Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3237/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X25 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və iddiaçının qanuni nümayəndəsi İmranova (Alışanova) Çiçək Şükür qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2007-ci il təvəllüdlü iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının qanuni nümayəndəsi İmranova (Alışanova) Çiçək Şükür qızı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2007-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının nümayəndəsi İmranova (Alışanova) Çiçək Şükür qızı X10 ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü qızı İddiaçı, oğlu xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-3546/2017 nömrəli qətnaməsi ilə İmranova (Alışanova) Çiçək Şükür qızının X10 ilə olan nikahları pozulmuşdur. Qanuni nümayəndə Komitə tərəfindən Laçın rayonundan məcburi köçkün olmaqla xx.xx.2007-ci il tarixli AA seriyalı 172973 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Eyni zamanda uşağın atası X6 Laçın rayonundan məcburi köçkün olmaqla xx.xx.2000-ci il tarixli AA seriyalı 21521 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Qızına isə məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə müraciət etmişlər. Komitə tərəfindən 2023-cü il xx.xx.2023 tarixli 3-36/2-A- 58xx-xx-2023/5858 nömrəli məktubla cavab verilərək, müraciətin təmin olunmasından imtina edilmişdir. Həmin məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Həmçinin uşağın atası X3 məcburi köçkün olmadığına əsasən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Cavabdeh uşağın atasının məcburi köçkün statusunun olmadığına dair imtina versə də, Komitə tərəfindən onun məcburi köçkün statusunu müəyyən edən xx.xx.2000-ci il tarixli AA 21521 nömrəli vəsiqə verilmişdir. Cavabdeh iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-36/2-A- 58xx-xx/2023/5858 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Qanuni nümayəndə keçmiş həyat yoldaşı məcburi köçkün statusuna malik olmadığından övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı X2 məcburi köçkün düşmə faktını təsdiq edən heç bir sənəd təqdim edə bilməmişdir. X1 rayonu, Xaçınyalı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. Qanuni nümayəndə ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Laçın rayonu işğal olunduğu zaman iddiaçının X2 yetkinlik yaşına, yəni 18 yaşa çatmamışdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.6-cı bəndinə əsasən, rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər üçün tələb olunan sənədlərin siyahısında atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış vardır. X4 atası X5 Rayon İcra Hakimiyyəti tərəfindən “məcburi köçkün” kimi tanınmır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Göründüyü kimi, X11 “məcburi köçkün” stasununa malik deyildir. İddiaçı atasının məcburi köçkün statusu olmadığıdan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. AZ-İ №996414 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X15r. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası xx.xx.1978-ci il təvəllüdlü X8 rayonu, Piçənis ərazi dairəsi, Xaçınyalı kəndi ünvanında qeydiyyatdadır. AZE 14097098 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atası xx.xx.1975-ci il təvəllüdlü X1 rayonu, Piçənis ərazi dairəsi, Xaçınyalı kəndi ünvanında qeydiyyatdadır. Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-in 2028 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı K.Kərimov küçəsi 16/8 saylı mənzildə qeydiyyatsız yaşayır. AA №172973 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X23 1993-ci ildə Laçın rayonundan məcburi köçkündür. Məcburi köçkün vəsiqəsi Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən verilmişdir. AA №21524 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X11 1992-ci ildə Laçın rayonundan qaçqın düşmüşdür. Məcburi köçkün vəsiqəsi Dövlətqaçqınkomun xx.xx.2000-ci il tarixli qərarına əsasən verilmişdir. Hazırda məskunlaşdığı ünvan Nizami rayonudur. Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarında da onun qaçqın statusuna malik olması öz əksini tapmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmamışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələrinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci hissəsinə görə, Komitənin Əsasnamə ilə məyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalardan biri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmədən ibarətdir. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları təsdiq etmişdir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə üçüncü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, X11 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin imtinasının əsas dəlili iddiaçının X2na münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci və 2-ci şərtlərin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, İddiaçı atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyil. Məhkəmə birinci şərtə münasibətdə (valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan) hesab edir ki, hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, həmin maddənin İ-V hissələrində təsbit edilmişdir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə hesab edir ki, valideynlərindən yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun veriləcəyinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş müddəa Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, şəxslərə münasibətdə cinsi əlamətə görə qeyri-bərabər rəftara gətirib çıxarır. İkinci şərtə münasibətdə (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) məhkəmə qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Başqa sözlə, Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçının X2na Dövlətqaçqınkomun xx.xx.2000-ci il tarixli qərarına əsasən AA № 21524 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi Məlumatlarına əsasən onun məcburi köçkün statusuna malik olması barədə məlumat əldə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Odur ki, cavabdehin imtinasının dəlilləri əsassız olduğundan iddia təmin edilməli və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlər üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1099/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-1618/2023 nömrəli qərarlarında da eyni hüquqi mövqedən çıxış etmişdir. (Qərarlar işə əlavə olunur) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin üzərinə xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X26.
Məhkəmə qərarları › İş №2-1(112)-3237/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3237/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver