Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3236/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “2815 a” saylı, 1080 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 N-li Qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “2815 a” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsi Əməkdar Jurnalist kimi iddiaçıya (sonradan Azərbaycan Respublikası Milli Məclisinin Deputatı da olmuşdur) İddiaçı ayrılmış və hal-hazırda da həmin bağ torpaq sahəsi onun istifadəsindədir. Həmin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən -“2815 a”- saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 yanvar 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli və 09 avqust 2023-cü il tarixli ərizəsinə baxılmış və 20 fevral 2023-cü il tarixli, 3-21- 3-02/2-C-0006-8/2023 N-li, 03 mart 2023-cü il tarixli,2330206/4825 N-li və 09 avqust 2023cü il tarixli, 3-21-3-30/2-28306/2023-**********26 N-li bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun mülkiyyət hüquqlarını pozur.
3. Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 2815a nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ilkin müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “aparılan araşdırma zamanı təqdim edilən Bakı şəhər X3 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında torpaq sahəsinin ölçüsü və nömrəsinin qeyd edilmədiyi, həmçinin üç bağ sahəsinin (2816a, 2815a, 2815v) ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən bağ sahəsinin sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmadığından, ərizənizin icrası təmin edilməmişdir.”
4. Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 2815a nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının təkrar müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubla qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bundan əlavə, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, faktiki sahə 0,108 ha təşkil edir.”
5. Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 2815a nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının təkrar müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “torpaq sahəsi sənədlə 1200.0 kv.m olsa da, faktiki 1080.0 kv.m təşkil edir. Həmçinin İdarənin arxivində hüquq sahibinin adına X1 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilmədi. Bundan əlavə arxivdə eyni ВТК nəzdində eyni qərar əsasında digər fiziki şəxsin adına torpaq sahəsinə dair order mövcuddur (“2815v” saylı torpaq sahəsi). Bu səbəblərdən bölgü sxeminin tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır.”
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, İdarənin arxivində İddiaçı tərəfindən təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən arxiv çıxarışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən İddiaçı Ləhiş bağ massivində 187 saylı BTK-nın nəzdində torpaq sahəsi ayrılmışdır.
8. Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində 187 nömrəli BTK-nın nəzdində xx.xx.1990-cı il tarixli, 9 №li Order üzrə 2815a nömrəli, 0,12 ha bağ sahəsi İddiaçı ayrılmışdır.
9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2815a saylı bağ sahəsinin sənədləşdirilməsinə dair müraciəti ilə bağlı hazırlanmış daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2815 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə olunur) təsdiq edilmiş surəti göndərilir. –Göstərilə 2815a və 2815v bağ sahələri ayrı-ayrı hasar daxilindədir. –2815a saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki ölçüsü 1080.0 kv.m. 2815v saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki ölçüsü 1006.0 kv.m. -Arxiv qeydinə əsasən 2815a və 2815v saylı bağ sahəsinə aid təqdim edilən orderin arxiv nüsxəsi arxivdə aşkar olunmadı. Həmçinin arxivdə eyri BTK nəzdində eyni qərar əsasında digər şəxsin adına mövcud olan orderə 2815v bağ nömrəsi təkrarlanır. Lakin həmin şəxsin 2657a saylı bağa dair müraciəti olub. -Qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Özəl 2816a s/b daxil olmağla bir hasar daxilindədir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 187 nömrli BTK-nın üzvlərinin siyahısında 9cu sırada İddiaçı adı mövcuddur və 2815a saylı bağ sahəsi ona ayrılmışdır. Məhkəmə araşdırması nəticəsində əldə olunan keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, İddiaçı Ləhiş bağ massivində 187 saylı BTK-nın nəzdində torpaq sahəsi ayrılmışdır.
24. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Ləhiş bağ massivindəki 2815a nömrəli bağ məhz 187 nömrəli BTK-nın nəzdindədir və 187 nömrəli BTK-nın üzvlərinin siyahısında 9-cu sırada İddiaçı adı qeyd olunmuşdur. Torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, torpaq sahəsi iddiaçıdan geri alınmamış, bağ sahəsinin ayrılmasına dair qərar və order qüvvədədir və torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir, torpaq sahəsinin yeri iddiaçı tərəfindən dəqiq göstərilərək cavabdeh qurum tərəfindən koordinatları müəyyən edilmişdir və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.
25. Eyni zamanda, məhkəmə tərəfindən 2815a saylı bağın faktiki sahəsinin 0.108 ha olduğu, iddiaçının tələbi məhz 0.108 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi və torpağın faktiki istifadə vəziyyətinin digər şəxslərin hüquqlarının pozmadığı müəyyənləşdirilmişdir.
26. Orderin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sənədin əslinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən sənədin arxiv nüsxəsinin mövcudluğunun müəyyən olunmaması daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.
27. Yəni iddiaçının orderinin kötüyünün olmaması və ya saxta olması iş materialları ilə müəyyən olunmur. İddiaçıya aid olan orderin kötüyünün və qərarın arxivə təhvil verilməmiş olması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Belə ki, orderin özünə aid olan nüsxəsinin əsli iddiaçıda mövcuddur və o, uzun illərdir torpaq sahəsinə sahiblik edir.
28. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “2815 a” saylı, 1080 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva