə də cavabdeh inzibati orqan Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının müraciətini təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Pərviz Hüseynov