Məhkəmə qərarları › İş №2-1(112)-3241/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3241/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3241/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən onun ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə uçota alınmağı barədə və güzəştli mənzil növbəsinə götürüldükdən sonra dövlət tərəfindən mənzil və ya torpaq sahəsi təmin edilənədək Nazirlər Kabinetinin “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarına əsasən kirayə pulu ilə təmin edilməyi və indiyədək ödənilməyən pul vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnik 1991-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində fasiləsiz xidmət etdikdən sonra səhhətində yaranmış problemlərlə əlaqədar (xəstəliyə görə) Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılan gündən bu günədək 20 ildən artıq qusursuz xidmət etməyinə baxmayaraq (təqvimi 27 il, güzəştli 31 il 9 ay) dövlət vəsaiti hesabına mənzil və ya torpaq sahəsi ilə təmin edilməmiş, eləcə də kirayə pulu da almamışdır. Müvafiq qaydada zabit kimi ev növbəsinə qeydiyyata alınmağı üçün Dövlət Sərhəd Xidmətinə, Xətai Rayon İcra Hakimiyyətinə və sairə dövlət qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq ona cavab olaraq hər dəfə əsassız olaraq qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən hətta güzəştli mənzil növbəsinə alınmağının da imkan xaricində olması bildirilmişdir. Sonuncu dəfə müraciətinə cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən aldığı son - 13 oktyabr 2021-ci il tarixli, Q- 102-068 nömrəli cavab məktubla ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi arayışa əsasən onun ünvan 1 ünvanında 2 otaqlı yaşayış sahəsinin (sahəsi 47.4 kv.m) 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 övladı) qeydiyyatda olmaqla məcbur qalaraq aldığı ipotekada olan mənzil adına olduğuna görə onun güzəştli mənzil növbəsinə alınmağının onların imkanı xaricində olmaları bildirilmişdir. Dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbulunda olmaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 1, 2, 3 və 5ci bəndlərinin tələblərinin icra olunması üçün nə qədər müraciət etsə də müraciətləri nəticəsiz qalmışdır. Bununla da icra hakimiyyəti orqanı - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti qanunvericilikdə nəzərdə tutulan tələbləri icra etməkdən əsassız olaraq imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi müvafiq arayışa əsasən iddiaçının ünvan 2 ünvanında 2 otaqlı, yaşayış sahəsi 47,4 kv.metr olan ipotekada mənzili vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul ediməsi xahiş edilir. İddiaçı 30.03.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20 ildən çox xidmət etmiş ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə qeydiyyata alınmağı və mənzillə təmin olunana qədər mənzil kirayə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, 6 saylı mənzil ümumi sahəsinin ölçüsü 82.4 kv.m olmaqla İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 28.02.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş EZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 21.07.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) polkovnik rütbəsindən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 26.01.2022-ci il tarixli, 143 nömrəli məktubu ilə göndərilmiş İddiaçı şəxsi işinə aid sənədlərdən görünür ki, polkovnik İddiaçı 05.09.2018-ci il tarixə olan xidmət illəri: təqvim: 27 il, 01 ay, 04 gün, güzəştli 04 il, 08 ay, 13 gün, cəmi 31 il, 09 ay, 17 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.01.2022-ci il tarixli, **********49 nömrəli məktubunda bidlirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101, М2, 6 nömrəli mənzilin İddiaçı adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti təqdim olunur. Sözügedən mənzil hazırda İddiaçı adına qeydiyyata alınmışdır və həmin əmlak üzərində məhdud əşya hüquqlarının (servitut, istifadə) dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat kontorunda 17/29 nömrəli, 06.02.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı adlanacaq Sərhədçi 2015 MTK ünvan 4 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.6.3-cü maddəsinə əsasən kredit üzrə illik 4 % dərəcəsinə əsasən fazi hesablanır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 17.12.2019-cu il tarixli, Q-197-068 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə ehtiyatda olan zabit kimi güzəştli əsaslarla mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, siz 28.02.2017-ci il tarixdən Bakı şəhəri, Sadıqcan küçəsində yerləşən 101 saylı evin yaşayış sahəsi 41,4 kv.m olan 2 otaqlı 101 saylı mənzili ipoteka yolu ilə almısınız və hal-hazırda göstərilən mənzildə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşayırsınız. O ki, qaldı müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsinə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 saylı Qərarının 1-ci hissəsinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) və xüsusi təyinatlı təhsil müssisələrinin ailəvi kursantlarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən məbləğlərdə kompensasiya ödənilir. Yuxarıda qeyd edilənləri və “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsini nəzərə alaraq siz əlavə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyinizə görə xahişinizi tərəfimizdən təmin etmək mümkün deyildir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 13.10.2021-ci il tarixli, Q-102-068 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə ehtiyatda olan zabit kimi 4 nəfər ailə tərkibində (özü, h/yoldaşı, 2 övladı) yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sizə təqdim etdiyi müvafiq arayışa əsasən sizin ünvan 2 ünvanında 2 otaqlı yaşayış sahəsi 47.4 kv.m olan ipotekada mənziliniz vardır. Odur ki, qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən sizin xahişinizi yerinə yetirmək imkanımız xaricindədir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 27 ildən çox (təqvim ili üzrə) xidmət etmiş Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hərbi qulluqçudur. İddiaçı ehtiyatda olan zabit kimi 4 nəfər ailə tərkibində (özü, h/yoldaşı, 2 övladı) yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyinə əsaslanaraq müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı onun hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək ona hər ay kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin sonuncu dəfə verdiyi 13.10.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 20.10.2021-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuş, beləlikə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Qeyd edilən normaların tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu azı 15 təqvim ili xidmət etməli; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya hərbi qulluqçunun yaşayış sahəsi olmamalıdır. İş materialları ilə iddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi sübut olunur. Belə ki, iddiaçının hərbi bileti, Səfərbərlik və Hərbi Xidmnətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçı 21.07.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 27 ildən çox (təqvim ili ilə) həqiqi hərbi xidmətdə olmuşdur. Deməli, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. Lakin iddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmaması iş üzrə müəyyən edilmir. Belə ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, 6 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28.02.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı yuxarıda qeyd edilən Qanunun tələbinə uyğun olaraq yaşayış sahəsi olmayan ehtiyatda olan hərbi qulluqçu hesab edilə bilməz. Mənzil Məcəlləsinin: -49.4-cü maddəsinə görə yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -49.5-ci maddəsinə görə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ın tələbləri götürüldükdə yenə də həmin tələblər ödənilmir. Belə ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edildiyi kimi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Bu normaları əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri arvadı və iki övladıdır. İddiaçının hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, 6 nömrəli mənzil istər ümumi sahəsinin ölçüsü 82.4 kv.m, istərsə də mənzilin texniki pasportuna əsasən yaşayış otaqları olan iki otağın ölçüsü 47.4 kv.m (17.4 kv.m+30 kv.m) Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbi baxımdan nəzərə aldıqda 4 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş normadan - 32 kv.m-dən (4x8 kv.m) artıqdır. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırda mülkiyyətində olan mənzilin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Nəhayətində qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə. Sadalanan normadan görünür ki, əgər şəxsə yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verilibsə, o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir və buna görə də uçotdan çıxarılır. İş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, mənzil 6 illik 4 % dərəcəsi ilə, yəni güzəştli ipoteka krediti ilə iddiaçıya verilmişdir. Belə olan halda Mənzil Məcəlləsinin adıçəkilən 55.1.4-cü maddəsinin tələbinə görə iddiaçı güzəştli ipoteka krediti ilə mənzil əldə etmiş olduğundan yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilməz. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: -53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; -53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; -53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia tələbinin ikinci hissəsi - kirayə haqqının ödənilməsi tələbinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda hazırkı iş üzrə iddia tələbinin birinci hissəsi-mənzil növbəsinə götürülmə tələbi təmin olunmadığından, iddia tələbinin ondan asılı olan ikinci hissəsi-mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi tələbi də təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar