Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3229/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “14” saylı torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı-X9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən "14" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. İddiaçı tərəfindən mərhum-xx.xx.1947-ci il təvəllüdlü X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 18 sayh notariat ofisinə müraciət edilmişdir. X6 xx.xx.2020-ci il tarixində vəfatı ilə əlaqədar müraciətinə əsasən vərəsəlik işi açılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsinin rəisinə Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “14” saylı torpaq sahəsinə çıxarış verilməsi üçün müraciət edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “14” saylı torpaq sahəsi üzərində də mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinada göstərilmişdir ki, təqdim edilmiş protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi 14 qeyd edilsə də, bağçının üzvlük kitabında 12 qeyd olunması bildirilmişdir. Üzvlük kitabında qeyd aparılarkan texniki səhvlik olmuşdur. Eyni zamanda göstərilir ki, torpaq sahəsinə baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Halbuki idarənin heç bir mütəxəssisi və ya nümayəndəsi iddiaçı ilə əlaqə saxlamamış, torpaq sahəsinə baxış keçirmək, inventarlaşdırma işləri aparılması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddia ərizəsinə 14 aprel 1994-cü il “Xəzər” bağçılıq üzvlərinin ümumi yığıncağının 2№-li protokolu əlavə edilir. Həmin aktın məzmunundan da göründüyü kimi mərhum X18 “Xəzər” bağçılıq yoldaşlığına üzv seçilmiş və 14№-li 12 sot ölçüsündə bağ sahəsi ona təhkim edilmişdir. Bundan əlavə Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Fərdi yaşayış evlərinin qazlaşdırılması sənədlərindən, “Xəzər” bağçılıq yoldaşlığının verdiyi arayışın surətindən, Bakı Şəhər Əzizbəyov Rayonu (indiki Xəzər) Türkan Bələdiyyəsinə ödənilən vergiləri təsdiq edən sənədlərin surətindən, bağçının üzvlük kitabının surətindən, həmin daşınmaz əmlakın inventarlaşdırılmasına dair sənədlərdən və daşınmaz əmlakın planını əks etdirən sənədlərdən də göründüyü kimi həmin daşınmaz əmlak üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınması üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Xəzər“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 adı aşkar olunmamışdır. Həmçinin təqdim edilən protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi 14 qeyd edilsə də, bağçının üzvlük kitabında 12 qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********91 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Eyni bağçılıq-yoldaşlıq nəzdində 12 nömrəli bağa dair digər fiziki şəxs (X19) tərəfindən müraciət olmuşdur. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi 16 saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 1200 kv.m olan 14 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin Rəisinə ünvanlanlanmış xx.xx.2021-ci il tarixli, 82 nömrəli məktubda bildirilmişdir ki, mərhum X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat ofisinə vərəsə İddiaçı tərəfindən müraciət olunmuşdur. X1 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə- İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmişdir, İddiaçı-X5 vərəsəsidir. Bunları nəzərə alaraq xahiş edilir ki, X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 14 saylı bağ sahəsinə çıxarış verəsiniz. İş materiallarına əlavə edilmiş N seriyalı 00120 nömrəli bağçının üzvlük kitabçasının surətindən görünür ki, bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1994-cü il tarixli, 2 nömrəli protokoluna əsasən X9 bağçılıq cəmiyyəti bağından sahəsi 12 kv.m olan 12 saylı bağ sahəsi xx.xx.1994-cü il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş “Xəzər” Bağçılıq Yoldaşlığının xx.xx.2006-cı il tarixli, YT 1/6-R/K nömrəli arayışıdan görünür ki, X18 “Xəzər” bağçılıq yoldaşlığının üzvüdür və ona 14 nömrəli bağ sahəsi təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYTİ ADNŞO üzrə Yanğın Təhlükəsizliyi İdarəsi «Xəzər» bağçılıq üzvlərinin ümumi yağıncağının xx.xx.1994cü il tarixli, 2 nömrəli protokolundan görünür ki, “Xəzər” bağçılıq yoldaşlığı ilə uzun illər sıx əlaqə saxlamış, bağçılığın inkişafında köməyini əsirgəməmiş və abadlıq-təmizlik işlərində fəal iştirak etmiş X16 “Xəzər” bağçılıq yoldaşlığına üzv seçilmiş və 14 nömrəli 12 sot ölçüsündə bağ sahəsi ona təhkim olunmuşdur. Məmmədov V.R. qısa müddətdə təhkim olunmuş sahədə təmirləmə, arıtlama işləri aparmış, ağac əkməklə yaşıllaşdırma işlərinə başlanmış və ona bu işdə köməklik göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X18 xx.xx.1965-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X17 xidmət müddəti 42 il, 09 ay, 06 gün təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********88 nömrəli məktubunda bildirilmişdir ki, “Xəər” bağçılıq yoldaşlığının Xzər rayonu, Türkan bağ massivində yerləşən 14 saylı bağ torpaq sahəsinə dair sənəd (üzvük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır. Sorğu ilə əlaqədar “Xəzər” bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan aşağıdakı siyahılar təqdim edilmişdir: -33 nəfərdən ibarət 1985-ci il siyahısı -35 nəfərdən ibarət xx.xx.1985-ci il siyahısı -35 nəfərdən ibarət 1988-ci il siyahısı -AR DİN BDTİ ADNŞ YMİ Xəzər bağçılıq yoldaşlığının sədri d/x mayoru N.R.Namazov tərəfindən xx.xx.2999-cu ildə təsdiq edilmiş “Xəzər” bağçılıq yoldaşlığının tərkibindən ayrılmış 29 nəfərin adlı siyahısı və bağ nömrəsi olan bağ sahələrinin sxematik planı. Sxematik planda Məmmədov Vaqif adı 14 bağ nömrəsi ilə göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 028-3880-1222 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, “Xəzər” bağçılıq yoldaşlığı adlı üzvlərinin siyahısı, Türkan bağ massivində yerləşən bağların bölgü sxemi və bağ-torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlərin, o cümlədən bağçılıq üzvlərinin ümumi yığıncağının 1994-cü il 14 aprel tarixli 2 nömrəli protokolu Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilməmiş, həmçinin X5 məsələ ilə bağlı sənədlər aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi digər (16 saylı bağ) sahə ilə ümumi hasar daxilində yerləşməklə faktiki olaraq 1211 kv.m təşkil edir (üzərində köməkçi tikili mövcuddur). Torpaq sahəsi 1 metr hündürlüyündə mişar daş hasarla iki hissəyə ayrılıb. Eyni zamanda bildiririk ki, “Xəzər” bağçılıq-yoldaşlıq təsərrüfatının Ayrıc aktı ilə təqdim olunmuş arxiv cizgisi uyğun gəlmir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, Xəzər bağşılıq yoldaşlığı birliyinə dair bağların bölgü sxemində adlarına bağ sahəsi qeydiyyata alınmış vətəndaşlar barədə aşkar edilmiş məlumatlar məhkəməyə təqdim edilir: -“Xəzər” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 2 nömrəli bağ evi üzvlük kitabçası əsasında xx.xx.2004-cü il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra 0.1 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 67. 6 kv.m olan Türkan qəsəbəsi, 19 prodolnaya, 2/2519 saylı bağ evi kimi xx.xx.2017-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında özgəninkiləşdirilmişdir. -“Xəzər” bağçılıq yoldaşlıq üzvlərinin ümumi yığıncağının xx.xx.2004-cü il tarixli, 2 nömrəli protokoluna əsasən M.Q.Hüseynov üzvlükdən çıxarılmış və X21 həmin b/y-na üzv qəbul edilərək 13 nömrəli bağ sahəsi ona təhkim edilmişdir. Daha sonra həmin protokol və üzvlük kitabçası əsasınada Türkan qəsəbəsində yerləşən 13/2530 saylı bağ evi xx.xx.2004-cü il tarixdə X13 adına ilkin qeydiyyata alınmışdır və alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. - Türkan qəsəbəsində yerləşən 15 nömrəli bağ sahəsi “Xəzər” bağçılıq yoldaşlığının ümumi iclasının xx.xx.1988-ci il tarixli, 4 nömrəli protokoluna və üzvlük kitabçasına əsasən X14 ayrılmışdır. Daha sonra sözügedən bağ sahəsinə dair verilmiş üzvlük kitabçası xx.xx.2006-cı il tarixli, 38977 nömrəli müqavilə ilə əvəz edilmişdir və xx.xx.2011-ci il tarixdə isə Türkan qəsəbəsi, 0.10 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 47.2 kv.m olan 15 saylı bağ evi kimi X10 adına qeydiyyata alınmışdır. -Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 21/22 saylı bağ sahəsi “Xəzər” b/y-ğı üzvlərinin ümumi iclasının xx.xx.2000-ci il tarixli protokolu, üzvlük kitabçası və 2 saylı Bakı İlM-nin xx.xx.2018-ci il tarixli, 2-1(82)-495/2018 nömrəli qərarı əsasında xx.xx.2018-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə isə Türkan qəsəbəsi, 0.10 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 153.2 kv.m olan 21/22 saylı bağ evi onun adına qeydiyyata alınmışdır. -“Xəzər” bağçılıq yoldaşlıq birliyi nəzdində Türkan qəsəbəsində уerləşən 26/32 saylı bağ sahəsi üzvlük kitabçası əsasında X15 ayrılmışdır. Dana sonra sözügedən bağ sahəsinə dair verilmiş üzvlük kitabçası 13 04.2000-ci il tarixli, 28860 nömrəli müqavilə ilə əvəz edilmişdir və xx.xx.2003-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. -“Xəzər” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 34/25xx-xx/2552 saylı bağ evi üzvlük kitabçası əsasında xx.xx.2000-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır. Daha sonra 0.11 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 65.5 kv.m olan 2551 saylı bağ evi kimi xx.xx.2017-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır. -“Xəzər” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 28/25xx-xx/2546 saylı bağ evi üzvlük kitabçası əsasında xx.xx.2000-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ evinin bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubda qeyd olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Xəzər" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X5 adı aşkar olunmamışdır. Həmçinin təqdim edilən protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi 14 qeyd edilsə də, bağçının üzvlük kitabında 12 qeyd edilmişdir. Əlavə olaraq, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. Beləliklə, iddiaya dair ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsəsi olmaqla ünvan 3 ünvanında yerləşən bağ sahəsinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan təqdim edilmiş “Xəzər" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X5 adı aşkar olunmadığı, eyni zamanda təqdim edilən protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi 14 qeyd edilsə də bağçının üzvlük kitabında 12 olaraq qeyd edildiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə hüquqların mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçı iddia etdiyi Türkan qəsəbəsində yerləşən 14 nömrəli bağ sahəsi ilə bağlı N seriyalı 00120 nömrəli bağçının üzvlük kitabçası və «Xəzər» bağçılıq üzvlərinin ümumi yağıncağının xx.xx.1994-cü il tarixli, 2 nömrəli protokolunu təqdim etmişdir. İlk öncə cavabdehin imtinasının ilkin əsası olan üzvlük kitabçasında bağ nömrəsinin 12, protokoldan çıxarışda 14 olaraq qeyd edilməsi, iddiaçının iddia etdiyi 14 nömrəli bağ sahəsi ilə bağlı sənədlərin mötəbərliyini şübhə altına almır. Belə ki, iddiaçı Türkan qəsəbəsində yerləşən Xəzər bağçılıq yoldaşlığına aid 14 saylı bağ sahəsinə iddia edir. İş materiallarına əlavə edilmiş “Xəzər” Bağçılıq Yoldaşlığının xx.xx.2006-cı il tarixli, YT 1/6-R/K nömrəli arayışında da X9 məhz “Xəzər” bağçılıq yoldaşlığının 14 nömrəli bağ sahəsinin təhkim edildiyi qeyd edilmişdir. Eyni zamanda cavabdehin arxivində olan Xəzər bağçılıq yoldaşlığının xx.xx.1999cu ildə təsdiq etdiyi “Xəzər” bağçılıq yoldaşlığının bağ sahələrinin sxematik planında 14 nömrəli bağ sahəsi Vaqif Məmmədov adı olaraq qeyd edilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi 14 saylı bağ sahəsi olmaqla istinad etdiyi hüquqmüəyyənedici sənəd - Xəzər» bağçılıq üzvlərinin ümumi yağıncağının xx.xx.1994cü il tarixli, 2 nömrəli protokolu çıxış edir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Xəzər” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X5 adı aşkar olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən sözügedən bağçılıq yoldaşlığına aid arxiv qovluğunda olan Xəzər bağçılıq yoldaşlığın üzvlərinin siyahısı təqdim edilmiş və həmin siyahılarda X5 adının olmaması mümkündür. Belə ki, təqdim edilən Xəzər bağçılıq yoldaşlığın siyahıları bağçılığın ilkin siyahıları olub 1985, 1988-ci illərdə təsdiq edilmişdir. İddiaçı X18 isə bağçılığa üzv olaraq xx.xx.1994-cü ildə protokolla daxil edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “Xəzər” bağçılıq yoldaşlığının tərkibindən ayrılmış bağ sahələrinin sxematik planı tərtib edilmiş və “Xəzər” bağçılıq yoldaşlığının sədri d/x mayoru N.R.Namazov tərəfindən xx.xx.1999-cu ildə təsdiq edilmişdir. Sözügedən sxematik planda 29 sayda nömrəli bağ sahəsi göstərilmişdir ki bunlardan biri X9 aid 14 saylı bağ sahəsi olduğu görünür. Bağlar idarəsinin arxiv saxlayıcısı olan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazisi qeyd edilən sxematik planı arxiv üzrə təhvil almış, hazırda da həmin sxem cavabdeh idarənin arxiv qovluğunda saxlanılır. Odur ki, cavabdeh orqan təhvil aldığı 1999-cu il tarixli bağların sxematik xəritəsində 14 nömrəli bağ sahəsinin X9 aid olduğu halda 1985, 1988-ci il siyahılarına əsasən mərhum V.Məmmədovun adının olmadığına istinad etməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, təqdim edilmiş 1999-cu il tarixli sxematik xəritə həm bağçılıq üzvlərinin sonuncu redaksiyada olan siyahısı, həm də bağçılıq yoldaşlığa aid bağların dairəsini, bölgüsünü təsdiq edir. Cavabdehin məhkəmə sorğusuna əsasən təqdim etdiyi sorğuya cavabdan 1999-cu il sxematik xəritədə (həm də adlı siyahı) bağ sahiblərinin adları bağçılıq üzvlərinin ilkin adlı siyahılarında olmasa da sxematik planda göstərilən iddiaçıya məxsus 14 aylı bağ sahəsinin qonşuluğunda yerləşən 2, 13, 15, 21/22, 26/32, 34/25xx-xx/2552, 28/25xx-xx/2546 bağ sahələrinin dövlət reyestrində qeydiyyata alındığı müəyyən olunur. Başqa sözlə, cavabdeh həmin birliyin ilkin siyahısında olmayıb sonuncu 1999-cu il sxematik xəriitədəki adlı siyahıya uyğun bağ sahələrinin qeydiyyatını aparması, qeydiyyat orqanının sonradan tərtib edilmiş sxematik xəritəni həm də üzvlərin adlı siyahısı kimi hüquqmüəyyənedici sənəd qismində qəbul etdiyini göstərir. Eyni zamanda cavabdehin iddiaçının müraciətinə cavabında mərhumun adının birinci siyahıda olmadığına istinad edərək müraciətin təminindən imtina etməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunur. Bundan əlavə iddia olunan bağ sahəsinin sənəd üzrə və faktiki yerləşməsinə gəlincə müəyyən olunur ki, 1999-cu il tarixli sxematik planda 14 nömrəli bağ sahəsinin sağ və sol tərəfdən yol keçdiyi, 20-ci küçə ilə eyni sırada paralel olaraq 2, 3, 4, 6 nömrıli bağların, 21 nömrəli küçə ilə paralel isə 12, 13, 15, 17 nömrəli bağların yerləşdiyi müəyyən olunur. Eyni zamanda iddia olunan 14 nömrəli bağ sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündə iddia olunan 14 nömrəli bağ sahəsinin sxematik plandakı vəziyyətinə uyğun sağ və sol tərəfdən paralel küçələrlə əhatələndiyi və sxematik plandakı vəziyyətə uyğun qeydiyyatdan keçmiş 13, 15, 21/22, eləcə də 2/2519 nömrəli bağ sahələri ilə paralel yerləşdiyi görünür. İdarənin mütəxəsisləri tərəfindən keçirilmiş yerli baxış zamanı da iddiaçının iddia etdiyi 14 nömrəli bağın sxematik planda olduğu kimi 16 saylı bağ sahəsi ilə qonşuluqda yerləşdiyi müəyyən olunur. Başqa sözlə, 14 nömrəli bağ sahəsininnaturada olan yerləşmə vəziyyəti sxmetik planda yerləşmə vəziyyətinə uyğundur. Beləliklə, iddiaçının faktiki istifadəsində olan hazırda bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 1200 kv.m olan 14 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 1200 kv.m olan 14 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3229/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3229/2023
11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver