Məhkəmə qərarları › İş №2-1(112)-3230/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3230/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3230/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) nümayəndəsi X4, üçüncü şəxsin (“X10” Qapalı Səhmdar Cəmiyyətinin) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində “X10” QSC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) «əmrin etibarsız sayılması» barədə iddia tələbi üzrə inzibati iş materiallarına şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı ilə Bakı "xxxx" ASC arasında 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən müvafiq ünvandakı bina və qurğular ASC tərəfindən İddiaçı satılmışdır. Müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqavilədə əmlakların Bakı "xxxx" ASC-yə məxsus olmasını əks etdirən sənəd kimi İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 26 avqust 2004-cü il tarixdə verilmiş texniki pasporta istinad olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hazırkı cavabdeh “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin) 31 yanvar 2014-cü il tarixli 20 nömrəli əmri ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən "xxxx"nın (tikili sahə 1.272,4 kv.m, torpaq sahəsi 47.332,1 kv.m) həmin Mərkəzin sərəncamına qəbul edilmişdir. Bundan sonra sözügedən ərazidəki əmlak kompleksi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 aprel 2014-cü il tarixli müqavilə əsasında X5 icarəyə verilmiş, sonradan 8 may 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında adıçəkilən şəxsin mülkiyyətinə verimişdir. X3 əmlak kompleksi üzərində hüququ 29 may 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 11 iyul 2014-cü il tarixdə Komitə həmin ünvandakı 47.322,1 kv.m torpaq sahəsini əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi ona satmışdır. X7 həmin torpaq sahəsini və tikililəri 29 oktyabr 2014-cü il tarixdə Ramil Alışova, sonuncu isə 26 yanvar 2015-ci il tarixdə "xxxx" MTK-ya (hazırkı “X10” QSC-yə) satmışdır. MTK-nın əmlak kompleksi və torpaq sahəsinə mülkiyyət hüquqları 3 fevral 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MTK iddiaçı kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehlər İddiaçı, DİN Baş Dövlət Yol Polisi İdarəsinə və digərlərinə qarşı onun mülkiyyət hüququna cavabdehlərin qəsd və maneələrinə son qoyulması, İddiaçı əmlakları ilə birlikdə iddiaçıya məxsus tikili və torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin, cərimə meydançasının boşaldılması, nəqliyyat vasitələrinin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin və üzərindəki tikililərin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələblərini irəli sürərək iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin (o cümlədən İddiaçı) ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi adıçəkilən cavabdehə aid hissədə ləğv edilmiş və iş həmin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsinin İddiaçı oğuna aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi qətt edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı oğunun kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra "xxxx" MTK-nın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 dekabr 2020-ci il tarixdə qərara almışdır ki, Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 29, 60-cı maddələrinə və Mülki Prosessual Məcəlləsinin 416, 418.1 – 418.3-cü maddələrinə uyğun olmadığından, qüvvədən düşmüş hesab edilməklə işə bu qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. Konstitusiya Məhkəməsinin Plenumu qərarında qeyd etmişdir ki: - «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda texniki pasport texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir; - mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır, yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (AR Mülki Məcəlləsinin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmələr yuxarıda qeyd olunan maddi hüquq normalarının müddəalarına nəzər yetirmədən Bakı "xxxx" ASC tərəfindən 26 avqust 2004-cü il tarixli texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğuların satılmasına dair İddiaçıla bağlanmış və 11 noyabr 2004-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsaslanmışlar. Həmçinin kassasiya instansiyası məhkəməsi cavabdehin Bakı "xxxx" ASC ilə texniki pasport əsasında bağladığı alğı-satqı müqaviləsini mübahisəli torpağa dair mülkiyyət hüququnu təsdiq edən hal kimi qəbul etmişdir; - Mülki mübahisəyə yenidən baxılması zamanı həqiqətin müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin işə cəlb edilməsi olduqca vacibdir, bu cəlb etmə Bakı "xxxx" ASC ilə texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğulara dair İddiaçı ilə bağlanmış 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanıbbağlanmamasının yoxlanılması, həmin müqavilənin etibarsız hesab edildiyi təqdirdə İddiaçı müvafiq tələb irəli sürmək hüququnun yaranması ilə bağlı məsələlərin həll edilməsinə yönəlmiş olar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qərnaməsi ləğv edilərək, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş apellyasiya baxışına qaytarıldıqdan sonra ƏMK Xidməti və Xidmətin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçı "xxxx" MTK-ya məxsusdur. Lakin cavabdehin həmin torpaq sahəsini zəbt edərək müvafiq tikililər aparmaqla mübahisəli sahədən çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış qanunsuz tikililərin onların hesabına sökülməsini, cavabdehlərin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini və s. tələb etməkdə haqlıdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı oğunun kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31 yanvar 2014-cü il tarixli 20 nömrəli əmrinin etibarsız sayılması tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmə icraatının gedişində məhkəmənin 12 yanvar 2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK (“X10” QSC), 6 mart 2023-cü il tarixli qərardadı əsasında isə, Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı hesab edir ki (iddia ərizəsinə əsasən), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31 yanvar 2014-cü il tarixli 20 nömrəli əmri qanunsuzdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ünvanında yerləşən "xxxx" Bakı Mərmər ASC-nin özəlləşdirilən əmlakının tərkibinə daxil olmamışdır. Onun (iddiaçının) müvafiq əmlaka sahiblik və istifadə hüququ 11 noyabr 2004-cü il tarixli müqavilənin bağlandığı vaxtdan yaranmışdır. Hazırda da əmlak onun istifadəsindədir. Əmlak Məsələləri Dövlət Komitəsi buna maneə törətdiyindən, iddiaçı əmlak üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı işlər aparmamışdır. 11 noyabr 2004-cü il tarixli müqavilə ləğv edilməmişdir, etibarsız sayılmamışdır. 31 yanvar 2014-cü il tarixli 20 nömrəli əmr inzibati icraat haqqında hüquq normalarına, həmçinin maddi hüquq normalarına zidd olduğu üçün etibarsız sayılmalıdır. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 31 yanvar 2014-cü il tarixli əmri qəbul edərkən səlahiyyət dairəsindən kənara çıxmışdır. Çünki, özəlləşdirilən tikilinin tərkib hissəsi olan torpaq sahəsinin ASC-nin balansından çıxarılması yalnız məhkəmənin qərarı ilə mümkün olardı, yaxud müəyyən vaxt mərhələlərdən (icarə, alqı-satqı və s.) keçdikdən sonra Komitənin özü tərərəfindən belə əmr verilə bilərdi. Bundan başqa, iddiaçının razılığı olmadan bu əmr veriılə bilməzdi. Cavabdeh “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi məsələ inzibati hüquq münasibətlərindən deyil, birmənalı olaraq mülki hüquq münasibətlərindən doğan mülkiyyət hüququnun müdafiəsi sferasına aid mübahisələr qrupuna aiddir, iddia inzibati orqan statusuna malik subyektə qarşı verilməmişdir, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur, iddiaçı iddianı iddia müddətinə riayət etmədən qaldırmışdır, iddiaçının özünün də iştirak etdiyi müvafiq (hazırkı işlə əlaqədar) mübahisəyə dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş “X10” QSC (keçmiş "xxxx" MTK) hesab edir ki, iddia mümkün sayılmamalıdır. Çünki, hazırkı mübahisə ilə əlaqədar bir neçə məhkəmə mübahisəsi olmuş və qəbul edilmiş məhkəmə aktlarında hazırkı İddiaçı tələbləri təmin olunmamışdır. Bundan başqa, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qaldırılan məsələ ilə bağlı əvvəllər müvafiq məhkəmə aktları olmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X10” QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Qeyd olunmalıdır ki, İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 713-İİQ nömrəli 29 iyun 2004-cü il tarixli Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə ilk növbədə iş üzrə cavabdehin və üçüncü şəxslərin mövqeləri ilə qismən razılaşaraq vurğulayır ki, hazırda mübahisələndirilən 31 yanvar 2014-cü il tarixli 20 nömrəli əmrin inzibati akt sayılıb-sayılmamasından asılı olmayaraq (əmr inzibati akt sayılmadıqda, əmri qəbul etmiş qurumun faktiki xarakterli hərəkətlərinə qiymət verilir) mübahisə mülki deyil, publik xarakterlidir və iş üzrə cavabdeh “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi publik münasibətlərdə inzibati orqan statusu ilə çıxış edə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi müəyyən edilmişdir. Eləcə də, “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin Nizamnaməsinin 1.1-ci bəndinə görə Mərkəz dövlət əmlakının özəlləşdirilməsi prosesində idarəetməsinə verilmiş dövlətə məxsus hüquqi şəxslərin və obyektlərin idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əmlaklarının qorunub saxlanılması, rəqabət qabiliyyətinin, maliyyə sağlamlığının, dayanıqlığının yaxşılaşdırılması, özəlləşdirilməyə hazırlanması, özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün dövlət müəssisələrinin fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisidir. Nizamnamənin 3.1.22-ci bəndinə görə fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil etmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək X1 və Koordinasiya Mərkəzinin vəzifələrinə aiddir. Həmçinin nəzərə alımalıdır ki, hazırkı iddia İPM-in 2.2.5-ci maddəsində təsbit olunmuş “müəyyənetmə və tanınma haqqında” iddia kimi təqdim olunur və bu qəbildən olan iddialara münasibətdə iddia müddəti tətbiq olunmur. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş bütün şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər, eləcə də inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Bu şərtlərdən biri də iddiaçının müvafiq iddianı qaldırmaq üzrə subyektiv hüququnun olmasıdır. Ona görə də, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, iddiaçının subyektiv hüququnun olması şərti də yerinə yetirilməlidir. Hazırkı işin hallarına görə İddiaçı müvafiq daşınmaz əmlaka (tikililərə və s.) onun hüququnun olmasına onunla Bakı "xxxx" ASC arasında 11 noyabr 2004-üc il tarixdə bağlanmış və notarial qaydada rəsdiqlənmiş alqı-satqı müqaviləsinə istinad etsə də, məhkəmə diqqətə çəkir ki, müqavilə bağlanan anda satıcı qismində çıxış edən Bakı "xxxx" ASC müvafiq əmlak üzərində sərəncam vermək hüququna malik olmamışdır. Belə ki, müqabilədə hüquqmüəyyənedici sənəd kimi 26 avqust 2004-cü il tarixli texniki pasporta istinad olunur, lakin nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericlik normaları (AR Mülki Məcəlləsinin 146-cı maddəsi) daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun yaranmasını birmənalı olaraq həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixi ilə şərtləndirirdi. Alqı-satqı müqaviləsinin bağlandığı 11 noyabr 2004-cü il tarixdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 713-İİQ nömrəli 29 iyun 2004-cü il tarixli Qanunu da qüvvədə olmuşdur. Bununla da belə nəticə yaranır ki, Bakı "xxxx" ASC müvafiq əmlakı hazırkı İddiaçı satarkən ASC-nin həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, qurum əmlak üzərində sərəncam vermək hüququna malik olmamışdır və buna görə də İddiaçı müvafiq daşınmaz əmlaka sibyektiv hüququnun olmasının əsası kimi təqdim etdiyi sözügedən 11 noyabr 2004-cü il tarixli müqavilə mötəbər sübut sayıla bilməz. Çünki, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisənin bu xüsusatı ilə əlaqədar məsələlərə aidiyyəti mülki mübahisə üzrə məhkəmə aktları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə fə qiymət verilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, İddiaçı 31 yanvar 2004-cü il tarixli 20 nömrəli əmri mübahisələndirmək üzrə subyektiv hüququ olmadığından, məhkəmə icraatında hazırkı cavabdeh onun hüquqi varisi qismində çıxış etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı «əmrin etibarsız sayılması» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar