Məhkəmə qərarları › İş №2-1(112)-324/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-324/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-324/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X10 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən ona dəymiş maddi zərərə görə 977 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarına hər birinə 5.000 manat, ümumillikdə 20.000 (iyirmi) manat, 8 gün üçün 958,94 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətini göstərməklə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ona dəymiş maddi zərərə görə 977 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarına hər birinə 5.000 manat, ümumillikdə 20.000 manat, 8 gün üçün 958,94 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini göstərməklə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ona dəymiş maddi zərərə görə 977 manat, 38,40 manat pulun, 8 gün üçün 958,94 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarına hər birinə 5.000 manat, ümumillikdə 20.000 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, üç azyaşlı uşağı ilə birlikdə yay ayında tətil vaxtı Türkiyənin İstanbul şəhərində istirahət etmək qərarına gəlmişdir. O, «X19» vasitəsi ilə 12 may 2019-cu il tarixdə Bakı-İstanbul, İstanbul-Bakı, 1 adam üçün (gediş-gəliş) 244,25 manat olmaqla dörd bilet üçün 977 manat pul ödəyərək biletləri almışdır. xx.xx.2019-cu il tarixdə X13 Aeroportuna gəlmişlər, uşaqların atası tərəfindən razılıq ərizəsini, özünə və uşaqlara məxsus xarici pasportları Azərbaycan Ruspublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarət məntəqəsinə təqdim etmiş, qısa müddət keçdikdən sonra Dövlət Sərhəd Xidməti Sərhad Nəzarət məntəqəsində ona bildirmişlər ki, sistem işləmir və ona görə də notariat kontoru tərəfindən uşaqların anası ilə getməsinə razılıq ərizəsinin həqiqliyini yoxlaya bilməmişlər. Ona görə də uşaqlar Azərbaycan Respublikası hüdudlarını tərk edə bilməz. Bu zaman onun azyaşlı uşaqları ağlamağa başlamış və o, məcbur olub uşaqları geri evə aparmışdır. Üç azyaşlı uşaqlar çox böyük stress almış və onlara sakitləşdirici dərmanlar verməklə onları sakitləşdirmişdir. Onlar evə qayıtdıqdan sonra, səhəri günü, həm Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Onun üç azyaşlı uşaqları ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə, ordan da Şilə şəhərində yerləşən «X20» İstirahət Mərkəzində 20 günlük tur biletləri var idi. Bundan başqa, uşaqların təkidi ilə məcbur olub avtobusla xx.xx.2019-cu il tarixdə, saat 11:00-da Bakı şəhərindən çıxmış, xx.xx.2019-cu il tarixdə gecə saat 01:30 radələrində Türkiyənin Şilə şəhərində yerləşən «X20» adlanan qəsəbəyə gəlmişlər və istirahətlərini səhəri günündən orada davam etdirməyə başlamışlar. Göründüyü kimi, onlar xx.xx.2019-ci il tarixdə Türkiyənın Şilə şəhərində yerləşən «X20» adlanan qəsəbəsinə gəlmək əvəzinə, cavabdehin günahı ucbatından xx.xx.2019-cu il tarixdə gecə 01:30-da gəlmişlər. Cavabdehin təqsirindən 8 gun həmin yerdə qalmadıqları, lakin pulu ödədiklərinə görə onlara maddi zərər kimi qiymətləndirilməlidir. Belə ki, hər bir gün qalmaq üçün 403,4 TL və ya 119,85 manat təşkil edir. 8 gün üçün isə 3227,7 TL və ya 958,94 manat təşkil edir. Onlara 8 gün üçün 958,94 manat zərər dəymişdir. Göründüyü kimi, cavabdehin günahı ucbatından, o, 3 azyaşlı uşaqları ilə birlikdə həm maddi, həm də mənəvi zərər çəkmişdir. Bundan başqa, məhkəməyə sənədlərin hazırlanması üçün notariat kontoru tərəfindən təsdiq olunması üçün 20,40 manat xərc çəkilmişdir, eləcə də yük daşınmaya görə 38,40 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Saxta razılıq ərizələri ilə yetkinlik yaşına çatmayan vətəndaşların ölkədən çıxarılmalarının qarşısının alınması məqsədilə razılıq ərizələrinin həqiqiliyi Ədliyyə Nazirliyinin “Elektron notariat” sistemində yoxlanılır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən bir neçə dəfə iddiaçının övladlarına atası tərəfindən verilən razılıq ərizəsinin həqiqiliyinin və “xitam” verilib-verilmədiyinin yoxlamaq cəhdləri sistemdə baş vermiş nasazlıq səbəbindən mümkün olmamışdır. Göründüyü kimi, iddiaçıya maddi və mənəvi ziyanın dəyməsində Dövlət Sərhəd Xidmətinin təqsiri yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X6 iddianı əsassız hesab edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 05/H-106-13 saylı məktubdan görünür ki, ərizəçinin övladları ilə birgə ölkədən çıxışına dair notariat qaydasında təsdiqlənmiş razılıq ərizəsinin “Elektron notariat” informasiya sistemində aşkar edilməməsi əsası ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təyyarəyə gecikdirilməsi barədə şikayəti araşdırılmışdır. Bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemi vasitəsilə sənədlərin üzərində yerləşdirilmiş QR kod ilə onların həqiqiliyinin yoxlanılması imkanından (yoxlanılması qaydası sənədin üzərindəki qeyddə göstərilir) istifadə edilməmişdir. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçidə müvafiq razılıq ərizəsinin əsli olmuş və onun həqiqiliyinin yoxlanılması imkanı mövcud olmuş, razılığı verən şəxsin həmin vaxt ərizəçinin yanında olmasına baxmayaraq, hava limanında yerləşən “Elektron ədliyyə köşkü”ndən istifadə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli K/1146/33/H-146x saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Saxta razılıq ərizələri ilə yetkinlik yaşına çatmayan vətəndaşların ölkədən çıxarılmalarının qarşısının alınması məqsədilə razılıq ərizələrinin həqiqiliyi Ədliyyə Nazirliyinin “Elektron notariat” sistemində yoxlanılır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən bir neçə dəfə ərizəçinin övladlarına atası tərəfindən verilən razılıq ərizəsinin həqiqiliyini və “xitam” verilib-verilmədiyini yoxlamaq cəhdləri sistemdə baş vermiş nasazlıq səbəbindən mümkün olmamışdır. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 01 noyabr 2019-cu il tarixli 2987 nömrəli məktubdan görünür ki, 2 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisində 24 may 1977-ci il təvəllüdlü X8 tərəfindən X4, X5, X7, X3 anası İddiaçı müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından kənara çıxmasına dair razılıq ərizəsi vermişdir. Ərizənin nüsxəsi notariat arxivində saxlanılmır. Ərizənin bir nüsxəsi olur, vətəndaşa verilir. X8 2 saylı Bakı «ASAN xidmət» mərkəzində X4, X5, X7, X3 anası İddiaçı istənilən xarici ölkəyə getməsinə 03 iyul 2019-cu il tarixli reyestr nömrəsi 8İ/28685 olan ərizə verilmişdir. Həmin ərizə qüvvədədir, ləğv edilməmişdir. Ərizə haqqında məlumat reyestr jurnalında və «Elektron Notariat» X1 qeyd edilir. İş materiallarında olan sərhəd giriş-çıxış məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı İstanbul istiqamətində apardığı uşaqların atadan verilmiş razılıq ərizəsi bazadan çıxmadığı üçün uçuşdan imtina etdiyi üçün dövlət sərhəddindən buraxılmamışdır, İddiaçı xx.xx.2019-cu ildə İstanbul istiqamətində çıxmış və xx.xx.2019-cu ildə Bakıya qayıtmışdır. İş materiallalrına əlavə edilmiş elektron çıxarışdan görünür ki, İddiaçı, Hüseynova Hüsniyya, Hüseynova Jamila və Hüseynova Nuriyyanın adlarına Bakı-İstanbul və İstanbul- Bakı reysi üçün biletlərə xx.xx.2019-cu il tarixdə 977,08 manat ödənilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli qaimə fakturadan görünür ki, iddiaçı yük daşınmasına görə 38,40 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, X8 tərəfindən 2 saylı Bakı «ASAN xidmət» mərkəzində X4, X5, X7, X3 anası İddiaçı istənilən xarici ölkəyə getməsinə 03 iyul 2019-cu il tarixli reyestr nömrəsi 8İ/28685 olan razılıq ərizəsi verilmişdir. Həmin ərizə qüvvədədir, ləğv edilməmişdir. Ərizə haqqında məlumat reyestr jurnalında və «Elektron Notariat» X1 qeyd edilmişdir. İddiaçı 3 azyaşlı uşağı ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün dövlət sərhəddini keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən buraxılmamış, səbəb kimi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən bir neçə dəfə ərizəçinin övladlarına atası tərəfindən verilən razılıq ərizəsinin həqiqiliyini və “xitam” verilib-verilmədiyini yoxlamaq cəhdlərinin sistemdə baş vermiş nasazlıq səbəbindən mümkün olmaması bildirilmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemi vasitəsilə sənədlərin üzərində yerləşdirilmiş QR kod ilə onların həqiqiliyinin yoxlanılması imkanından (yoxlanılması qaydası sənədin üzərindəki qeyddə göstərilir) istifadə edilməmişdir. Cavabdeh sistemdə baş vermiş nasazlığı səbəb kimi qeyd etsə də, bunun aradan qaldırılması üçün hər hansı hərəkət etməmişdir (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət və s.). Halbuki iddiaçı nəzarət məntəqəsindən uzun müddət saxlanılmış və qeyd olunan nasazlığın araşdırılaraq aradan qaldırılması imkanı olmuşdur. Bundan başqa, cavabdeh sistemdə baş vermiş nasazlığı səbəb kimi qeyd etsə də, iş materiallarında olan sərhəd giriş-çıxış məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı İstanbul istiqamətində apardığı uşaqların atadan verilmiş razılıq ərizəsi bazadan çıxmadığı üçün uçuşdan imtina etdiyi üçün dövlət sərhəddindən buraxılmadığı qeyd olunur. İddiaçı özü və uşaqları üçün biletlərə 977,08 manat və yük daşınmasına görə 38,40 manat pul ödəmişdir. Lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində səfər baş tutmamışdır. Qeyd edilənlərə əsasən cavabdehin hərəkətləri nəticəsində iddiaçıya biletlərə görə ödədiyi 977 manat və yük daşınmasına görə ödədiyi 38,40 manat, cəmi 1015,40 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi ziyana görə 1015,40 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı maddi ziyana görə 8 gün üçün 958,94 manat, məhkəmə xərclərinə görə 20,40 manat, eləcə də mənəvi zərərin vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.2-ci maddəsinə əsasən vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 1015,40 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən tutularaq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar