Məhkəmə qərarları › İş №2-1(112)-3232/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3232/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3232/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Ağamməd oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ağamməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Ağamməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1991xx.xx.1992-ci illərdə "xxxx", xx.xx.1992-xx.xx.1998-ci illərdə "xxxx" Kiçik Müəssisələridə işlədiyim müddəti sığorta stağına daxil edib, mənə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun social ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 3 saylı Bakı DOST Mərkəzinə mənə yaşa görə əmək pensiyasının verilməsi ilə bağlı müraciət etmişəm. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 saylı məktuba əsasən mənə pensiya təyin olunmasından imtina edilmişdir. Bu hal belə əsaslandırılıb ki, 1991 -1992-ci illərdə işlədiyim "xxxx", 1992-1998-ci illərdə işlədiyim "xxxx" Kiçik Müəssisələrinin sosial sığorta stajının hesablanması mümkün olmamışdırşbu səbəbdən də sığorta stajım 22 il 3 aydır. Halbuki real olaraq o 29 il işləyib. Qanunsuz olaraq onun 6 il iş stajl hesablanmır.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin eilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1979-ci il tarixində tərtib olunmuş OT № ******* saylı əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinə kimi və xx.xx.2018-ci ildən hüququnuz yaranan tarixədək (xx.xx.2021-ci il) sığorta stajı 22 il 3 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3, Daxili nəzarət və Monitorinq Depaıtamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən onun xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyiniz “Qismət" Kiçik Müəssisəsinin və xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyiniz “Fiday" Kiçik Müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməs: və ödənilməsi qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət,qəza,dağıntı,yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı hesablanır.

4. İddiaçı xx.xx.1973-xx.xx.1978-ci illərdə Azərbaycan Politexnik ali təhsil almışdır.

5. İddiaçının əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1978-xx.xx.1982 – zavodda baş texnoloq; xx.xx.1982-xx.xx.1984 – mühəndis; xx.xx.1984-xx.xx.1985 – elektrik avadanlığının təmiri üzrə usta; xx.xx.1985-xx.xx.1985 – elektrik; xx.xx.1985-xx.xx.1988 – mexanik-energetik; xx.xx.1988-xx.xx.1989 – baş usta; xx.xx.1989-xx.xx.1989 – sex müdiri; xx.xx.1989-xx.xx.1990 – mühəndis; xx.xx.1990-xx.xx.1991 – təchizatçı; xx.xx.1991-xx.xx.1992 – "xxxx" kiçik müəssisəsinin direktoru; xx.xx.1992-xx.xx.1998 – "xxxx" kiçik müəssisəsinin direktoru; xx.xx.2003-xx.xx.2004 – elektrik avadanlıqlarının təmiri üzrə montyor; xx.xx.2018-xx.xx.2020 – elektrik; xx.xx.2020-xx.xx.2021 – mühəndis.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə, İddiaçı təqdim etdiyi xx.xx.1979-ci il tarixidə tərtib olunmuş OT № ******* saylı əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinə kimi və xx.xx.2018-ci ildən hüququ yaranan tarixədək (xx.xx.2021-ci il) sığorta stajı 22 il 3 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi "xxxx" Kiçik Müəssisəsinin və xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi "xxxx" Kiçik Müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.

8. "xxxx" və “Fiday" Kiçik Müəssisələri haqqında məlumatların təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, idarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə kommersiya qurumu aşkar edilmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumatın (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi zəruridir. Həmçinin bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü ildə 7009 nömrə ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1şdir. Həmin müəssisənin ləğv olunması və hüquqivarisliyinin olması barədə isə məlumat aşkar edilməmişdir.

9. "xxxx" kiçik müəssisəsi barədə məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsi (VÖEN: **********) ilk dəfə Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 28 nömrəli sərəncamına əsasən icra hakimiyyətində, sonradan isə 31431 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1996-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 2006-cı ildən tətbiq edilməyə başlamış AVİS məlumat bazasında müəssisənin hər hansı fəaliyyəti barədə məlumat yoxdur, yalnız xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilədək fəaliyyətinin dayandırılması barədə məlumat vardır.

10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. İddiaçı xx.xx.1956-cı ildə anadan olub.

15. Diplomuna və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının sığorta stajı ən azı 25 ildir.

16. Lakin cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı xx.xx.1991-xx.xx.1992 – "xxxx" kiçik müəssisəsinin direktoru; xx.xx.1992-xx.xx.1998 – "xxxx" kiçik müəssisəsinin direktoru işlədiyi dövr sığorta stajına daxil edilməmişdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.

19. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" kiçik müəssisəsi xx.xx.1994-cü ildə 7009 nömrə ilə dövlət qeydiyyatına alınmış, "xxxx" kiçik müəssisəsi (VÖEN: **********) ilk dəfə Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 28 nömrəli sərəncamına əsasən icra hakimiyyətində qeydə alınmışdır.

20. İddiaçının əmək kitabçasında xx.xx.1991-xx.xx.1992 – "xxxx" kiçik müəssisəsinə dair qeydlərin aparıldığı dövrdə həmin müəssisə mövcud olmuş, "xxxx" kiçik müəssisəsinə dair qeydlərin aparıldığı dövr xx.xx.1992-xx.xx.1998-ci illərə aid olmaqla "xxxx" kiçik müəssisəsi xx.xx.1994-cü ildən mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən dövrdə həmin müəssisələrin fəaliyyətdə olub-olmaması barədə hər hansı məlumat aşkar edilməməsi iddiaçı ilə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

21. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

23. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının xx.xx.1991-xx.xx.1992-ci illərdə ("xxxx" kiçik müəssisəsində işlədiyi dövr), eləcə də xx.xx.1994-xx.xx.1998-ci ill’rdə ("xxxx" kiçik müəssisəsinin qeydə alındığı tarixdən etibarən həmin müəssisədə işlədiyi dövr) sığorta stajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

24. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.2018-xx.xx.2021 dövrə dair qeydlər var və həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənməsi cavabdeh tərəfindən mübahisələndirilmir.

25. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ən azı 25 il sığorta stajının və bununla da yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir.

26. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar