Məhkəmə qərarları › İş №2-1(112)-3229/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3229/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3229/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin yanvar ayından əmək stajına görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, ona yəni xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 65 yaşı tamam olduğu 01.10.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət edərək, ona əmək stajına görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə araşdırılması üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və Filial tərəfindən 27.05.2021-ci il tarixli, **********4 saylı məktubla onun müraciətinə imtina verilmişdir. O, təkrarən cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona əmək stajına görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 12.08.2021-ci il tarixli, **********0 saylı məktubla müraciətinə təkrarən imtina cavabı verilmiş və bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına və hərbi biletə əsasən sığorta stajı 23 il 4 ay hesablanmış (25 ildən azdır) və əmək kitabçasında əks olunan 02.05.1995-ci ildən 10.06.1998-ci il tarixinədək Ağcabədi rayonu, 82 nömrəli Təmir-Tikinti İdarəsində olan əmək fəaliyyəti əmək stajı kimi qəbul edilməmişdir. O, 03 sentyabr 1973-cü ildən bu günədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğuldur, 25 ildən çox əmək stajına malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən, 64 yaşma çatmış kişilərin və 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Cavabeh orqana müraciət edən zaman yəni, 15 aprel 2021-ci il tarixdə onun 65 yaşı tamam olmuş və 25 ildən artıq əmək stajına malik olmuşdur. Lakin, cavabdeh orqan qanunsuz olaraq iki dəfə qanunsuz əsaslarla ona əmək stajına görə pensiya təyin olunmasına dair imtina məktubları ünvanlamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64,6 yaşda, yəni 01.04.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İddiaçı məxsus 10.09.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasına müvafiq olaraq onun ümumilikdə 23 il 08 ay 25 gün sosial sığorta stajı vardır. İşin mübahisələndirilməyən birinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* nömrəli hərbi biletə müvafig olarag onun 22.11.1973 - 09.12.1975-ci illər ərzində hərbi xidmətdə olduğu geyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı 02 il 17 gün sosial sığorta stajını təşkil edir. İşin mübahisələndirilməyən ikinci halı İddiaçı yuxarıda qeyd edilən müəssisələrdə işlədiyi dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus 10.09.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasına müvafiq olaraq onun 03.09.1973 - 21.11.1973, 05.01.1976- 14.10.1976, 01.11.1976 - 04.05.1980, 13.07.1987 - 15.01.1992, 20.07.1992 - 23.05.1994 və 24.08.2001 - 01.11.2004-cü illər ərzində işlədiyi qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 20 il 09 ay 17 gün təşkil edir. Beləliklə, İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 22 il 10 ay 04 gün təşkil edir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı (İddiaçı 02.07.1995 - 10.06.1998-ci illər ərzində “Ağcabədi rayonu 82 nömrəli Təmir - Tikinti ldarəsi”ndə işlədiyi dövrlər) ümumilikdə 02 il 11 ay 08 gündür. AR Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 10 dekabr 2021-ci il tarixli, 146 nömrəli məktubunda “Ağcabədi rayonu 82 nömrəli Təmir tikinti İdarəsi” nin sənədləri mühafizə üçün Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı “Ağcabədi rayonu 82 nömrəli Təmir - tikinti İdarəsində 02.07.1995 - 10.06.1998-ci illər ərzində işləməsi barədə hər hansı məlumatın tapılmadığı geyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 noyabr 2021-ci il tarixli **********654500 nömrəli məktubunda “Ağcabədi rayonu 82 nömrəli Təmir- tikinti İdarəsi” adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə hər hansı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Arxivdə İddiaçı işə daxilolma və işdən azad edilmə əmrləri, həmçinin əmək haqqı cədvəlləri aşkar edilmədiyindən belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. İddiaçı 22 il 10 ay 04 gün sosial sığorta stajına münasibətdə 19258 manat pensiya kapitalı vardır. Qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüguqu yarandığı 64,6 yaşda, yəni 01.04.2020-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, ganunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, İddiaçı sözügedən müəssisədə - “Ağcabədi rayonu 82 nömrəli Təmir - tikinti İdarəsi”ndə işlədiyi 02.07.1995 - 10.06.1998-ci illər ərzində müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. İddiaçı ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyatdadır. НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 22.11.1973-cü ildən 09.12.1975-ci ildək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 10.09.1973-cü ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 03.09.1973-cü ildə 5 №li Təsərrüfatlararası Tikinti Tresti Ağcabədi Təsərrüfatlararası tikinti idarəsinə birinci dərəcəli fəhlə kimi işə qəbul olunmuşdur (Əmr 142 №-li, 03.09.1973-cü il); 21.11.1973-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir (Əmr 184 №li, 21.11.1973-cü il); 05.01.1976-cı ildə 5 №li Təsərrüfatlararası Tikinti Tresti Ağcabədi Təsərrüfatlararası tikinti idarəsinə ikinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr 8 №li, 05.01.1976-cı il); 14.10.1976-cı ildə işdən azad edilmişdir (Əmr 117 №-li, 14.10.1976-cı il); 01.11.1976-cı ildə X4 şöbəsi Mehmanxanada növbətçi vəzifəsinə təyin olunmuşdur (Əmr №18 01.11.1976). 04.03.1980-cı ildə işdən azad edilmişdir (Əmr 39 №-li, 04.03.1980-cı il); 13.07.1987-ci ildə 151 №li Tikinti Mexanikləşdirilmiş Səyyar Dəstədə ikinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr 128 №-li, 13.07.1987-ci il); 30.07.1987ci ildə müvəqqəti baş iqtisadçı vəzifəsinə keçirilmişdir ( Əmr 139 №-li, 30.07.1987-cü il); 15.01.1992-ci ildə işdən azad edilmişdir (Əmr 6 №-li, 15.01.1992-ci il); 20.07.1992-ci ildə “Ağcabədi Raykoopittifaq” Ağcabədi şəhər İstehlak Cəmiyyətinə işə qəbul olunmuş (Əmr 92 №-li, 20.07.1992-ci il) 23.05.1994-cü ildə işdən azad edilmişdir ( Əmr 199 №-li, 23.05.1994-cü il); 02.07.1995-ci ildə Ağcabədi 82 saylı TTİ-də anbardar –kassir vəzifəsinə təyin edilmişdir ( Əmr 04 №-li, 02.07.1995-ci il); 10.06.1998-ci ildə işdən azad edilmişdir (Əmr 98 №-li, 10.06.1998-ci il); 24.08.2001-ci ildə “Deka Bank” KB-ya sürücü vəzifəsinə qəbul edilmişdir ( Əmr 29 №-li, 24.08.2001-ci il); 01.11.2004-cü ildə (Əmr 24 №-li, 01.11.2004-cü il); 20.05.2014-cü ildə "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir (Əmr 41 №-li, 14.05.2020-ci il). Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.11.2021-ci il tarixli **********654500 saylı məktubunda qeyd olunmuşdur ki, dövlət reyestrində Ağcabədi rayon 82 nömrəli Təmir Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli 118 №-li məktubda qeyd olunmuşdur ki, Ağcabədi rayon dövlət Arxivinin sənədlərinə baxış keçirilmişdir, baxış zamanı məlum olmuşdur ki, Ağcabədi rayonunda fəaliyyət göstərmiş 82 saylı Təmir Tikinti idarəsinin sənədləri Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunmadığından xx.xx.1955-ci il təvəllüdlü X2 02.07.1995-ci il tarixdən 10.06.1998-ci il tarixədək 82 saylı Təmir Tikinti idarəsində işləməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnistutu MMC-tərəfindən verilmiş 01.03.2022-ci il tarixli 66 nömrəli məktubda qeyd olunmuşdur ki, “Azəravtoyol” Dövlət konserni Yol İstismar İdarəsinin Ağcabədi 82 saylı Təmir Tikinti İdarəsi”nin 1995- 1998-ci illərə aid sənədləri İnistutun arxivində mövcud deyil. Bu səbəbdən verilmiş sorğu barədə məlumat vermək tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli **********872500 nömrəli məktubda qeyd olunmuşdur ki, “X5 Yol İstismar İdarəsinin Ağcabədi 82 saylı Təmir Tikinti İdarəsi” adlı hüquqi şəxs idarə tərəfindən vergi uçotua alınmayıb və qeydiyyatdaolması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 24.05.2022-ci il tarixli 157000/2- 2448 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimata uyğun olaraq arxiv sənədlərinnin saxlama müddəti 5 (beş) ildir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 27.05.2021-ci il tarixli **********4 saylı məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir.Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz 10.09.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçanızın surətində qeyd olunmuş 20.07.1992-ci il tarixindən 23.05.1994-cü il tarixinədək Ağcabədi Raykopintifaq idarəsindəki, 02.07.1995-ci il tarixindən 10.06.1998-ci il tarixinədək TTU-dakı və 24.08.2001-ci il tarixindən 01.11.2004-cü il tarixinədək “Deka Bank”dakı əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra onun yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 12.08.2022-ci il tarixli ********** saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-cı il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Məlumat üçün bildiririk ki, təqdim etdiyi 10.09.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçana və H3 № ******* saylı hərbi biletinin surətinə əsasən sığorta stajı 23 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 18008,52 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Əlavə olaraq bildirirər ki, Azərbaycan Respublikasının Mili Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi Rayon Dövlət Arxivinin 25.06.2021-ci il tarixli № 41 saylı arayışına əsasən 02.07.1995-ci il tarixindən 10.06.1998-ci il tarixinədək işlədiyi Ağcabədi 82 nömrəli təmir Tikinti idarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır.Məlumat üçün bildiririk ki, adınıza aktiv əmək müqaviləsi olduğu üçün sizə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) 01.10.2020-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1955-cı il təvəllüdlü İddiaçı oğuna 65 yaşının tamam olduğu 01.10.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1955-cı il təvəllüdlü İddiaçı oğuna 65 yaşının tamam olduğu 01.10.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar