Məhkəmə qərarları › İş №2-1(112)-3240/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3240/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3240/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçının nümayəndəsi X5, cavabdeh Bakı şəhəri Bakı şəhəri Cavabdeh nümayəndəsi X8, üçüncü şəxs X7 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Suraxanı rayon Cavabdehnə (üçüncü şəxs X10 cəlb olunmaqla) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Suraxanı rayon Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında, 39 T 413860.5800; 4472476.6598 coğrafi koordinatlarda yerləşən 03-ha dan ibarət bir hissəsinin məqsədi təyinatı nəzərə alınmadan qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədləri üçün ayrılması barədə Suraxanı rayon Cavabdeh 13 yanvar 2004-cü il tarixli, 280 nömrəli qərarın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında, 39 T 413860.5800; 4472476.6598 coğrafi koordinatlarda yerləşən 0,3 ha-dan ibarət bir hissəsi Suraxanı rayon Cavabdeh 13 yanvar 2004-cü il tarixli, 280 nömrəli qərarı ilə X1 və bunun əsasında onun mülkiyyət hüququ qeydə alınaraq JN-10544H, KOD 00600066 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sonra xx.xx.2019-cu il tarixli, 4Ə-1399 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında həmin torpaq sahəsi X6 bağışlanmış, bunun əsasında sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınaraq ona xx.xx.2019-cu il tarixli, **********54 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Daha sonra isə xx.xx.2022-ci il tarixli, 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi X2 və onun mülkiyyət hüquqları qeydiyyata alınaraq ona xx.xx.2022-ci il tarixli, **********54 reyestr və ********** saylı çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Həmçinin Suraxanı rayon Cavabdeh 13 yanvar 2004-cü il tarixli, 280 nömrəli qərarı ilə göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Belə ki, ləğv olunmuş neft-qaz quyularından yaşayış binalarına və fərdi yaşayış evlərinə qədər 75 metr, ictimai binalara qədər 125 metr, sənaye və kənd təsərrüfatı obyektlərinə isə 25 metr minimum məsafələr mühafizə zonaları kimi təyin olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda sözügedən torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. İddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia müdafiə edərək ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının qərarın mübahisələndirilməsi üçün iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanındakı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış əldə etdiyini, həmin torpaq sahəsi üzərində artıq ev də inşa etdiyini bildirdi. Qeyd olunan evi inşa edərkən iddiaçı tərəfindən hər hansı xəbərdarlığın, iradın edilmədiyini qeyd edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin hallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, Binəqədi rayonu Cavabdeh 280 saylı, 13 yanvar 2004-cü il tarixli qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsi üçüncü şəxs X7 mülkiyyətindədir. Hazırda iddiaçı Bakı şəhər Suraxanı rayon Cavabdeh 13 yanvar 2004-cü il tarixli, 280 saylı qərarının etibarsız hesab edilməsi tələbini 19 ildən artıq vaxt keçdikdən sonra, 2023-cü ildə məhkəmə qarşısında irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın etibarsız hesab edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı sərəncamın verildiyi qeyd olunan müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Mübahisələndirilən məsələ hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aid olduğundan məsələyə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 297.1-ci maddəsində göstərilmişdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göründüyü kimi, hazirkı inzibati qanunvericilikdə olduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi də bu cür mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi. Nəzər salınan qanunvercilik normaları iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “təqdim edildiyi gündən” və «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, həmin sərəncamla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uzun müddət mövcud olan qərara qarşı zamanında iddia qaldırılmaması həmin hüququn itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarmışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar