Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3242/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı müraciətə cavab verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində olan Təhsil İnstitutu üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsil İnstitutu tərəfindən onun xx xxxx 2020-ci il tarixli müraciətinə ətraflı cavab verməsini təmin edən qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hər il dünyanın müxtəlif ölkələrində İMO kimi məşhur və nüffuzlu X1 keçirilir. 2020-ci ildə İMO Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi. Bu olimpiadalarda iştirakçılara həll etmək üçün adətən 6 məsələ təqdim olunur, hər bir məsələnin həllinə 90 dəqiqə vaxt verilir. Haqqında yazdığı 6 məsələ bütün dünyadan İMO təşkilat komitəsinə daxil olmuş çoxlu məsələlərdən seçilir. Yer kürəsinin hər bir vətəndaşı bu İMO üçün öz məsələlərini göndərə bilər. Bu məqsədlə Təhsil institutunun səlahiyyətli işçisinə müraciət edərək İMO üçün tərtib etdiyi məsələnin ingilis dilinə tərcümə etməyinin zəruri olduğunu soruşmuş, və «Bəli» (yanlış cavab imiş) cavabını almışdır. Təhsil Nazirliyinin və Təhsil İnstitutunun onun haqqında onun özündən də çox məlumatları var, o cümlədən çox gözəl bilirmişlər ki, o bir xarici dil olaraq yalnız rus dilinini bilir, ingilis dilini bilmir. Məcburiyyət qaşısında qalıb, xx xxxx 2020-ci il tarixində birbaşa İMO2020 təşkilat komitəsinə müraciət etmişdir. Müraciətində ingilis dilini bilmədiyi üçün tərtib etdiyi məsələni rus dilində və İMO-ya birbaşa göndərə bilər sualını qaldırmışdır. Ertəsi gün xx xxxx 2020-ci il tarixində müraciətinə cavab almışdır ki, onun müraciətini cavab üçün İMO2020-nin səlahiyyətli şəxsinə göndəriblər. Bir gün sonra, yəni xx xxxx 2020-ci il tarixində səlahiyyətli şəxs İlya Boqdanov ona cavab vermişdir. O öz cavabında ona bildirnişdir ki, İMO-nun 6 (altı) rəsmi dili var və bunlardan biri də rus dillidir. Həmçinin də tərtib etdiyi məsələni o, vətəndaşı olduğu ölkənin nümayəndəsi vasitəçiliyi ilə İMO-ya göndərməlidir. Amma qeyd etmişdir ki, o, öz məsələni vətəndaşı olmadığı digər ölkələrdən hər hansı birinin vasitəçiliyi ilə də İMO-ya təqdim edə bilər. Uzun müddət götür-qoy etmiş, tərtib etdiyi məsələni Rusiyanın səlahiyyətli şəxsinin (X2) vasitəçiliyi ilə İMO-ya təqdim etmək qərarına gəlmişdir və xx xxxx 2020-ci il tarixində məsələni rus dilində Ağamalıyevə göndərmişdir. Həmin gün, xx xxxx 2020-ci il tarixində Ağamalıyevdən cavab almışdır ki, Azərbaycanın səlahiyyətli şəxsinə müraciət etsin. O əlavə etmişdir ki, Fuad (yəni Fuad Qarayev) çox ağıllı adamdır — «Фуад очень разумный человек». Həmin gün, xx xxxx 2020-ci il tarixində məsələni İMO2020-yə göndərmək xahişi ilə Fuad Qarayevə müraciət etmişdir. Bu gün, yəni 167 gündən sonra, xx xxxxxx 2020-ci il tarixinə qədər hələ bu Təhsil İnstitutundan ona heç bir cavab ala bilməmişdir. Bu ona və onun qiymətli yaradıcılığına dövlət səviyyəsində hörmətsizlikdir. İMO2020 sentyabr ayında qurtarmışdır. İMO2020-yə göndərdiyi məsələ haqqında qısa məlumat: Bu məsələdə riyaziyyat aləmində bundan qabaq məlum olmayan, böyük tətbiqi əhəmiyyətə malik və ümumdünya məşhur riyazi problemlərdən birinin həllinə gətirən qiymətli teoresi öz əksini tapır. X4 bilsin ki, özü sərbəst qərar qəbul edə bilməyib. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, onlar tərəfindən iddiaçının hüquqlarının və ya qanuni mənafeylərinin pozulmasına yol verilməmişdir. Belə ki, iddiaçının elektron qaydada müraciət etdiyi elektron ünvan onların rəsmi elektron ünvanı (Elektron ünvan 1) deyildir və bu səbəbdən onlara rəsmi qaydada müraciət daxil olmamışdır. Bundan əlavə Fuad Qarayev onların institunun hal-hazırda əməkdaşı deyildir. Qeyd olunanları nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı elektron poçt ünvanı vasitəsi ilə fuad.qarayev@edu.gov.az elektron poçt ünvanına xx xxxx 2020-ci il tarixdə məktub ünvanlamışdır. Hazırda iddiaçı qeyd olunan elektron məktubuna cavabdeh tərəfindən müvafiq cavabın verilməməsini məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə araşdırılması zamanı iddiaçının istinad etdiyi və cavab almadığını bildirdiyi xx xxxx 2020-ci il tarixli müraciətinin cavabdeh tərəfindən qəbul edilməsi öz təsdiqini tapmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ilkin araşdırma zamanı İddiaçı elektron qaydada müraciət etdiyi ünvan cavabdeh orqanın rəsmi elektron ünvanı deyildir və bu səbəbdən də iddiaçının cavabdehə rəsmi qaydada müraciət etdiyi müəyyən olunmur. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının və ya qanuni mənafeylərinin pozulmasına yol verilməmişdir. Ona görə də hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3242/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3242/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver