Məhkəmə qərarları › İş №2-1(112)-3232/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3232/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3232/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyinin bərpa olunmasından imtina edilməsi haqqında qərarının ləğv olunaraq yenidən əyani müayinə olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 400150305CUZ nömrəli tibbi göndərişi (Forma 088) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı baş beyin zədəsi aldığına görə 15 mart 2005-ci il tarixdə Bakı şəhəri 2 saylı Psixi Xəstəxanaa yerləşdirilmiş və 2005-ci il tarixdə ona “Baş-beyin zədəsi” nəticəsində psixopatabənzər davranış pozuntusu” diaqnozu qoyulmuşdur. 2016-cı ilin yanvar ayında göstərilən diaqnoz əsasında ona İİ qup əlillik dərəcəsi verilmiş və o, pensiyaya çıxmışdır. 2021-ci ilin yanvar ayında əlilliyə görə pensiyanın verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə ona əlilliyin bərpasından imtina olunmuşdur. Təkrarən xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərarda göndərişin natamam doldurulması əsası ilə əlilliyin bərpasından imtina olunmuşdur. Daha sonra ona diaqnoz əlillik təyin etmir əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu dekompensasiyalarla. Üzvi dissosiativ pozuntu diaqnozu müəyyən edilmişdir. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə hesab edirki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Tibbi-Sosial Ekspertiza və X3 Tibbi-Sosial Ekspertiza müayinələrindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin travma nəticəsində psixi pozuntusu” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, eyni diaqnoz əsasında xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixli müayinə məlumatlarından görünür ki, İddiaçı əlillik vəziyyəti Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əsas diaqnoz F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin zədələnməsi və disf.” diaqnozunun əlillik əlaməti təyin etməməsi əsası ilə imtina olunmuşdur. -Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən verilmiş cavaba əsasən, 1987-ciil təvəllüdlü İddiaçı səhhəti cəza çəkdiyi müddət ərzində həkim nəzarətində olmuş, zərurət yarandığı təqdirdə Müalicə müəssisəsinə (MM) köçürülərək tibbi tədbirlər orada davam etdirilmişdir. Azadlıqdan düçar olduğu ruhi xəsətliklə bağlı o, dəfərlərlə MM-da müayinə və müalicədə olmuş, tibbi tədbirlər Səhiyyə Nazirliyindən dəvət olunmuş professorun tövsiyələri əsasında həyata keçirilmişdir. Hər bir halda müalicə tədbirləri müsbət effekt vermiş, məhkumun narahtlığı aradan qalxmışdır. Metal yad cisim udması ilə bağlı xx.xx.2023-cü il tarixdə p, MM-ya köçürülərək müayinələrdən keçirilmiş, mədə-bağırsaq traktının rentgenoloji müayinəsi zamanı bir neçə ədəd kiçik ölçülü metal yad cisim (məftil parçası, qaşıq dəstəyi, dırnaqtutan) aşkarlanmışdır. Yad cisimlərin təbii yolla xaric olunmasının mümkünlüyü nəzərə alınaraq cərrahi müdacilə edilməmiş, həkim nəzarətində saxlanılmışdır. Növbəti həftədə aparılan müayinə zamanı yad cisimlərin təbii yolla xaric olunduğu müəyyən edilmişdir. Həkim müşahidəsində saxlanıldığı müddətdə İddiaçı ərizə ilə müraciət edərək ruhi xəstəliyi ilə bağlı əmək qabiliyyətinin qiymətləndirilməsi məsələsini qaldırmışdır. Bununla bağlı, məhkum təkrarən müayinə və həkim baxışlarından keçirilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi zamanı qaydalara uyğun olaraq ixtisaslaşdırılmış tibb müəssisəsinin həkimpsixiatrlarının komission baxışı tələb olunur. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşsıslnda aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1987-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2023-cü il tarixli, J00150305CUZ nömrəli Forma 88-də göstərilən diaqnoz öz təsdiqini tapırmı?

3. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları müəyyən edilirsə, bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət olunurmu?

4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları müəyyən edilirsə, bu onun məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkküründə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara (2 ildən az olmayaraq) səbəb olurmu və ya təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti yaradırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ tərəfindən verilmiş 3472 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. 2-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı canlı müayinəsi zamanı xx.xx.2023-cü il tarixli, 400150305CUZ nömrəli Forma 88-də göstərilən diaqnoz öz təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 400150305CUZ nömrəli göndəriş (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir. Sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də, iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 400150305CUZ nömrəli göndərişdən görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: F07. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disf. Ağırlaşma: F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, automotulyasiyalarla (tez-tez dekompensasiyalar və özünə xəsrət yetirmələrlə). Göndərişdə həmçinin, həkim müayinəsinin nəticəsi olaraq qeyd olunmuşdur ki, (F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu) xx.xx.2023-cü ildə Respublika Psixiatriya Xəstəxanasının və ƏƏSMN-nin psixiatr-ekspertinin birgə komissiyası xəstəyə baxış keçirmiş, nəticədə “F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu, automotulyasiyalarla (tez-tez dekompensasiyalar və özünə xəsrət yetirmələrlə)” diaqnozu müəyyən edilmişdir. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixli, 400150305CUZ nömrəli tibbi göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3472 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilmiş, müvafiq göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.2-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edərək bildirir ki, həmin bənddə diqqət yetirilməli məqam odur ki, bu diaqnoz fərdin məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə müşayiət edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə-psixiatrik ekspertizası tədqiqatı üzrə müvafiq rəyin motivləşdirici hissəsindən də görünür ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, baş ağrılarından əziyyət çəkməsi, qıcolma tutmalarının qeyd edilməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli “X1”nda “Baş beyin zədəsi nəticəsində psixopatabənzər davranış pozuntuları” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması və s.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Göründüyü kimi iddiaçının hazırkı psixi vəziyyəti və əsas diaqnozun ağırlaşmasının onda olması təkzib edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, automotulyasiyalarla (tez-tez dekompensasiyalar və özünə xəsrət yetirmələrlə)” kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, həmin xəstəlik iddiaçının orqanizminin “üzvi mənşəli şəxsiyyət poztuntusu” xəstəliyinə dair kəskin fazada ağırlaşmasının göstəricisi olmaqla, təfəkküründə nəzərəçarpan dəyişikliklər, azı iki il müddətində müşahidə olunan, müalicəyə davamlı (rezistent) xarakter daşıyan ağır simptomlar kimi özünü büruzə verir və iddiaçının sosial adaptasiya imkanlarını, ətraf mühitə adekvat uyğunlaşmasını və əmək fəaliyyətini həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Eyni zamanda, təkrarlanan davranış pozuntuları və özünə zərər yetirmə riski onun üzərində daimi nəzarət və tibbi-psixiatriya müşahidəsinin zəruriliyini şərtləndirir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Göstərilən xəstəliklər iddiaçının orqanizminin funksiyalarının 65-80 faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə birbaşa əsas ola bilməsə də, hazırkı halda iddiaçıya üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) – üzrə müxtəlif dövrlərdə dəfələrlə əlilliyin təyin olunması, sonradan da həmin diaqnozun və onun ağırlaşmalarının tibbi sənədlərlə və məhkəməpsixiatrik ekspertiza rəyi ilə yenidən təsdiq edilməsi bu xəstəliyin uzunmüddətli, xroniki və davamlı xarakter daşıdığını göstərir. Bu hal, eyni zamanda, xəstəliyin sağalma ilə nəticələnmədiyini, əksinə, illər ərzində davam edən və müalicəyə rezistent xüsusiyyət nümayiş etdirən patoloji proses kimi qaldığını təsdiqləməklə, iddiaçının sağlamlıq vəziyyətinin sabit və davamlı funksional məhdudiyyətlərlə müşayiət olunduğunu sübuta yetirir və onun əlillik meyarları baxımından qiymətləndirilməsini zəruri edir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 400150305CUZ nömrəli tibbi göndərişi (Forma 088) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar