Məhkəmə qərarları › İş №2-1(112)-3242/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3242/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3242/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.660 manat ona çatası kompensasiyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin yol tikintisi altına düşmüş 355.36 kv.m hissəsinə görə 10.660 (on min altı yüz altmış) manat kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 25/99-da öz ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Torpaq Mülkiyyəti Hüququna dair “Dövlət Aktı JN-11xx xxx 30800086” Abşeron Rayonu Saray Qəsəbəsində yerləşən 972.67 kv.m torpaq sahəsi ona məxsusdur. Ona məxsus torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşərək torpağı ondan alınmış və ona bildirilmişdir ki, 972.67 kv.m torpaq sahəsindən guya ki, 617.31 kv.m hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə 18519.90 manat kompensasiya “xxxx” ASC-nin Gənclik filialından ona ödənilmişdir, 355.36 kv.m torpaq sahəsinə görə bu günə qədər ona kompensasiya ödənilməmişdir. Bu səbəbdən də şikayətçi olduğu cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Aqentliyindən pulunu ödənilməyən hissəsinin ödənilməsini xahiş etmişdir. Lakin ona cavab verilmişdir ki, kompensasiya ödənilmiyən torpaq sahəsi üzrə həmin hissə torpaq sahəsinin vətəndaşın istifadəsinə yararsız olduğu üçün ərizəsinin icrası mümkün olmamışdır. Bu səbəbdən də dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinə 355.36 kv.m torpaq sahənin kompensasiyasının ödənilməsini şikayətlə müraciət etmişdir. Ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının” müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən ona məxsus (Dövlət Aktı JN-1163 saylı) 972.67 kv.m torpaq sahəsindən 617.31 kv.m hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə 18519.90 manat kompensasiya “xxxx” ASC-nin Gənclik filialından ona ödənilmişdir. Bununla bağlı o, Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Oradan rəsmi qaydada bildirilmişdir ki, ona məxsus 972.67 kv.m torpaq sahəsinin bütün hissəsi yol tikintisi altına düşmüşdür. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin bu haqsız hərəkətinə görə ona maddi ziyan dəymişdir. Bu səbəbdən də cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyi qəsdən onun torpağını mənimsədiyinə kompensasiya olaraq 10.660 manatı tam şəkildə ödəməlidir. Bu səbəbdən də o, cavabdehdən 10.660 manat pulunu dəfələrlə tələb etmişdir. İlk vaxtlar cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyi 10.660 manat kompensasiya pulunu qısa müddətə ona qaytarmağı öhdəsinə götürsə də hələ də ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 972.67 kv.m ilkin olaraq torpaq sahəsinin 617.31 kv.m hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 18.519 manat 90 qəpik dəyərində müəyyən edilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 18.519 manat 90 qəpik məbləğində kompensasiya “xxxx” ASC-nin “Gənclik Filialına” İddiaçı adına köçürülmüşdür. Daha sonra iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 355.35 kv.m hissəsi də yolun tikinti altına düşmüş və həmin qalan hissəsinə görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qalan 355.35 kv.m hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi yolun tikinti altına düşmüşdür. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülikyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Torpaq sahəsinin qalan hissəsi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladıqları məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-11xx xxx 30800086 saylı dövlət aktının surətindən görünür ki, Abşeron rayonu Saray ŞTQ sakini İddiaçı Abşeron rayonu X2 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.13 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) tərtib edilmişdir. Dövlət aktı qeydiyyat kitabında xx.xx.1998-ci il tarixdə 1879 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli V-3/16-1849 saylı məktubda qeyd edilir: Sizin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı»nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Bılgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən Sizə məxsus (Dövlət Aktı № JN-1163) 972.67 kv.m torpaq sahəsindən 617.31 kv.m hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana gorə 18519,90 manat (on səkkiz min beş yuz on doqquz manat 90 qəpik) kompensasiya «xxxx» ASC-nin X3 ödənilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 3/09-7580 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı aid olan 972,7 kv.m torpaq sahəsindən (Torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-1163) 617,33 kv.m hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Bılgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar vətəndaşa dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 18519,90 (on səkkiz min beş yüz on doqquz manat 90 qəpik) manat kompensasiya hesablanmış və xxxx ASC-nin Gənclik Filialından ödənilmişdir. Layihədəki dəyişikliklə əlaqədar vətəndaş İddiaçı qalan 355,37 kv.m torpaq sahəsi də yolun tikintisi altına düşür. Hal-hazırda “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində işlər dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli DX-03/xx-xx- 1185 saylı məktubda qeyd edilir: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinə qarşı mülkiyyətində olan “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə yolun tikintisi altına düşməsi nəticəsində dəymiş ziyanın ödənilməsinə dair inzibati iş üzrə tikinti sahəsinə düşən torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə sənədlərin məhkəməyə göndərilməsi barədə Maliyyə Nazirliyinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 2-1(112)- 3242/2020 nömrəli məktubunuza Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Sorğunuzun cavablandırılması məqsədilə Xidmətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə etdiyi müraciətə cavab olaraq Agentlik tərəfindən verilmiş məlumata əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşən 972.7 kv.metrin 617.33 kv.metrinə görə əlavələrlə birlikdə 18519.90 manat məbləğində kompensasiya ödənilmiş, qalan 355.37 kv.metr torpaq sahəsi üçün isə vəsait ödənilməmişdir. Bildiririk ki, sorğuda qeyd etdiyiniz tikinti altına düşən torpaq sahələri, habelə kompensasiyanın hesablanması ilə bağlı sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində JN-1163 (kod 30800086) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətinizə verilmiş 972,67 kv.m torpaq sahəsinin yeni tikilən yolun təhkim zolağına düşməsinin dəqiqləşdirilməsini və yola düşməsini təsdiqləyən sənədin surətinin verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) ilə bağlanmış müqaviləyə əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən daşınmaz əmlak obyektlərinə (sizə məxsus torpaq sahəsi də tikinti altına düşmüşdür) dair kadastr planından çıxarışlar hazırlanaraq 2013-cü ildə aidiyyəti üzrə təqdim olunmuşdur. Təsdiq olunmuş sənədin surətinin verilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Göründüyü kimi iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na bilavasitə daxil edilməsə də, fəaliyyəti ilə əlaqədar mövcud normativ hüquq aktlarına əsasən inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən, habelə balansında olan yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə əlaqədar mühafizə zonasına düşən mövcud tikililərin sökülməsi zamanı əmlakın qiymətləndirilməsində sifarişçi qismində iştirak etməklə hesablanmış kompensasiyanın öz adından mülkiyyətçilərin hesabına köçürməsi ilə bağlı qəbul etdiyi qərarlar hüquqi nəticələr yaratdığından, hazırki iş üzrə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində göstərilməsi həmin Qərarın “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” adlanan V fəslinə tam uyğun hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz; 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir; 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; 74-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-11xx xxx 30800086 saylı dövlət aktına əsasən iddiaçıya Abşeron rayonu X2 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.13 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) tərtib edilmişdir, dövlət aktı qeydiyyat kitabında xx.xx.1998-ci il tarixdə 1879 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın müvafiq olaraq "Bılgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Həmin layihə çərçivəsində iddiaçının 972.7 kv.m torpaq sahəsi yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsinin 617.33 kv.m görə əlavələrlə birlikdə 18519.90 manat məbləğində kompensasiya iddiaçıya ödənilmiş, qalan 355.37 kv.m torpaq sahəsi üçün isə vəsait ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə müraciətin edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə görə kompensasiya məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Hazırda iddiaçı ödənilməyən kompensasiya məbləğinin cavabdeh tərəfindən ona dərhal ödənilməsini tələb edir. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, dövlət ehtiyacları üçün torpaqların alınmasına yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Lakin həmin layihə çərçivəsində kompensasiya məbləği bu günədək iddiaçıya ödənilməmişdir. İş materiallarından görünür ki, iddiaçıya 617.33 kv.m üçün hər kv.m üçün 25 manat və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla, 18519,90 manat kompensasiya məbləği ödənilmişdir (617.33 kv.m x 25 manat = 15433,25 manat + 3086,65 manat (20%) = 18519,90 manat). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ödənilməyən 355.36 kv.m üçün 10660 manat kompensasiya kompensasiya məbləği ödənilməlidir (355.36 kv.m x 25 manat = 8884 manat + 1776 manat (20%) = 10660 manat). Torpaq sahəsi yolun tikintisi altına düşsə də, kompensasiya məbləği tam ödənilmədiyi üçün iddiaçının ödənilməyən kompensasiyanın ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tikintisi altına düşmüş 355.36 kv.m hissəsinə görə 10660 (on min altı yüz altmış) manat kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərrviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar