Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3238/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən düzgün aparılmayan qiymətləndirilməyə əsasən 19.3 kv.m sahənin düzgün qiymətləndirilməsi və ona dəymiş ziyanın ödənilməsinin cavabdeh həvalə edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, 1 saylı evdə iddiaçı və anası X7 qeydiyyatda olmaqla yaşayırlar. Sözügedən ünvan söküntü ərazisinə düşdüyünə və düzgün qiymətləndirilmə aparılmadığına görə iddiaçı və anasının istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, 1 saylı ev 87.5 kv.m olduğu halda Bakı şəhəri Yasamal rayonu 64 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən təqdim olunan arayışa əsasən 68.2 kv.m qeyd edilmişdir və 19.3 kv.m olan sahənin və köməkçi sahə kimi qeyd olunan dəhliz (15 kv.m) sahənin qeyd olunmaması Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən düzgün aparılmayan qiymətləndirilmə nəticəsində əmələ gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmiş, eyni zamanda İPM-in 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya hüquqi yardım məktubu ünvanlanmışdır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 3vanında yerləşən fərdi yaşayış sahəsinə görə vətəndaş X1 ödənilmişdir. Belə ki, istifadəsində olan daşınmaz əmlaka görə vətəndaş X7 Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış sahəsini X4 150300 (yüz əlli min üç yüz) manata satmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünülüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, tələbə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlanmış məktubdan görünür ki, ünvan 3vanında yerləşən fərdi yaşayış evi söküntü ərazisinə düşdüyünə görə evin MKİS-in arayışında əks olunmayan 19.3 kv.m sahəsinə görə dəymiş ziyanın ödənilməsi xahiş edilmişdir. -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanladığı və Yasamal RİH-ə daxil olmuş müraciətinə baxılaraq mübahisəli məsələnin mülki hüquq münasibətlərinin predmeti olduğu bildirilmiş, həlli ilə bağlı müvafiq məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə edilmişdir. -64 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X6 Ə.Xanbabayev küçəsindəki 1 nömrəli evin 68.2 kv.metr sahəsi olan 2 nömrəli mənzilində yaşayır. Bina sənədsizdir. Sahibi (kirayəşin) X2r. Ailə tərkibi 2 nəfərdən – özü və İddiaçı ibarətdir. -Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, birinci tərəf – X6 uzun müddətdir istifadəsində olan, xx.xx.2023-cü il tarixdə №167 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 5 ünvanında yerləşən 68.2 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəf –X3 xeyrinə imtina etmişdir. Yaşayış sahəsi olan xx.xx.2023-cü il tarixdə 167 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayış əsasında birinci tərəfin istifadəsindədir. Birinci tərəf ikinci tərəfdən 150300 (yüz əlli min üç yüz) manat məbləğində kompensasiyanı notariusun depozit heaabı vasitəsilə almaqla fərdi yaşayış sahəsini ikinci tərəfin xeyrinə imtina edir. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Plenum Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın məzmunundan və iş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi ünvanında yerləşən istifadəsində olmuş mənzilin qiymətləndirilməmiş və ona dəyəri ödənilməmiş 19.3 kv.metr sahəsinə görə cavabdehdən kompensasiya tələb etsə də, həmin sahənin mövcud olması, mövcud olsa belə həmin sahənin ona məxsus olmasına dair hər hansı tutarlı dəlil təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı halda iddiaçının indiki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. İddiaçıya izah olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarının 8.3-cü bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3238/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3238/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver